• cümə, 29 Mart, 03:05
  • Baku Bakı 7°C

İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

01.08.22 20:00 655
İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

Bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası (ixtisas şifri: 050615) üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb. Yeni proqram Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən, Türkiyə, Almaniya, İsveçrə, Amerika kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb.

Bu barədə Kaspi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqramın hazırlanması zamanı həm dövlət, həm də özəl sektorda əmək bazarının cari tələbləri, o cümlədən ABŞ-ın Milli Standartlar və Texnologiyalar İnstitutunun hazırladığı “NICE Framework”, Beynəlxalq Hesablama Maşınları Assosiasiyası və “IEEE” Kompüter Cəmiyyətinin birgə hazırladığı “Kibertəhlükəsizlik üzrə kurikulum tövsiyələri” kimi beynəlxalq mənbələr araşdırılıb və nəzərə alınıb.

Yeni təhsil proqramı dörd modul – informasiya sistemlərinin preventiv mühafizəsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi, informasiya təhlükəsizliyi həllərinin planlaşdırılması və tətbiqi modulları üzrə peşə kompetensiyalarını əhatə edir. Proqramın məzunları gələcəkdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə əmək bazarının ən son tələbatına uyğun peşələr üzrə çalışa biləcəklər. Proqram informasiya təhlükəsizliyi ilə yanaşı, kibertəhlükəsizlik sahəsində də kadr hazırlığı üçün müvafiq fənlərin tədrisini nəzərdə tutur.

Texnoloji yeniliklər nəzərə alınmaqla, proqrama bulud təhlükəsizliyi, elektronika və IoT cihazların təhlükəsizliyi, sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi və digər yeni ixtisas fənləri daxil edilib. Tədris olunan fənlər və peşə kompetensiyaları arasında əlaqələrin göstərilməsi, tələbələrin ixtisasları barədə geniş təsəvvürünün yaradılması üçün ixtisasa giriş məqsədi daşıyan informasiya təhlükəsizliyinin əsasları fənninin tədrisi birinci kursun ilk semestrində nəzərdə tutulur. Mühəndis etikası, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri fənləri də proqramda xüsusi yer alır. Qeyd olunanlarla yanaşı, ölkəmizdə proqram təminatı kodlarının təhlükəsizliyinin təmin edilməsi sahəsində yaranmış kadr ehtiyacının ödənilməsi məqsədilə təhlükəsiz proqramlaşdırma, nüfuzetmə sınaqlarının əsasları, verilənlər bazalarının təhlükəsizliyi və s. bu kimi zəruri ixtisas fənlərinin də proqram çərçivəsində tədrisi nəzərdə tutulub.

Yeni proqramda əmək bazarı subyektləri ilə əlaqələrin yaxşılaşdırılması, proqramın əmək bazarının mövcud tələbləri ilə uzlaşdırılması, tələbələrin müvafiq peşə ixtisasına aid aktual məsələlərə dair məlumatlılığının təcrübə əsasında artırılması məqsədi üçün ustad dərsləri də planlaşdırılır. Ustad dərslərinə həm yerli və həm də xarici əmək bazarından yüksəkixtisaslı mütəxəssislər cəlb olunacaq.

Proqramda bir çox yeniliklərin olduğu nəzərə alınaraq, ali təhsil müəssisələri və əmək bazarı subyektləri arasında koordinasiya işinin təşkil edilməsi, həmçinin mütəmadi olaraq beynəlxalq təcrübəyə əsaslanan metodiki dəstəyin verilməsi üçün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ilə birgə fəaliyyət perspektivləri nəzərdə tutulub.

Bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə yeni təsdiq olunan təhsil proqramı 2022-2023-cü tədris ilindən etibarən tətbiq ediləcək.

banner

Oxşar Xəbərlər