AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İmran Cəfərzadənin anası ifadə verib

İmran Cəfərzadənin anası ifadə verib

Kriminal
03 İyun 2014, 16:57 1004
Bu gün Xaçmaz rayon Məhkəməsində ötən il iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərin növbəti məhkəmə prosesi keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

İmran Cəfərzadənin anası Nuridə Cəfərova ifadəsində bu işdə günahkar şəxslərin cəzalandırılmasını xahiş edib. N. Cəfərova ailəsinin və 3 yaşlı İmranın baş verən hadisə zamanı fiziki və mənəvi əzab çəkdiyini bildirib.

Vəkillər şahidə suallar verərkən zərərçəkən şəxsin nümayəndəsi - Nuridə Cəfərovanın atası Cavanşir Cəfərovla vəkil Kamandar Nəsibov arasında mübahisə yaranıb. C.Cəfərov vəkilin suallarına etiraz edib. C.Cəfərov qızının halının pis olduğunu əsas gətirərək onu məhkəmə zalından uzaqlaşdırıb.

İmranın nənəsi Sənubər Baxşıyeva istintaqa verdiyi ifadəni təsdiqləyib. O bildirib ki, hadisədən sonra Aslan Hacıməmmədkərimov uşağı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırmağa kömək edib.

Şahid Fərhad Nağıyev isə məhkəmədə verdiyi ifadədə İmranın kəsilmiş ayağını hovuzdan tapıb Xaçmaza xəstəxanaya göndərdiyini bildirib.

Şahid qismində ifadə verən Azər Qocayevin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yaranıb. Digər ifadə verən şahidlər Gülbala Aslanov və Vəlibəy Vəlibəyov istintaqa verdikləri ifadələrini təsdiqləyiblər.

Növbəti məhkəmə prosesi iyun ayının 6-na təyin olunub.

Qeyd edək ki, İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev məhkəmədən “Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.

Hadisə bağlı 4 nəfər Xaçmaz rayonu Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı, Xaçmaz rayonu Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu, Əhmədov Ramiz Süleyman oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyev təqsirləndirilən şəxs qismində barələrində həbs qətiimkan tədbiri seçilib.

Hadisədən sonra Respublika Baş Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, ötən il iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ. Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ. Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.