AZE | RUS | ENG |

Çin Rusiyanı “Bir kəmər, bir yol” dəhlizinə cəlb edir

Çin Rusiyanı “Bir kəmər, bir yol” dəhlizinə cəlb edir
Kreml Qərbin sanksiyalarından sonra Şərqə doğru istiqamət götürüb

Çin və Rusiya Birləşmiş Ştatların etiraz və qısqanclıqları fonunda hərtərəfli əməkdaşlığı davam etdirməkdədirlər. Rusiyanın Qərbin sanksiyalarından sonra Şərqə doğru istiqamət götürməsi yaşanır. Tərəflər bütün beynəlxalq forumlarda bir-birinə dəstək nümayiş etdirir, beynəlxalq ticarət sahəsində qarşılıqlı dövriyyələrini artırmaqdadırlar. Lakin bütün bunların fonunda Rusiya Çinin irimiqyaslı iqtisadi və infrastruktur ekspansiyasına ehtiyatla yanaşmağa çalışır. Söhbət ilk növbədə Çinin irəli sürdüyü və "Yeni İpək Yolu” kimi elan etdiyi "Bir kəmər, bir yol” dəhlizi layihəsindən gedir. Çində aprelin 25-27-də onlarla dövlət başçısının, o cümlədən Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək "Bir kəmər, bir yol” layihəsinin ikinci forumu ərəfəsində çinlilər layihənin uğurları barədə danışmaq üçün irimiqyaslı kampaniyaya start veriblər. Çinin Rusiyadakı səfiri Li Xuyey Rusiya nəşrlərinə müsahibəsində Moskvanın, layihənin reallaşmasında necə bir tərəfdaş olduğunu bildirib. Düzdür, ekspertlər bildirirlər ki, Rusiya formal olaraq layihənin iştirakçısı deyil və Şərqə doğru istiqamət deklarativ mərhələdən belə tərpənməyib. Rusiya formal olaraq layihənin iştirakçısı olmasa da, Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Və 2018-ci ilin may ayında Çinlə ticarət-iqtisadi əməkdaşlıq sazişi imzalayıb. Aİİ və "Bir kəmər, bir yol” dəhlizinin yaxınlaşması barədə hələ 2015-ci ildə Rusiya və Çin liderləri razılaşıblar. Layihələrin "yaxınlaşması” tərəfdaşlığın yeni səviyyəsinə çıxma, hətta qitədə yeni iqtisadi məkanın yaradılması kimi təqdim edilirdi. Məmurlar Şərqə doğru dəyişməni, Qərb sanksiyalarına rəğmən dəyişmə kimi qiymətləndiriblər. Rusiya və Çin məmurları əməkdaşlığın uğurları barədə mütəmadi hesabatlarında, 2018-ci ildə tarixdə ilk dəfə olaraq ticarət dövriyyəsinin 107 mlrd. dollara yüksəlməsindən bəhs edirlər. Bundan əlavə, nüvə sahəsində əməkdaşlıq sazişi imzalanıb, sərnişin təyyarəsinin birgə istehsalı ilə bağlı işlər aparılır, "Yamal” qaz layihəsi ilə sıxılmış qazın yüklənməsi, Arktikada bu əməkdaşlığın genişlənməsi prosesi aparılır. Mütəxəssislər qeyd edirlər ki, hazırda dünyanın gündəmində "Dəhlizlər və yollar” konsepsiyası geniş yayılır. Bura Çinin "Böyük İpək yolu” ideyasını da daxil etmək olar. İdeyanın özü bir sıra məsələlərin həlini nəzərdə tutur və forumda da bu məsələlər öz əksini tapacaq. "İpək yolu” ilə bağlı Rusiyada yeni və ilk transsərhəd dəmir yolu və avtomobil körpülərinin inşası işləri aparılır. Çin-Avropa marşrutu üzrə Rusiya ərazisi ilə dəmir yolları reyslərinin testləri aparılıb. Kompleks planda magistral infrastrukturun 2024-cü ilə kimi genişlənməsi və köhnə dəmir yollarının modernləşməsi nəzərdə tutulur. Avropa-Qərbi Çin istiqamətində yükdaşımaların müddətinin 3,6 sutkadan 1,6 sutkaya kimi azaldılması nəzərdə tutulur. Moskva Çinə, sürətli magistral yolun inşası ideyasından imtina etməyib. Rusiya prezidenti sadəcə, yeni istiqamət müəyyən edib – Sankt-Peterburq.
Rusiya Çin meqaregionunun bir hissəsinə çevrilmək və öz ərazisini Çin yüklərinin Avropaya tranziti üçün istifadə etməyə tələsmir. Rusiya sadəcə, Aİİ timsalında özünün meqaregionunu qurmağa çalışır.
Rusiyalı ekspert Aleksey Maslov da bildirir ki, Rusiya formal olaraq "Böyük İpək yolu” layihəsində iştirak edə bilmir. "Moskva bu layihəni uğurlu hesab etsə də, hələ də ona qoşulmayıb. Onun öz layihəsi - Aİİ var. Rusiya sadəcə, körpü, tranzit ərazi olmaq istəmir. Hazırda biz ancaq bəyanatlar mərhələsində qalırıq. Şərqə doğru istiqamət şüarı məsələsində biznesmenlər ümid edirdilər ki, Çin onların məhsulunu alacaq, lakin bu, baş vermir”, -deyə Maslov bildirir. Başqa bir ekspert Vitali Mankeviç isə hesab edir ki, Rusiya bu layihədə statusunu qaldırmalıdır: "Ən əsası, bunun üçün imkanlar var”.
Yeri gəlmişkən, bu layihədə Türkiyə və Azərbaycana da böyük önəm və yer ayrılır. Tarixi "İpək yolu” layihəsinin ölkəmizdən keçdiyini nəzərə alsaq, bizim üçün də bu, əhəmiyyət kəsb edir. Xatırladaq ki, Çin layihə üçün 2014-cü il İpək Yolu İqtisadiyyat Qurşağı Fondunu qurdu və bu fonda 40 milyard dollarlıq maliyyə ayırdı. Layihəyə dəstək üçün isə 2014-cü ildə 100 milyard dollarlıq sərmayə qoymaq üçün Asiya İnfrastruktur İnvestisiya Bankını qurdu. Türkiyə də bu bankın qurucu üzvlərindən biridir. Təxminlərə görə, layihə 65 ölkənin 4 milyard yarım (4,4) insanını və 20 trilyon dolları əhatə edir. Müasir İpək Yolu Layihəsinin əsas məqsədi Asiya - Avropa iqtisadiyyatları arasında nəqliyyat infrastrukturu, ticarət və investisiya əlaqəsi qurmaqdır. Layihə çoxtərəfli və fərqli alternativləri əhatə edir. Quru və dənizdən olmaqla iki əhəmiyyətli beynəlxalq ticarət marşrutu var: birincisi, İpək Yolu İqtisadiyyat Qurşağı, ikincisi, Dəniz İpək Yolu. Türkiyə "orta dəhliz” adlandırılan Çin - Mərkəzi və Qərbi Asiya dəhlizi üzərindədir. Dəniz yolu deyildiyi zaman cənub və cənub-şərqi Asiyadan Şərqi Afrika və Aralıq dənizinin şimalına qədər uzanan dəniz bölgəsində planlaşdırılmış limanlar və digər sahil strukturları şəbəkəsi nəzərdə tutulur.
  "Yeni İpək Yolu”  həm də Çinin "Marşall planı” sayılır. Çin rəhbərliyi tərəfindən inkişaf etdirilən bu layihə İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın Marşal yardımlarına bənzədilsə də, iqtisadçıların hesablamalarına görə, ondan 12 dəfə böyükdür. Dəniz dəhlizi başladığı zaman isə Pekindən dəniz yolu ilə iki aya təslim edilən məhsullar iki həftədən qısa müddətdə İstanbulda olacaq. Bununla quru yolu məsafəsi üç min kilometr qısalmış olacaq. Türkiyə Çindən Avropanın içərilərinə qədər uzanacaq layihənin mühüm ölkələrindən biridir. Avropa, Asiya və Yaxın Şərq coğrafiyasının kəsişdiyi nöqtədə yerləşən Türkiyə, layihənin quru və dəmir yollarının Avropaya əlaqə xəttini təşkil edir.
 
Azər

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966