• cümə, 29 Mart, 19:00
  • Baku Bakı 14°C

İndiyədək “Qərbi Çıraq” platformasından 170 milyon barreldən çox neft çıxarılıb

29.01.20 13:00 2167
İndiyədək “Qərbi Çıraq” platformasından 170 milyon barreldən çox neft çıxarılıb
Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı "Qərbi Çıraq” platformasında hasilata başlanmasından 6 il ötür. 2019-cu ildə "Qərbi Çıraq”dan hasilat gündəlik orta hesabla 54 min barrel olub. İl ərzində platformadan 20 milyon barrel, yəni 2,7 milyon ton neft çıxarılıb.
AZƏRTACxəbər verir ki, "Qərbi Çıraq”dan ilk hasilatdan indiyədək isə 170,7 milyon barrel və ya 23 milyon ton neft hasil olunub.
"Qərbi Çıraq” platforması Xəzər dənizində "Çıraq” və "Dərinsulu Günəşli” platformaları arasında suyun dərinliyinin 170 metr olan ərazidə yerləşən dəniz hasilat, qazma və yaşayış platformasıdır. Platformanın dayaq blokunun hündürlüyü 185 metr, çəkisi 17 500 tondur. Üst modullarnın çəkisi 18 min 500 ton, yaşayış yeri isə 200 nəfərlikdir.
Platformanın neft hasil etmə gücü gündəlik 183 min barreldir. "Qərbi Çıraq” obyektlərinə 48 quyu gövdəsinə malik bir ədəd hasilat, qazma, yaşayış platforması, 14 düymlük qaz kəməri və 30 düymlük neft kəməri daxildir.
Xatırladaq ki, 2010-cu ilin martında layihəyə sanksiya verilib. Həmin il iyunun 21-də 20 qazma kəsiyi və 4 istiqamətləndirici payası olan 218 tonluq öncə qazma tavası tam təhlükəsiz şəkildə dənizin dibində quraşdırılıb. 2012-ci il oktyabrın 20-də "Qərbi Çıraq” platforması üçün dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə "STB-1” daşıma barjasına yüklənib. 2013-cü il mayın 3-də dayaq bloku dənizdə, sentyabrın 16-da isə platformasının üst modulları dayaq blokunun üzərində quraşdırılıb. 2014-cü il yanvarın sonlarında "Qərbi Çıraq”dan hasilat başlanıb.
Qeyd edək ki, bu vaxtadək AÇG yataqlar blokundan neft hasilatı 500 milyon tonu ötüb. Azərbaycanın "Azəri-Çıraq-Günəşli”nin işlənməsindən əldə etdiyi birbaşa gəlir 140 milyard dollardan çoxdur. Cari ildə AÇG-dən hasilatın 186,7 milyon barrel olacağı gözlənilir.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, "AzAÇG” (SOCAR) - 25 faiz, "Chevron”- 9,57 faiz, "Inpex” - 9,31 faiz, "Equinor” - 7,27 faiz, "ExxonMobil” - 6,79 faiz, "TPAO” - 5,73 faiz, "Itochu” - 3,65 faiz və "ONGC Videsh Limited” (OVL) - 2,31 faiz. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
banner

Oxşar Xəbərlər