• çərşənbə, 04 Dekabr, 04:50
  • Baku Bakı 6°C

İllik inflyasiya proqnozuna düzəliş edilib 

02.11.24 00:45 1566
İllik inflyasiya proqnozuna düzəliş edilib 

Azərbaycan Mərkəzi Bankı bu il üçün inflyasiya proqnozunu 0,3% bəndi azaldaraq 5,1%, gələn il üçün isə inflyasiya proqnozunu 0,3% bəndi artıraraq 5,8%-ə çatdırıb. Qurumun valyuta ehtiyatlarında da azalma müşahidə edilib. 

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə iqtisadi artımın 2024-cü ildə 3,9%, 2025-ci ildə isə 3,3% olacağını proqnozlaşdırır. Bunu AMB sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib. "O cümlədən qeyri-neft-qaz sektorunda bu il 6,5%, gələn il isə 5,1% artım gözləyirik", - deyə o qeyd edib. 

Enerji daşıyıcılarına dair proqnozlar

T.Kazımov həmçinin bildirib ki, AMB bu il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 81,4 ABŞ dolları, gələn il isə 79,2 ABŞ dolları olacağını proqnozlaşdırır. "Təbii qazın isə min kubmetrinin orta qiymətinin bu il 290 ABŞ dolları, gələn il isə 340 ABŞ dolları olacağını gözləyirik", - deyə o qeyd edib.

İnflyasiyanı artıran və azaldan amillər

AMB rəhbərliyi ölkədə inflyasiyanı artıran və azaldan amilləri də açıqlayıb. Hazırda Azərbaycanda inflyasiyanı artıran amil xarici ticarət tərəfdaşımız olan ölkələrin milli valyutasının bahalaşması, inflyasiyanı azaldan amil isə manatın nominal effektiv məzənnəsinin artmasıdır.
T.Kazımov rəhbərlik etdiyi qurumun illik inflyasiya proqnozuna düzəliş etdiyini xatırladıb: "Bu il üçün inflyasiya proqnuzunu 0,3% bəndi azaldaraq 5,1%, gələn il üçün isə 0,3% artıraraq 5,8%-ə çatdırmışıq".

Mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib.

Valyuta bazarına satışyönlü müdaxilə

T.Kazımov vurğulayıb ki,  AMB-nin valyuta bazarına satışyönlü müdaxiləsi bu ilin sonuna qədər davam edəcək. "Oktyabrda 424 milyon ABŞ dolları məbləğində valyuta satışımız olub. Bu da dövlət ehtiyacının ödənilməsi ilə bağlıdır. Gözlənilir ki, növbəti 2 ayda da satışımız olsun", - deyə o qeyd edib.

Qeyd edək ki, AMB İdarə Heyəti uçot dərəcəsinin 7,25% saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 8,25% saxlanılıb. "Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunub", - deyə AMB-nin məlumatında vurğulanır. 

AMB-nin məlumatında həmçinin qeyd olunur ki, bu ilin yanvar-oktyabr aylarında qurumun emissiya etdiyi notların məbləği 3 dəfədən çox azalıb. Oktyabrda bir günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) müvafiq olaraq 7,48% olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Bir gün ərzində baş tutan əməliyyatların orta həcmi oktyabrda 673 milyon manat olub.

banner

Oxşar Xəbərlər