• çərşənbə axşamı, 19 mart, 12:17
  • Baku Bakı 8°C

“Bizim işdə böyük məbləğlərdən söhbət gedir” - Peşə

24.05.19 10:00 1591
“Bizim işdə böyük məbləğlərdən söhbət gedir” - Peşə
Universiteti bitirəndən sonra öz sahəsi üzrə iş axtarır, amma cəhdləri nəticəsiz qalır. Bir müddət sonra artıq fərqli sektorlara baş vurmağa, özünə uyğun bir sahə seçmək üçün axtarışlara başlayır. Turizm, sığorta və s. sahələri öyrənir, lakin sonda özünə uyğun interyer dizaynını görür. Müsahibimiz interyer dizayner Asəf Baxşıyevdir.

- Asəf bəy, təhsiliniz dizayn sahəsindədir?
- Yox, mən Azərbaycan Texniki Universitetində biznesin təşkili və idarə edilməsi üzrə təhsil almışam. Dizayn sahəsində sonradan yönəlmişəm.

- İkinci kursdan çalışmağa başlayıbsınız. İşləməyinizin səbəbi nə idi? Və öz ixtisasınız üzrə işləyirdiniz?
- Bir çox tələbələr kimi maddi cəhətdən özümü təmin etmək istəyirdim, ona görə, ikinci kursda oxuyanda işləmək qərarı verdim. Yox, ixtisasım üzrə çalışmadım, mühasib köməkçisi kimi işə başladım. Niyə mühasib? Çünki bizim nəsildə mühasib çoxdur, ona görə, mühasib köməkçisi kimi işə başlamağı təklif etdilər. Bir neçə il mən də o istiqamətdə işlədim, anbardar, sonra mühasib oldum. Universiteti bitirən ərəfələrdə işdən çıxdım, bir müddət iş tapmaq çətin oldu.


- Öz ixtisasınız üzrə iş axtarırdınız?
- İş axtardığım ilk dövrlərdə öz ixtisasıma uyğun olmasına fikir verirdim. Sonra gördüm ki, təcrübən olmadığı halda, kiminsə sənə menecer işi təklif etməsi bir az bizdə çətin məsələdir. Axtarışlarımız bir ildən artıq nəticəsiz qaldı, ona görə, alternativ işlərə baxmağa başladıq. Oteldə gecə meneceri vəzifəsinə belə, müraciət etmişdim, sadəcə, alınmırdı.

- Hansı keyfiyyətlərlə özünüzü təqdim edirdiniz? Çünki ilkin işə alma zamanı belə nüanslara fikir verirlər...
- Azərbaycan, rus dillərini səlis bilirdim. İngilis dilim də kifayət qədər yaxşı idi, 3 dəfə rayon üzrə ingilis dilində olimpiada çempionu olmuşdum. 9-cu sinifdən kompüterlə işləyirəm, bütün ofis proqramlarını bilirdim. İşə başlamaq üçün lazım olan biliklər var idi.
- Bəs işə götürməməklərinin səbəbi nə idi?
- O vaxtı mən həm də boksla məşğul olurdum, idmançı görünüşünə sahib idim. Görünüşümə görə ofis işi təklif edən olmurdu. İngilis, rus dili biliyimə görə çağırırdılar, amma görünüşümə görə mühafizə işinə götürmək istəyirdilər, amma mən də o sahədə çalışmaq istəmirdim.

- Bəs dizayn sahəsinə gəlməyiniz necə oldu?
- İl yarım işsiz qaldığım dövr mənə çox böyük təsir göstərdi. Başa düşdüm ki, əgər seçim idman sahəsi deyilsə, idmanı saxlamaq lazımdır. İdmanı saxladım, idmançı kimi görünməmək üçün sürətlə çəki itirməyə çalışdım. Sonra mənim üçün maraqlı olacaq sahə seçmək üçün axtarışa başladım, müxtəlif sahələr üzrə araşdırma apardım, bir növ özümü hansı sahədə tapa biləcəyimə baxırdım. Düzdür, müəyyən yaş dövründə idim, özüm də pul qazanmalıydım, amma yenə də elə seçim etməli idim ki, bir müddət sonra fikrimdən daşınmayım. Bir az sığorta, bir az turizmə baxdım və başa düşdüm ki, mənim işim rəqəmsal və kompüter üzərindən olmalıdır. İki il yarım mühasib işlədiyim üçün bilirdim ki, kağızlarla, rəqəmlərlə işləmək mənlik deyil. Sərbəst iş axtarırdım. Belə-belə, dizayn sahəsi ilə tanış oldum. O vaxt dizayn mənim üçün qaranlıq sahə idi, maraqlandım, hansı növünün mənə uyğun olduğunu müəyyənləşdirməyə çalışdım. Daha perspektivli interyer dizaynı göründü və bu sahəni seçdim. Yəni bu sənəti sevib gəlməmişəm, sadəcə, perspektivinə görə seçdim, sonra perspektivindən çox, zövqlü olduğunu gördüm. Ona görə, bu işi biznes yox, hobbi kimi görürəm.


- Bu sahənin tam sizə uyğun olduğunu nə zaman anladınız?
- Mən rəqəmsal istiqamətlə başladım, yəni tikinti prosesində iştirak etmirdim. Rəqəmsal interyerlər yaradırdım. Realda boş görünən hansısa bir evi, otağın təmirini xəyal etdiyin kimi kompüterdə dizayn edirsən, nəticəni əvvəldən görürsən, hansısa rəng tutumu xoşuna gəlmirsə, yerini dəyişirsən. Bir müddət işləyəndən sonra bu sahəyə vuruldum.

- Bəs nə vaxt bu sahədə iş qurmaq qərarına gəldiniz?
- Öncə fərdi dizayner kimi işə başladım, xarici saytlardan sifarişlər götürüb evdə işləyirdim. Sonra bu sahədə öz bloqumda məlumatları bölüşməyə başladım, zamanla yerli bazardan da müraciətlər gəldi. Getdikcə müraciətlərin artığını gördük və 3 dost birləşib 2013-cü il mayın 9-da "Bakhsiyev Studio” dizayn şirkətini açdıq. Hardasa bu sahədə işləyəndən 2 il sonra iş qurduq. Əslində, "iş qurmaq” sözünü biznesmenlərə aid edirəm, bizim fəaliyyətimizə "iş qurdu” demək olmaz.
- Niyə? Nəticədə iş qurmuş olursunuz.
- Yaradıcı sahədə iş quranları iki qrupa bölə bilərik. Bir qisim sadəcə, biznes kimi baxır, digər hissə sənət kimi. Biznes kimi yanaşırsınızsa, sözsüz ki, qazanclı sahədir, bir az başa çıxmağı bacarsan, uğurlu ola bilərsən. İncəsənət baxımında yanaşanda, dizayndakı hər detal sənin üçün maraqlı olur. Bu zaman işin özünü qazancından çox düşünürsən, yəni biznes tərəfinə çox fokuslanmırsan. Biznesmen sahibkardır, o gəlir tərəfini daha çox düşünür.

- 5 il fəaliyyət göstərəndən sonra "Bakhsiyev Studio” bağlanıb. Səbəb nə idi?
- Bir az diqqətimiz yayındı.


- Diqqətin yayınmasına səbəb nə oldu?
- Çünki biz "Baku Desing School” (Bakı Dizayn Məktəbi) açdıq. Sonra kreativ insanları bir araya toplayan "Asefgilde”ni yaratdıq. Fotoqraf, videoqraf, veb, qrafik dizayner və s. mütəxəssisləri bir araya gətirən iş idi. Bu da bizim diqqətimizi bir az yayındırdı. Ona görə, hamısına istədiyimiz vaxtı ayıra bilmədik, başa düşdük ki, ancaq biri ilə məşğul olmaq lazımdır.

- Gördüyünüz işlərdə zövq, yoxsa dəb daha öndə olur? Çünki bu, həmişə mübahisəli mövzu olaraq qalır.
- Mənə görə zövq birincidir, çünki dəb dəyişkəndir. İnteryer dizayn sahəsi elədir ki, burda dəb anlayışı zəifdir, yenilik, adətən texnologiya baxımından olur. Çünki bu sahədə bəlli üslublar var və onlarla işləyirsən. Burda sadəcə üslub yaratmaq olar, necə ki Zaha Hadid öz stilində interner və eksteryer yaratdı, hər şeyi dəyişdi, yenilik gətirdi. Amma ümumilikdə bizim sahədə dəb hansısa üslubun yenidən qayıtmağıdır. Hər ölkədə daha aktual olan üslub ola bilər. Əsas zövqdür, istənilən ölkədə də belədir. İstənilən üslubda, zövqlə işlənilən interyer həmişə qiymətli olur.

- Dizayn gəlirli sahədir, amma gəlirli sahələrdə işləməyin əziyyəti çoxdur. Sizin işin əziyyəti nədən ibarətdir?
- Bizim işimiz planı ölçməklə başlayır. İlk olaraq müştəri ilə dəfələrlə görüşürük, nəyi bəyənib-bəyənmədiyini müəyyənləşdiririk. Sonra artıq rəqəmsal formada onun istədiyi interyerin ilkin formasını hazırlayırıq, baxırlar və sonra 3D formatında işləyib yenidən müştəriyə təqdim edirik. Bunu bizdə bir çox yerlərdə bərbad səviyyədə hazırlayırlar, amma biz işimizin keyfiyyəti ilə seçilirik, beynəlxalq səviyyədə gördüyümüz işlər var. 3D işin başlanğıcıdır, ondan sonra ümumi bir qiymətləndirmə çıxarılıb müştəriyə təqdim olunur. Bu işdə artıq böyük məbləğlərdən söhbət gedir. Ona görə, biz artıq üzərimizə böyük məsuliyyət götürmüş oluruq. Təmiri biz etməsək belə, dizaynı bizə aiddirsə, prosesə nəzarət edirik. Səhv olmasın, hər şey qaydasında getsin deyə. Nəticənin necə olmasına məsuliyyət daşıyırıq. Rəqəmsalda olanı realda müştəriyə təqdim etmək heç də asan deyil. Bizim iş rəqəmsal olduğu qədər də, təmirin içərisindədir. Mebel, parça fabriklərində oluruq. Hər detala xüsusi fikir veririk ki, zövqlü və professional iş alınsın. Nəticənin gözəl olması üçün gərək bu sahədə gedən yenilikləri daim izləyib tətbiq edəsən. Çünki texnoloji cəhətdən yenilik sürətlə gedir, hər gün yeni nə iləsə qarşılaşırıq. Bunları etmək üçün də işə çox zaman ayırmalıyıq.

- İş rejiminiz saatla olmur?
- Bu iş komanda işidir, bizdə işə gəlib-getmək saatı digər sahələrlə eyni olmaya bilər. Gecə 1-də də çıxa bilərik, 4-də də, elə olar ki, heç çıxmarıq, qalıb işləyərik. Və işə marağı olmayan adamın bu cür işləməsi çətin məsələdir.

- Ailəlisiniz, 3 övladınız var, bu rejimlə ailə diqqətdən kənarda qalmır?
- Burda balans yaratmalısan. Ailəyə, valideynlərə, dost-tanışa, işə vaxt ayırmalısan, idman, əyləncə, yatmaq da var. Bunları idarə etmək üçün qızıl qaydam olduğunu deyə bilmərəm, amma vaxtımı prioritetlərə bölərək bunu bacardığım kimi tənzimləməyə çalışıram. Yoldaşımla kinoya getməyə də vaxt ayırıram, uşaqları parka aparmağa da, dostlarla görüşməyə də. Ola bilər ki, əvvəl dostlarımla həftədə üç dəfə görüşürdüm, indi iki həftədə bir dəfə. Elə adam var ki, maksimum saat 8-9-da işdən evə gedir, mənim üçün bu, saat gecə 1-2 də ola bilər. İdeal olduğunu demirəm, amma hər şeyə vaxt ayırmağa çalışıram.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər