• şənbə, 20 Aprel, 13:09
  • Baku Bakı 23°C

İndi istirahət elə, payızda ödə...

14.05.19 09:30 541
İndi istirahət elə, payızda ödə...
Bu günlərdə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib ki, Azərbaycanda turizm şirkətləri tərəfindən kreditlə turpaketlərin verilməsinin genişləndirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, 2015-ci ildə baş verən devalvasiyadan sonra banklar tərəfindən müştərilərə inamsızlıq yarandığı üçün turizm səfərləri üçün kreditlərin verilməsi halları olduqca azalıb. Bu işin genişləndirilməsi üçün işlərin aparıldığını deyən N.Bağırov bildirib ki, yaxın vaxtlarda Azərbaycan Turizm Assosiasiyasına üzv olan turizm şirkətlərinin müştəriləri ilkin ödəniş olmadan, kreditlə turpaketlər ala biləcəklər. Vətəndaşlar kreditlə aldıqları turpaketin qiymətini şirkətin bank hesabına maksimum 1 il müddətinə aybaay ödəyəcəklər.
N.Bağırov əlavə edib ki, təklif edilən kreditin faiz dərəcəsi çox əlverişli olacaq və kreditlə turpaketlərin verilməsi ilkin mərhələdə AzTA-ya üzv olan 20 şirkətə şamil ediləcək, bu say daha sonra artırılacaq. O qeyd edib ki, müştərilər məbləğ məhdudiyyəti olmadan, istənilən istiqamət üzrə kreditlə verilən turpaketdən yararlana biləcəklər.
Bəs görəsən kreditlə verilən turpaketlər turizmə olan marağı daha da artıra bilərmi? Ümumiyyətlə, bu mexanizm necə qurulacaq?
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) nümayəndəsi Müzəffər Ağakərimovbu qərarın mühüm olduğunu düşünür: "Gəzmək, səyahət etmək hamının arzusudur. Kreditlə verilən turpaketlər insanların bu arzusunu daha da əlçatan edir. Beləliklə, bu təklif hər kəsin səyahət etməsinə şərait yaradır. Artıq aztəminatlı insanlar da turizmin imkanlarından yararlana biləcək. Ümid edirəm ki, bu həm də turizm sahəsinin inkişafına yeni bir təkan verəcək. Kreditlə verilən turpaketlər həm gəlmə, həm də daxili turizmə aid edilir. O qədər insan var ki, xarici ölkəyə getməyə imkanı olmur. Kreditlə verilən turpaketlər məhz onların bu arzusunu reallaşdıracaq. Qeyd etdiyim kimi, bu təkcə xarici turizmə deyil, o cümlədən daxili turizmə də aid edilir. Yəni, kreditlə aldığınız turpaketlə ölkəmizin müxtəlif ərazilərini gəzib-görə bilərsiniz. Bu mənada belə bir qərarın mühüm olduğunu düşünürəm və bu layihəyə qoşulan şirkətlərin sayının artması çox vacibdir. Hələlik bir çox detallar tam olaraq aydın deyil. Bəzi məsələlər araşdırılacaq və şərtlər ona uyğun təyin ediləcək. Eyni zamanda, müxtəlif aidiyyəti turizm qurumları və maliyyə orqanları ilə məsləhətləşmələr aparılacaq. Artıq bu məsələ müzakirə olunur”.
"SKAL İnternational Baku” klubunun (Səyahət vəTurizmPeşəkarları Beynəlxalq Assosiasiyası) sədri,turizmüzrə ekspertCeyhun Aşurov qeyd etdi ki, kreditlə turpaketlərin verilməsi satışın artımına gətirib çıxaracaq: "Artıq şirkətlər bu tip elanlar da verməyə başlayıb. Məsələn, «indi istirahət et, payızda ödə» başlıqlı müxtəlif reklamlar görürük. Bəzi şirkətlər artıq kreditlə turpaketlərin satışı ilə məşğul olur. Əsas məqsəd səyahət etmək istəyən hər kəs üçün səyahəti əlçatan etməkdir. İmkanı olmayan, yəni turpaketi almağa pulu olmayan şəxslər kreditlə verilən turpaketlərdən faydalana bilər. Kreditlə səyahət imkanı xüsusilə xarici ölkələrə şamil olunub. Təbii olaraq, adi turpaketlərdən qiymətlər müəyyən qədər baha olur. Amma zamanı dəyərləndirmək baxımından yanaşsaq, insanlara müəyyən imkanlar yaratdığını demək olar. Hətta əvvəldən kreditlə alınan turpaketlərə müəyyən endirimlər edilir. Bu da elə öz qiymətinə alınmış kimi olur. Hesab edirəm ki, bu qərar satışın stimullaşdırılmasında mühüm rol oynayacaq. Artıq əksər insanlar bu tip turpaketlərdən yararlanır, şirkətlər üçün də əlavə imkan deməkdir. Çünki satış imkanları xeyli genişlənir. Satışın həcmi artdığına görə şirkətlərin gəlirləri də artır. Bu isə daha çox verginin verilməsi deməkdir. Dünyanın əksər ölkələrində bu təcrübədən istifadə olunur. Əsas məsələ kreditlə verilən turpaketlərin üzərinə gələn əlavə məbləğdir. Nağd və kreditlə alınan turpaketlərin arasındakı qiymət fərqi böyük olmamalıdır. Yaxşı olar ki, insanlar öncədən rezervasiya imkanlarından yararlansınlar. Məsələn, yay aylarında istirahət etmək istəyirsənsə, fevral və mart aylarında qeydiyyatdan keçməlisən. Beləliklə, əhalinin daha çox seqmenti turizmin imkanlarından yararlana biləcək. Bundan sonra hər kəs öz istirahətini xarici ölkələrdə keçirə bilər. Amma bu heç də o demək deyil ki, kim istəsə kreditlə turpaketi əldə edə bilər. Satışı həyata keçirən turizm şirkəti əvvəlcədən müəyyən analizlər həyata keçirməlidir. Bu cür turpaketlərin kimlərə veriləcəyi müəyyən edilməlidir. Necə ki, bankdan kredit alarkən tələblər qoyulur və hər kəsə şamil olunmur. Ödəniş qabiliyyəti olan şəxslər bu paketlərdən yararlana bilər. Yəni, təkcə şəxsiyyət vəsiqən və xarici pasportunun olması kreditlə turpaketi almaq imkanı deyil. Məsələ bu qədər bəsit deyil. Bəzi risklər əvvəlcədən sığortalanmalıdır. Şirkətlər ödəniş qabiliyyətli müştərilərə satış həyata keçirməlidir. Bu mexanizm düzgün formada qurularsa, müştəri və turizm şirkəti məmnun ola bilər”.
"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmovda bu təşəbbüsü müsbət addım kimi qiymətləndirir: "Bu təcrübədən bir müddətidir ki, bizim agentlikdə də istifadə olunur. Əvvəlcədən müştəri ilə müqavilə imzalanır. Əvvəlcə ödənişi bank şirkətə ödəyir. Daha sonra müştəri hissə-hissə banka bu pulu geri qaytarır. Qoyulan faizlərdən bank da gəlir əldə etmiş olur. Bu layihənin genişləndirilməsində əsas olan turizmə marağı təşviq etməkdir. Həmçinin burada bankların qoyduğu faizlər də cüzi məbləğdədir. Bu da müştərilərə sərf edir. Şərtlər isə adi standart, kredit qaydasında olur. İstənilən halda bu təşəbbüs müsbət qiymətləndirilməlidir. Çünki imkanı olmayan şəxslər də səyahət şansı qazanmış olur. Səyahət etdikdən sonra hər ay gəlirinin müəyyən hissəsini banka ödəyir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər