• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

“İmtahandan kəsilməyim həyatımda dönüş nöqtəsi oldu” - Debüt

31.01.20 13:05 8669
“İmtahandan kəsilməyim həyatımda dönüş nöqtəsi oldu” - Debüt
Yasin Abbasov: Uşaq evinə gedəndə, ilk vaxtlar orda yaşamaq istəməsəm də, 10 ildən sonra ordan ayrılmaq istəmirdim
1995-ci ilin iyununda Naxçıvan şəhərində doğulub. Uşaqlığı Nizami rayonu 1 nömrəli uşaq evində keçib. 6 yaşından 16 yaşına qədər uşaq evində böyüyən Yasin Abbasov məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr aktyoru” ixtisasına qəbul olunub. Burda ölkənin ən qabaqcıl pedaqoqlarından dərs aldıqdan sonra Abdulla Şaiq adına Dövlət Kukla Teatrında əvvəlcə səhnə maşinisti rəisi, daha sonra aktyor kimi fəaliyyət göstərib.

Aktyor kimi çalışdığı 1 il ərzində teatrın repertuarındakı yeni tamaşalarda maraqlı obrazlarda görünüb. Belə ki, "Ələddin”də Ələddin, "Tıq-Tıq və Taq-Taq-ın nağılı”nda nağılçı, "7 nar çubuğu”nda qardaş, "Cırtdan”da dəmirbaş, "Oyaq gözəl”də şahzadə kimi obrazlar canlandırıb. Hələ yaradıcılığının əvvəlində olan 24 yaşlı aktyorun ən böyük müəllimi isə elə həyatın özü olub.
- Uşaq evindəki həyatınız yaddaşınızda necə qalıb?
- Uşaq evinə gedəndə artıq 6 yaşım vardı. Mən burda məktəbə getmişəm, eyni taleyi yaşadığımız həmyaşıdlarımızla mehriban bir ailə, dost olmuşuq. Düzdür, orada qalan hər uşaqla münasibət saxlaya bilmirsən. Qrupda 25 nəfər uşaq varsa, onlardan ancaq 4-5 nəfərlə yaxın münasibətdə olursan. Uşaq evində yaşamaq əvvəl insana çətin gəlir. Düşünürsən ki, burda mənə baxa bilməyəcəklər. Ancaq yaşadıqca, böyüdükcə, düşdüyün rejimə alışmağa məcbur olursan. Böyüməyə macal tapmırsan, elə uşaq yaşlarından böyüyürsən. Uşaq evinə gedəndə, orda yaşamaq istəməsəm də, 10 ildən sonra ordan ayrılmaq istəmirdim. Uşaqlarla o qədər doğmalaşmışdıq ki, ayrılıq mənə çətin gəlirdi.

- Ən çox nəyə ehtiyac duyurdunuz?
- Əvvəllər düşünürdüm ki, görəsən bizə nə üçün belə soyuq münasibət göstərirlər? Sonra anladım ki, biz valideyn qayğısından məhrum uşaqlarıq və bunu yaşamaq taleyimizdir. Əlbəttə ki, daha çox valideyn qayğısına ehtiyacımız var idi. Biz o qayğıdan məhrum idik. Düzdür, anam hər bazar günü 2 saatlıq bizi görməyə gəlirdi, ancaq 2 saatlıq qayğı kifayət eləmirdi. 2 saat ərzində gördüyün qayğı, onu hiss etməyə çalışdığın an bitirdi, o hissin yarımçıq qalırdı. 150 nəfər üçün hazırlanan yeməyin dadı olmur. Valideynin bişirdiyi yeməyin dadı tamam başqa olur. Uşaq evində uşaqlar daha çox qayğı istəyir. Yeri gələndə döyülür, söyülür...
- Çoxmu döyülürdünüz?
- ... Mən onları qınamıram və haqq da qazandırmıram. Hansısa uşağa əl qaldırmağa razı deyiləm, ürəyim bunu qəbul etmir. Razıyam ki, məni vursunlar, ancaq hansısa körpəyə əl qaldırmasınlar. Heç kimə uşaq evində böyüməyi arzu etmərəm. Ancaq ora elə bir yerdir ki, istər-istəməz, həyat özü səni böyüdür. Uşaq yaşlarından böyüyürsən. Baxmayaraq ki 6 yaşın var, hər nə qədər dayə başının üzərində dayansa da, o yaşında özün yatmaq məcburiyyətində qalırsan. Bəzən gecə qızdırman olur, üstünü açırsan... O anlarda uşaq ana istəyir.
"Təklik yazı qabiliyyətimi formalaşdırdı”
- Bəs incəsənətə olan marağınız nə zamandan yaranıb?
- Uşaq evində rəssamlıq, xalçaçılıq, musiqi, rəqs və sair dərnəklər vardı. Mən rəqslə məşğul olurdum. 9-cu sinifdə oxuyanda, rəqs ansamblı ilə Leninqrada festivala getmişdik. Festivaldan döndükdən sonra öyrəndim ki, sinifdə qalmışam, cəbr və həndəsədən rüblüyümə "2” yazılıb. O "2”-lərdən sonra ayıldım. Düşünməyə başladım ki, bundan sonra mən necə olacam? Sanki bu kəsrim məni oyatdı. Sinifdə qalmışdım və nəsə etməliydim. O zamana qədər düşünürdüm ki, məktəbi bitirdikdən sonra peşə məktəbinə gedib, bərbərliyi öyrənərəm, özümü idarə edərəm. Ancaq məktəbdə kəsildikdən sonra düşündüm ki, nələrsə etmək lazımdır. Sanki beynim açıldı və anladım ki, mən "yolaverdi” sənətlə məşğul ola bilmərəm. İnsanların elə uşaq yaşda formalaşmasına köməkçi olan bir sənətlə məşğul olmamalıyam və bunun üçün aktyorluq ixtisasını seçdim. Nəticədə imtahan verdim və ödənişli əsaslarla "Musiqili teatr aktyoru” ixtisasına qəbul olundum. Birinci il təhsil haqqımı anam ödədi. İkinci il qaldığım uşaq evinin direktoru Nərmin xanım mənə sənəd verdi və o sənəd əsasında universiteti ödənişsiz olaraq başa vurdum. Hətta təqaüd də aldım. 9-cu sinifdə imtahandan kəsilməyim həyatda dönüş nöqtəm oldu.

- Uşaq evindən çıxdıqdan sonrakı həyatı necə dəyərləndirdiniz?
- Universitetdə oxuduğum illərdə sinif yoldaşımın evində tək yaşadım. Orada 3 il qaldıqda, əslində tək yaşamın daha rahat və komfortlu olduğunu gördüm. İlk günlər bir az çətinlik çəkdim, ancaq özümü ifadə etmək üçün təkliyə ehtiyacım vardı. Tək qalanda, yazmaq vərdişimin olduğunu gördüm. Təklik yazı qabiliyyətimi formalaşdırdı. Roman, esse, kiçik povestlər yazmağa başladım.
"Universitet arzularımın başlanğıc nöqtəsi idi”
- Universitet sizə nə qazandırdı?
- Universitet mənə ikinci bir həyat qazandırdı və mənə özümü realizə etmək üçün bir şans verdi. Bilirdim ki, universitet arzularımın başlanğıc nöqtəsidir və ali təhsil ocağı nəinki mənə sənət verir, həm də məni həyata hazırlayır. Orada mənim dünyagörüşüm formalaşdı, yeni çevrəm oldu və get-gedə təkmilləşdiyimi hiss edirdim. Aktyor kimi formalaşmamda universitetin rolu böyükdür. Orda ən tanınmış pedaqoqlardan dərs alırdım. Təbii ki, bunun da yaradıcılığıma təsir edəcəyinin fərqində idim. Bir də universitet hisslərimi dəyişdirmişdi. Uşaq evindən çıxan o kobud, soyuqqanlı, insanlara qarşı qəddar olan Yasinin sanki buzları ərimişdi. İnsanlara qarşı daha mehriban davranmağa başlamışdım və getdikcə o soyuqluq aradan qalxmışdı. Tələbə yoldaşlarımızın tamaşalarında oynayırdıq və bu da bizim aktyor kimi yetişməyimizdə müstəsna xidmətlərini göstərirdi. Oynadığımız tamaşaları pedaqoqlarımız izləyirdilər ki, bu da məsuliyyətimizi artırırdı.
- Bəs nə üçün Kukla Teatrına müraciət etdiniz?
- Mənim uşaq evindən sirdaşım olan və onunla birlikdə İncəsənət Universitetində təhsil aldığım dostum Ramiz Kukla Teatrında rejissor köməkçisi olaraq çalışmağa başladı və bir gün mənə teatrda səhnə maşinisti vəzifəsinə ehtiyac olduğunu söylədi. Mən də teatra müraciət etdim, teatrın direktoru Rəşad Əhmədzadə ilə görüşdüm. O məni dəyərləndirdi və səhnə maşinisti kimi deyil, maşinist rəisi vəzifəsinə işə qəbul etdi. Bir ildən sonra isə aktyor ştatına qəbul olundum. Bununla da həyatımda yeni bir dönəm başladı.
- Kukla Teatrının spesifik xüsusiyyətləri var, burada kuklaları oynatmaq üçün mimikalar, jestlər olmalı, riyazi ölçülər dəqiq hesablanmalıdır. Bunları öyrənmək nə qədər zamanınızı aldı?
- Deyə bilmərəm ki, artıq peşəkar şəkildə kuklaları oynatmağı bacarıram, mən hələ də öyrənirəm. Sentyabrdan bu günə qədər güzgünün qarşısında bütün növ kuklalarla məşq edirəm. Kuklanı ifadə etmək, aktyorun danışığı ilə kuklanın danışığının sintez təşkil etməsi bir qədər çətindir. Belə ki, hərəkətlər, jestlər eyni xətt üzərində olmalıdır. Özümün düzəltdiyim iki əl kuklam var, otaqda hər gün onlarla məşq edirəm. Bizim teatrda güclü aktyorlar çoxdur. Hətta onlar da işlədikcə yeni nələrsə öyrənirlər. Belə bir mühitdə çalışmaq mənim üçün bir avantajdır.
- 10 ildən sonra özünüzü harda görürsünüz?
- Bunu öncədən demək bir qədər çətindir. 10 il əvvəl bilmirdim ki, nə vaxtsa aktyor olacam və Kukla Teatrında çalışacam. Həyat sürprizlərlə doludur. Sizə hansı qapıları açacağını, haralara aparacağını öncədən demək olmur. Çox istərdim ki, gələcəkdə Kukla Teatrında aparıcı aktyorlardan biri olum. Bilirəm ki, bu da mənim özümdən asılıdır. Hədəfə doğru addımlamalı və çox çalışmalıyam.

- "Üç fəsil” romanınız işıq üzü görüb. Bu roman nədən bəhs edir?
- 50 faiz öz həyatımın, 50 faiz də xəyal gücümün məhsuludur. Burada insan həyatının üç mərhələsi - gənclik, yeniyetməlik və yaşlılıq dövrü əks olunub. Əziz adlı obrazın başına gələnlərdən bəhs olunur.
"Bu hissləri sadəcə yaşamaq lazımdır”

- Uşaq evində sizi tetra aparırdılarmı, ümumiyyətlə teatrdan anlayışınız var idimi?
- Uşaq evində sosial layihələrdə, bayram tədbirlərində çox olsaq da, cəmi bir dəfə Kukla Teatrında Ələkbər əminin tamaşasına getmişik. Teatr anlayışım ancaq tələbə vaxtlarımda formalaşıb.
- Böyüdüyünüz uşaq evindəki uşaqları teatrla tanış edirsinizmi?
- Ötən il onlar teatra gəlmişdilər və tamaşamızı izlədilər. Həmin uşaqlarla bərabər müəllimələrim də oynadığım tamaşalara baxdılar.
- Necə hissdir?
- Çox qəribə... Məni onlar böyüdüb, onların əlindən yemək yemişəm. İndi onlar tamaşaya baxır və mənim fəxr edirdilər... Uşaqlar zaldan baxıb, "o, Yasindir, bizim uşaq evində böyüyən Yasin” deyib məni göstərirdilər. Təbii ki, bu hissləri sözlə ifadə etmək mümkün deyil. Bu hissləri sadəcə yaşamaq lazımdır. Yasin olaraq mən o an çox dolmuşdum. Həm qürur hissi keçirirdim, həm də o uşaqları gördükdə, öz uşaqlığım gözlərimin qarşısında canlanırdı. Və o uşaqların üzünün gülməsi mənim üçün ayrı bir dünyadır. Çünki həmin an onların keçirdiyi hisslər mənə çox tanış idi.

- Uşaqların üzünü güldürmək, onlara sevinc bəxş etmək bəlkə də sizin yaşda bir gənc üçün əvəzolunmaz duyğudur.
- Maşinist olaraq çalışdıqda, bunun fərqinə varmırsan. Ancaq özün aktyor kimi səhnəyə çıxanda, uşaqların reaksiyasına baxırsan və onlardan müsbət enerji alırsan. Özünü yerə-göyə sığdıra bilmirsən. Duyğusal hisslər yaşayırsan, keçmiş gözünün qabağına gəlir, uşaqlığında bunlardan məhrum olduğunun fərqinə varırsan.
- Həyatınızı 3 hissəyə - uşaq evi, tələbəlik illəri və Kukla Teatrı dönəmlərinə bölsək, hansı sizin üçün daha dəyərlidir?
- Hər birinin öz yeri var. Uşaq evi mənə çox şey qazandırıb, həyata 1:0 məğlub başlasan da. Tələbəlik illərimi isə özümü dəyişmək üçün əsas mərhələ hesab edirəm. Hazırda həm maddi, həm də mənəvi olaraq əsas qazanc yerim Kukla Teatrıdır. İstəmərəm, keçmiş illərə qayıdım. 24 yaşım var və hesab edirəm ki, həyatımın əsas hissəsi qarşıdadır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər