“İndiki dövrün şagirdi kitab arxasınca qonşu kəndə getməyəcək”
"Səsli dərslik” layihəsinin rəhbəri Nofəl Şirinov:
Məqsədimiz kitabxananı görmə imkanları məhdud olan uşaqlarımızın yanına
aparmaqdır
Çətin
şəraitdə təhsil alıb. Top-tüfəngin, müharibənin ortasında təhsili çıxış yolu
kimi görüb və bərk-bərk ondan yapışıb. Bəzən ayaqqabısız, bəzən köhnə çanta ilə
məktəbə gedib, amma oxuyub. Dərslik tapmaqda çətinlik çəkib. Bir dərslik üçün
digər kəndə gedib, başqa şagirdin dərsi bitirməsini gözləyib, alıb və oxuyub.
Məhz çəkdiyi bu əziyyətlərə görə, təhsilin başqaları üçün daha əlçatan olmasına
çalışmaq üçün səsli dərslik layihəsini yaradıb.
Müsahibimiz
"Səsli dərslik” layihəsinin rəhbəri Nofəl Şirinovdur.
Həmsöhbətimiz
Kəlbəcər rayonu, Ağcakənd kəndində doğulub. Müharibədən sonra ailəsi ilə
birlikdə Azərbaycanın bir sıra rayonlarında yaşayıblar. Məhz bu səbəbdən 7
fərqli ümumtəhsil məktəbində oxuyub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin
filologiya fakültəsində bakalavr pilləsində təhsil alıb. Daha sonra təhsilini
Türkiyədə magistratura istiqamətində davam etdirib. Hazırda Milli Elmlər
Akademiyasında doktorantura pilləsində təhsilini davam etdirir və Kəlbəcər
rayon 19 saylı məktəbdə təlim-tərbiyə işi üzrə direktor müavini kimi fəaliyyət
göstərir.
- Nofəl bəy, "Səsli dərslik” nədir və necə ərsəyə
gəldi?
-
"Səsli dərslik” Təhsil Nazirliyinin həyata keçirdiyi qrant müsabiqəsi
çərçivəsində ötən il hazırlanıb. İlkin mərhələdə 6-cı sinif ədəbiyyat
dərsliyini əhatə edirdi. İdeya görmə imkanları məhdud olan uşaqlar üçün
dərsliklərin əlçatanlığını təmin etmək və onların tələbatının ödənilməsinə
hədəflənmişdi. Bununla yanaşı, ədəbi dil normalarının öyrənilməsi məsələsi də
bu dərsliyin yaranma ideyalarında var idi. Çalışırıq ki, görmə imkanları məhdud
olan uşaqlarla yanaşı, digər şagirdlərimiz də ədəbi dil normalarını mənimsəyə
bilsinlər. 6-cı sinif ədəbiyyat dərsini ötən tədris ilində hazırladıq. Bu ideya
ilə yanaşı, Təhsil Nazirliyi qarşısında təkliflə çıxış etmişdik ki, bütün
humanitar fənlərə tətbiq edilsin. Nazirlik bizə dəstək verdi və digər
dərsliklərə də tətbiq olundu. Bu siyahıda ədəbiyyatla yanaşı, Azərbaycan
tarixi, ingilis dili dərslikləri də var. Səsli dərslikləri daha da
genişləndirmək məqsədi ilə biz əlavə qrant cəlb edərək, ötən tədris ilində
5-7-ci sinif dərsliklərini də səsləndirdik. Bu il isə Təhsil Nazirliyinin
üçüncü qrant müsabiqəsi çərçivəsində dərsliklərin mobil versiyasını təqdim
etdik. Hazırda orta ümumtəhsil məktəblərində bir neçə gündür ki, pedaqoji
işçilərimiz və şagirdlərimiz mobil dərsliklərdən istifadə edə bilirlər.
- İdeya necə yarandı? Başınıza gələn hansı hadisə
belə bir ideyanın ərsəyə gəlməsinə səbəb oldu?
-
Ağsu rayonunun ucqar bir kəndində 10-cu sinifdə təhsil alırdım. Bizim sinifdə
cəmi bir ədəbiyyat kitabı var idi. Ədəbiyyata həddən artıq böyük marağım var
idi. Eyni zamanda, filologiya üzrə təhsil almağa da çalışdığım üçün bu fənni
çox sevirdim. Kitabı olan şagird qonşu kənddə yaşadığından, mən də məcbur idim
ki, o şagird dərsini hazırladıqdan sonra gedib kitabı gətirim və mən də dərsimi
hazırlayım. Təbii ki, indi orta məktəblərimizdə kitab problemi yoxdur. Hər
şagird üçün kifayət qədər kitab var və tədris resurslarından istifadə edə
bilirlər. Amma ən azından, belə bir problem yaranarsa, şagirdlər səsli
dərsliklərlə məsələni çox rahatlıqla həll edə bilərlər. Yəni, artıq indiki
dövrün şagirdi qonşu kəndə kitab dalınca getməyəcək. Həmin dərslik olmasa,
evində rahat oturub telefonuna, kompyuterinə dərslikləri yükləyərək mənimsəyə
bilər. Mənim belə bir imkanım yox idi.
- 7 məktəb dəyişmək yəqin ki, sizə asan olmayıb.
Məhz müharibənin fəsadını yaşamış şagird kimi, təhsili daha əlçatan etmək üçün
çalışırsınız.
-
Mən çətin şəraitdə, Qarabağ müharibəsində güllənin, topun səsi altında təhsil
almağın nə olduğunu yaşamışam. 5-ci sinifdən 11-ə qədər təzə ayaqqabım, çantam
olmayıb. Kostyumum yox idi. Dərslik tapmaqda çətinlik çəkirdik. Şagird
olduğumuz bu dövrdə təhsil bizim üçün qurtuluş idi. Biz daha yaxşı təhsil alıb,
çətin şəraitdən, çadır şəhərciyindən, yataqxana künclərindən qurtula bilərdik.
Təhsilimiz bizim üçün yeni qapılar açdı. İndi də istəmirik ki, kənarda kimsə
qalsın. Həqiqətən də təhsil qurtuluşdur. Kimin bacarığı çatırsa, Azərbaycan
şagirdlərinin təhsili istiqamətində öz əlini daşın altına qoymalıdır. Bəzi
həmkarlarımız var ki, ucqar kəndlərdə kitab paylayır, bəziləri Avropada,
Amerikada təhsil alıb ölkəyə töhfə verirlər. Bəziləri rahat şəraitini qoyub
ucqar kəndlərdə işləyirlər. Özümüzlə bərabər, digərlərini də inkişaf etdirə
bilmək üçün təhsil vacibdir. Təhsilin güclü olması dövlətin, ölkənin güclü
olmasıdır. Hər bir fərd güclü təhsil ala, bacardığı sahənin mütəxəssisi ola
bilsə, bu da ölkənin inkişafında mühüm rol oynayar.
- Bəzi insanlar kitabın qoxusunu hiss edərək
oxumağı üstün tuturlar. Sizcə, səsli dərslik onlara təsir edərmi?
-
Ümumiyyətlə, kitab məsələsi bir az çətindir. Hər bir insan buna müxtəlif
səpkidə yanaşır. Layihənin təqdimatından sonra müxtəlif yazıçılarımız, təhsil
ekspertlərimiz onun həm müsbət, həm də mənfi tərəflərinin olacağını qeyd
ediblər. Yeni innovasiyalar gəlir və dünya inkişaf edir. Təsadüfi deyil ki,
Mirzə Ələkbər Sabir hələ ötən əsrin əvvəllərində deyirdi ki, "əcnəbilər ərşə
çıxır, amma biz hələ avtomobil minməyiriz”. Əgər biz yeni innovasiyaların
əksinə gedib kitablarda dayanmalı olsaq, uğur əldə etmərik. Bunu da qəbul
etməliyik ki, bir zamanlar kitabları da yandırırdılar. Ona görə də yenilik
varsa, bunu qəbul edən tərəflər və qəbul etməyən tərəflər də olacaq. Səsli
dərsliyin müsbət tərəfi birinci növbədə görmə imkanları məhdud olan uşaqlar
üçün nəzərdə tutulmasıdır. İkincisi isə, digər şagirdlərimizin nitq
qabiliyyətinin inkişafına müsbət təsir edir. Ədəbiyyat müəllimi nə qədər
şagirdlərə gözəl şeir desə, gözəl hekayə, nağıl oxusa da, mənə elə gəlir ki,
bir bədii qiraət ustası kimi oxuya bilməyəcək. Sözlərin düzgün tələffüz
edilməsi, nidanın, bədii sualın yerində qoyulması bədii qiraət ustalarının
işidir. Biz bu dərsliklərin hazırlanmasında üç istiqamət üzrə mütəxəssisləri
birləşdirdik. İT mütəxəssislərini, bədii qiraət ustalarını və pedaqoqları. Bu
üç fərqli istiqamət üzrə çalışan insanlar bir araya gələrək şagirdlər üçün bir
dərslik hazırladı. Ortada üç beynin məhsulu varsa, demək ki, daha uğurlu və
yararlı layihə əldə edə bilərik. Səsli dərslik də məhz bu üç istiqamətdə
çalışan insanların ərsəyə gətirdiyi bir dərslik forması olduğu üçün, hesab
edirəm ki, şagirdlərin nitq qabiliyyətinin inkişafında, onların zehni
təfəkkürünün stimullaşmasında, natiqlik bacarığının inkişafında çox mühüm bir
rol oynayacaq.
- Dərsliklərdən başqa, gələcəkdə əsərləri,
romanları səsləndirmək planda varmı?
-
Mütaliə vərdişləri kifayət qədər azdır. Nə qədər təbliğ etsək də, görünən tərəf
odur ki, mütaliəyə maraq azalıb və getdikcə də azalmaqdadır. Mən pedaqoq
olmaqla yanaşı, eyni zamanda bir yazaram. Baxıram, kifayət qədər yaxşı tanınan
yazıçılarımızın əsərləri belə az tirajla çap olunur. Demək ki, bu, oxucu
azlığından qaynaqlanır. Kapitalizm baxımından baxsaq, əgər tələbat varsa, mən
məhsulu kifayət qədər çox istehsal edib bazara çıxaracağam. Səsli dərslik
əslində sonrakı mərhələdə səsli kitabların da geniş şəkildə hazırlanmasına əsas
verə bilər və hesab edirəm ki, artıq dəyişən dünyada biz romanlarımızı səsli
variantda bazara çıxarsaq, daha yaxşı sata bilərik. Ümumiyyətlə, kitab da
informasiya daşıyıcısıdır. Bunu səsləmi, kağızlamı yayırıq - fərq etməz. Əsas,
informasiyanı necə ötürmək məsələsidir. Səsli dərslik artıq bu günün tələbidir.
Biz də gələcəkdə bunun üzərində çalışacağıq. Biz səsli dərslik ətrafında artıq
bir komanda formalaşdırmışıq. Burda İT işçiləri, pedaqoqlar və bədii qiraət
ustaları, eyni zamanda, Bakı Dövlət Universitetinin kitabxanaçılıq və
informasiya fakültəsi ilə əməkdaşlıq edirik. Onlarla da məsləhətləşib ali
məktəblərin dərsliklərinin səsli variantını hazırlamaq fikrindəyik. Bu gün
görmə imkanları məhdud olan uşaqlarımızın orta məktəbdə təhsil almasında
kifayət qədər çətinliklər var. Düzdür, Bakıda və regionlarda internat tipli
məktəblərimiz var. Amma nəzərə alsaq ki bölgələrimizdə, kəndlərimizə bu
qəbildən olan şagirdlər və məktəb yaşlı uşaqlar var, səsli dərsliklər onlara
kömək olacaq. Bu şəxslər eyni zamanda təkcə orta məktəblə kifayətlənməməli və
ali təhsil də almalıdırlar. Təkcə məktəb səviyyəsində deyil, ali məktəb
dərsliklərinin hazırlanması üçün çalışırıq. Yaxın gələcəkdə orta və ali
məktəblər üçün səsli dərsliklər edəcəyik. Bunları hansısa kitabxanaya verməyəcəyik,
açıq resurs kimi təqdim edəcəyik. Məqsədimiz kitabxananı həmin uşaqların yanına
aparmaqdır. Onlar görmürsə, biz onların gözü olmalıyıq.
Aygün
ƏZİZ