• çərşənbə, 24 Aprel, 02:32
  • Baku Bakı 14°C

İnfrastruktur qurulub, gecə səfərə çıxmaq olar, amma...

27.07.19 10:30 18919
İnfrastruktur qurulub, gecə səfərə çıxmaq olar, amma...
Hər il milyonlarla yol qəzası olur ki, onların da bir çoxu gecə saatlarında baş verir. Gecə vaxtı olan hadisələrin əsas səbəbi isə sürücülərin yorulmuş, yuxulu vəziyyətdə sükan arxasında oturmalarıdır. Bu problem bütün dünyanı narahat edir. Ona görə də, bu istiqamətdə olan problemləri həll etmək üçün müxtəlif çıxış yolları təklif edilir. Məsələn, beynəlxalq təcrübəyə nəzər salsaq, sürücülərin və digər vətəndaşların təhlükəsizliyini təmin etmək üçün elektron bilərziklərdən istifadənin təklif olunduğunu görərik. Belə ki, bir müddət əvvəl Latviyanın "Creative Mode” şirkəti "STEER” bilərziyi layihəsini həyata keçirmək qərarına gəlib. Kiçikölçülü qurğu, sürücülərin yorulma zamanı yuxulamalarının qarşısını alaraq özlərinin və ətrafdakı insanların həyatını avtomobil qəzası təhlükəsindən qorumağa imkan verəcək. Trend ola biləcək bilərzik real vaxt rejimində sürücünün ürək döyüntüsünü və dərisinin elektrik keçiricilik qabiliyyətini monitorinq edən 15 ötürücü ilə təchiz edilib. Qurğu sürücünün yorğunluğunun onun həyatı üçün təhlükəli səviyyəyə çatmasını müəyyənləşdirən zaman, bilərzik onun əlinə az miqdarda elektrik enerjisi ötürəcək. Bu, insanı yuxudan ayıltmağa və özünə gəlməsinə kömək edəcək. Cərəyan zərbəsindən sonra orqanizmdə serotonin, noradrenalin və kortizol səviyyəsi yüksəlir, yuxu hormonu melatonin isə əksinə, azalır. "STEER” qurğusu sürücünün orqanizminin vəziyyətini daim izləyərək, onu təhlükədən qoruyacaq. Akkumulyatoru bir dəfə enerji ilə doldurmaqla bilərzikdən 2 həftə istifadə etmək mümkündür.
Bu kimi qurğuların isə qeyd edilən mövzuda nə qədər effektiv olacağını tam istifadəyə verildikdən sonra demək olar. Ölkəmizdə isə gecə saatlarında baş verən qəzaların qarşısını almaq üçün gecə reysləri ləğv edilmişdi. Lakin gecə reyslərinin bərpa olunması təklif olunur. Belə ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobusların paytaxtdan regionlara gecə reyslərinin bərpa olunması ilə bağlı hökumətə təkliflər planı təqdim edib. Bu barədə DANX-ın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib. O bildirib ki, sərnişin daşınmasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar 2010-cu il mayın 6-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Belə ki, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub: "Lakin ötən 9 ildə yol infrastrukturunda ciddi irəliləyiş əldə edilib. Təhlükəsizlik baxımından daşıyıcıların qarşısına qoyulan avtobus parkının yenilənməsinə dair tələblər icra olunur, şəhərlərarası istiqamətdə fəaliyyət göstərən avtobusların vəziyyəti yaxşılaşdırılıb. Buna görə də, avtobusların regionlara gecə reysləri bərpa oluna bilər”.
Reyslər bərpa olunur, bəs, təhlükəsizlik məsələsi necə, təmin ediləcək, bu istiqamətdə hansı işləri görmək olar ki, bərpadan sonra peşmançılıq yaşanmasın?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd etdi ki, nəqliyyat sahəsində təhlükəsizliyin bərpası bir çox səbəblərdən zəruridir: "Bir neçə il əvvəl gecə reysləri rəsmi qaydada ləğv edildi. Əvəzində bəzi işbazların - qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olanların sayı artdı və bunun nəticəsi də göz qabağındadır. Bu yaxınlarda baş verən, 8 nəfərin öldüyü qəza buna nümunə ola bilər. Bunun kimi bir çox qəzalar məhz sürücünün gecə yatmadan, yuxulu yola çıxmasından baş verib. Yəni bu kimi sürücülər şəxsi nəqliyyatları ilə fəaliyyət göstərirlər. Bəzi insanlar da təhlükəsizliklərini düşünmədən belə sürücülərə güvənib onunla birlikdə yola çıxırlar. Gecə qanunsuz şəkildə reysə çıxan sürücülər məsuliyyətsizlik edirlər. İnanın ki, mümkün olsa, gündə 4 dəfə reysə çıxarlar. Ona görə, bu sahədə müəyyən mənada nəzarətə, ciddi dəyişikliyə ehtiyac var. Gecə reysləri mütləq şəkildə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin nəzarəti altında avtovağzaldan avtovağzala hərəkət etməklə bərpa edilə bilər. Amma burada xüsusi olaraq dispetçer xidməti yaradılmalıdır. Məhz həmin dispetçerlər peşəkar sürücülərlə qrup yaradıb məsuliyyətli şəkildə iş görmədilər. Gecə reysinə ən peşəkar sürücülər çıxmalıdır. Həmin sürücülər də tək yox, növbətçi sürücü ilə birlikdə fəaliyyət göstərməlidir. Yəni bir avtobusda iki sürücü olmalıdır. Biri yorulanda, özünü halsız hiss edəndə digəri onu əvəzləməlidir. Qeyd etdiyim metod beynəlxalq təcrübədə də istifadə olunur. Bu baxımdan qanunsuz fəaliyyətlə məşğul olan, insanları ölümə aparan sürücülərin xidmətinin üstündən xətt çəkib, onları lazımı səviyyədə cəzalandırmaq lazımdır”.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovbildirdi ki, gecə saatlarında baş verən qəzalar gecə reyslərinin dayandırılmasına səbəb olmuşdu. Yəni həmin qərar qəbul edilənə qədər kifayət qədər ağır qəzalar olmuşdu: "İstər-istəməz, təhlükəsizlik məsələsi gündəmə gəldi və nəticə etibarilə gecə reysləri ləğv edildi. Bəzi hallarda yol infrastrukturu da qəzalara səbəb olurdu. Digər tərəfdən hər yerdə müşahidə kameraları yox idi. Bu sadaladıqlarımın hamısı gecə reyslərinin ləğvinə təsir edən amillərdir. İndi isə vəziyyət dəyişib. Artıq bir müddətdir ki, gecə reyslərinin bərpası ilə bağlı danışıqlar gedir. Bilirəm ki, burada vətəndaşlarımızın da müəyyən qədər rolu var. Belə ki, gecə reyslərinin bərpası ilə əlaqədar çoxsaylı müraciətlər olub. Yol infrastrukturunun yaxşılaşdırılması, magistral yollarda müşahidə kameralarının quraşdırılması və s. bu kimi məsələlər gecə reyslərinin bərpasına zəmin yaradır”.
Günel
banner

Oxşar Xəbərlər