Çin Rusiyanı Qazaxıstandan çıxarda biləcək? - TƏHLİL
Rusiya mediası Kremli cavab addımları atmağa
çağırır. Qeyd edilir ki, Çin enerji resurslarının ixracına, Qazaxıstanın silah
bazarına və bütün regiona nəzarəti ələ keçirə, həmçinin təhlükəsizlik
məsələlərində aparıcı rola iddia edə bilər.
Başa çatmaqda olan ildə Rusiyanın problem
yaşadığı qonşu dövlətlər sırasında, nə qədər təəccüblü səslənsə də, Qazaxıstan
da oldu. Bəllidir ki, rəsmi Nur-Sultanın latın əlifbasına keçidlə bağlı qərarı
ilə start götürən bu gərginlik il ərzində "dil gərginliyi”nə çevrildi. Rusiya
mediası da mütəmadi olaraq Qazaxıstanda rus dilinin sıxışdırıldığını iddia edən
məlumatlarla çıxış etməkdədir. Prosesə Rusiya deputatları, qazax rəsmiləri də
qoşuldu. Və indi də gərginlik başqa prizmaya yönəlib. Ekspert dairələrində
səslənən iddialara görə, Mərkəzi Asiyada uzun illərdir Rusiya ilə gizli
rəqabətdə olan Çin hər vəchlə onu bölgədən sıxışdırıb çıxarmağa çalışır və
müəyyən mənada buna nail də olur. Rusiya hakimiyyəti, mediası və siyasi
dairələri də bunu gözəl anlayır və prosesi əngəlləmək üçün ssenarilər cızır,
planlar hazırlayır.
"Rosbalt”:
"Çin etnik qazaxların hüquqlarını pozur”
İki ölkə arasında gizli və açıq rəqabət
maraqlı formada gedir. Rusiya onun əleyhinə keçirilən aksiyaları,
əhval-ruhiyyəni başqa məcraya yönəltmək üçün ən ağlasığmaz vasitələrə əl atır.
Məsələn, "Rosbalt” yazır ki, Çində müsəlmanların hüquqları pozulur.
Qazaxıstanın müxtəlif şəhərlərində - Nur-Sultan, Alma-Ata, Aktobe, Çımkənddə və
digərlərində - "Çin ekspansiyası”, Çin ərazisində müsəlmanlara qarşı
repressiyalar əleyhinə aksiyalar təşkil edilir. Həmin şəxslərin "ilkin tərbiyə
düşərgələrinə” göndərildiyi iddia edilir. Qazaxıstan hakimiyyətini isə bütün
bunlara rəğmən heç bir iş, fəaliyyət göstərməməkdə ittiham edirlər. "Aksiya
iştirakçıları onu da bildirirlər ki, Qazaxıstan hüquq-mühafizə orqanları onları
fiziki zor tətbiq etməklə hədələyir”, - deyə nəşr yazır. Maraqlı odur ki,
Rusiya mediası etirazçıların müdafiəsinə qalxır, hakimiyyəti ikili mövqe
nümayiş etdirməkdə ittiham edir. Qeyd edirlər ki, hakimiyyət Çinin
ekspansiyasını təkzib edir, xalqı isə varlı qonşuya "sağ ol” deməyə kökləyir.
Qazaxıstan
investisiya favoritinə çevrilib
Rusiya mediasında dərc olunan məqalələrdə
vurğulanır ki, rəsmi Nur-Sultan soydaşlarının və digər müsəlman xalqlarının
Çində yerləşən Sintzyandakı düşərgələrdə necə təzyiqlərlə üzləşdikərinə göz
yumur. Rusiya nəşri "Axı qazax hakimiyyəti bunu necə etməsin? Qazaxıstan Çinin
Mərkəzi Asiyada investisiya favoritinə çevrilib. Son 15 ildə Çin Qazaxıstan
iqtisadiyyatına 30 milyard dollar investisiya yatırıb. Bəzi müstəqil ekspertlər
bu rəqəmin iki dəfə çox olduğunu irəli sürür" yazır. Ardınca müəllif qeyd
edir ki, Rusiyanın da xəsislik etdiyini düşünmək olmaz. Avrasiya İnkişaf
Bankının məlumatına görə, son beş il ərzində MDB ölkələrinə Rusiyanın birbaşa
investisiyası 46 milyard dollar təşkil edib ki, bu vəsaitin yarısı Avrasiya
İqtisadi İttifaqı ölkələrinin payına düşüb. Ən böyük payı Qazaxıstan alıb -
11,2 milyard dollar. İkinci yerdə Özbəkistan, üçüncü yerdə isə Belarus gəlib.
Çinin investisiya aktivliyini, maliyyə imkanlarını nəzərə alsaq, Rusiyanın onu
ötüb keçəcəyi mümkünsüzdür. Ötən il Çinin Qazaxıstana investisiyası 15,5 milyard
dollara çatıb. Bütövlükdə Çin Qazaxıstanın investisiya sahələrinin bir çox
hissəsini əhatə edib. Bura maşınqayırma, neft emalı, kimya, qida, energetika,
logistika və digər sahələr aiddir. Nur-Sultanın qazax elitasını mümkün qədər
Rusiyadan uzaqlaşdırmağa çalışdığını iddia edən nəşr əlavə edir ki, Moskva da
vəziyyətin belə hala gəlməsində günahkardır.
Pekin rəqabət
qabiliyyətinə zərbə vurur?
"Hazırda Qazaxıstanın Çinə olan borcu ÜDM-in
16%-ni təşkil edir ki, bu da fəlakətli hədd hesab edilmir. Amma Çinin
investisiya layihələrinin miqyasına baxsaq, bu rəqəm artacaq. Çin malları və
xidmətləri digər məhsulların rəqabət qabiliyyətinə zərbə vurur” yazan Rusiya
nəşri narahatlığını davam etdirir. Bildirilir ki, Çinin sağlam rəqabət
prinsipinə zidd olaraq digər xarici şirkətlərin hüquqlarını pozması yerli işçi
qüvvəsinin etirazına səbəb olur. "Çinin Qazaxıstanda iqtisadi planları,
bütövlükdə Rusiyanın nüfuzunun azalmasına, sonda isə Moskva - Nur-Sultan
münasibətlərinə neqativ təsir göstərir. Pekinin iqtisadi üstünlüyü gec-tez onun
regionda siyasi və hərbi üstünlüyünə gətirib çıxaracaq”, - deyə nəşr yazır.
Moskva susur?
Lakin nəşr onu da yazır ki, indiki mərhələdə
Qazaxıstanda Çinin iqtisadi ambisiyalarına rəsmi Moskvanın qısqanc mövqeyi
görünmür: "Rusiya - Çin münasibətləri, demək olar ki, strateji tərəfdaşlıq
səviyyəsinə çatıb və tərəflər qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir.
İqtisadi baxımdan Rusiya Qazaxıstanda karbohidrogenlərin hasilatı və daşınması
kontekstində maraqlıdır və Çin də hələlik buna müdaxilə etmir. Ancaq necə
deyərlər, "ayın altında heç nə əbədi deyil” - Çin enerji resurslarının
ixracına, Qazaxıstanın silah bazarına və bütün regiona nəzarəti ələ keçirə,
həmçinin təhlükəsizlik məsələlərində aparıcı rola iddia edə bilər. Son beş ildə
Çinin Mərkəzi Asiyada silahlanmasının payı 18% təşkil edib, lakin əvvəlki beş
illə müqayisədə artım tendensiyası artıq müəyyən edilib”.
Nəşr sonda yazır ki, Rusiya özünü toparlamalı, Qazaxıstana və
regiondakı qonşularına onlar üçün son dərəcə cəlbedici gündəm təklif etməlidir
ki, heç olmasa Çinin Mərkəzi Asiyada iqtisadi üstünlüyünü azaltsın,
təhlükəsizlik sahəsində üstünlüyündən qorunsun. Sonda bir
faktı qeyd etmək yerinə düşər ki,Çin heç bir dövlətlə
müttəfiqlik əlaqələri qurmur və bu, onun siyasi fəlsəfəsinə ziddir. Məsələn,
Çin Rusiyanın istəyi ilə Krım, Abxaziya və Cənubi Osetiya məsələlərində
Moskvanın yanında yer almayıb. Çünki torpaq bütövlüyü məsələsi Çin üçün əsas
prinsipdir.
Azər NURİYEV