İllərin qocalda bilmədiyi əfsanəvi sənətçi
Türkiyənin tanınmış sənətçisi Selami Şahinin yeni albomu işıq üzü
görüb. Yerli mətbuata müsahibə verən ifaçı, uğurlarını ilk növbədə həyat
yoldaşına və daha sonra özünün yaradıcılıq əzminə borclu olduğunu bildirib. O, yerli
mətbuatda dərc olunan yazılarda "illərin
qocaltmadığı əfsanəvi sənətçisi” kimi təqdim olunur. Hətta onu "Türkiyədə 7-dən
70-ə hər kəsin sevimlisi” kimi də qeyd edənlər də az deyil. İfaçının son albomu
"Başdan başa sən” kifayət qədər maraq
doğurub. Albomda 12 yeni mahnı işıq üzü görüb. Türkiyə mətbuatında yeni albomu
və 50 illik yaradıcılığı ilə bağlı Selami Şahinlə müsahibə dərc olunub. Müsahibəni
qısa ixtisarla təqdim edirik.
- 50 ildir ki,
sənətdəsiniz. Yaradıcılığınıza fasilə verməyi, istirahət etməyi düşündüyünüz zamanlar
olubmu?
- Mənim bir xasiyyətim var, yeni mahnı bəstələyəndə, studiyaya daxil
olanda sanki dünyaya yenidən gəlirəm. İçimdə musiqiyə qarşı inanılmaz böyük bir
sevgi var. İndiyə qədər bu qədər məşhur, sevilən mahnılar hansı ifaçıya nəsib olub?
Mən xalqın sevgisi ilə varam. Mahnılarımı 8, 18, 28 yaşındakı uşaqlarla birlikdə
oxuyuram. Heç zaman "fasilə edim, daha sonra davam edərəm” kimi düşüncəyə
qapılmamışam.
- Mahnılarınız 7-dən 70-ə, hər
kəs tərəfindən sevilir. Bunun sirri nədir?
- Mən hər cür mahnılar bəstələyirəm. Türkiyədə gəlmiş keçmiş bütün sənətkarların
ən azından 100-də 90 faizinin bəstələrini oxumuşam. Zaman sənə ayaq uydura bilməz,
məcbursan ki, sən zamana ayaq uydurasan. Xalq nə istəyirsə, onu təhlil edib,
onların zövqünü nəzərə alıb, yola o şəkildə davam etməlisən. Bu, çox önəmli məsələdir
və mən də zamana uyğun hərəkət edirəm. Hesab edirəm ki, işin sirri ancaq bundan
ibarətdir.
- Hər zaman deyirsiniz ki,
15 yaşında evdən ayrılıb İstanbula gəlibsiniz. Sizin üçün bu mərhələ çoxmu çətin
oldu?
- Türk dilini 8 yaşımda məktəbə gedəndə öyrənmişəm. Rəhmətlik anam misirli,
atam hataylı, babam isə Atatürkün silah yoldaşı olub. Məktəbi bitirəndə "müğənni
olacam” dedim. Ailəm çox kasıb idi. 15 yaşında İstanbula gəldim və həmin gün özümə
iş tapdım. Elə o yaşdan da başlayaraq ailəmə baxdım, yemədim, yedirtdim, geyinmədim,
geyindirdim, parklarda yatdığım günlər oldu. Soğan-çörək yeyirdim ki, ata-anama
göndərəcəyim pul azalmasın. Artıq 16 yaşım olanda məşhur idim. Nə üçün? Çünki ailəmə
etdiyim yaxşılıqlara görə, Allah məni mükafatlandırdı. Notları da kitabların köməyi
ilə özüm öyrənmişəm.
- Musiqi aləmində hər gün yeni
adlarla qarşılaşırıq. Sizin kimi qalıcı adlar isə azlıq təşkil edir. Siz bunu
nə ilə əlaqələndirirsiniz?
- Bu günə qədər yazılmayanları yazır, istifadə olunmayan musiqiləri ifa
etmək istəyirəm. Hər kəsin tez-tez istifadə etdiyi "Qismətim belə imiş” və ya "Mən
ölürəm məzarıma gəlmə” cümlələri yazmıram. Mənim mahnılarım eşqi, sevgini, kədəri
ifadə edir. İnsanların qəlbinə toxunmaq çox önəmlidir.
- Repertuarınıza nəzər
yetirdikdə roman havasından Qaradəniz türklərinə, türk sənət musiqisindən arabeskə
qədər hər növ musiqiləriniz var. Bu rəngarəngliyi necə qoruyub saxlayırsınız?
- 17 yaşında məşhur olan musiqiçiyəm. O zamanlar bəstə yox idi. Düşündüm
ki, notu bilməliyəm. Dərs alacaq qədər maddi durumum da yox idi. Bizim kəndimizdə
sadəcə, məktəb var idi, əslində vəziyyət elə indi də elədir. Kitabların köməyi ilə
bildiyim mahnılara baxaraq, onları incələyərək yola çıxdım, heç kimdən dərs almadım
və notları özüm öyrəndim. Yəni deməyim odur ki, insan istəyərsə, istəyinə doğru
yol alarsa, çalışarsa, mütləq istədiyini əldə edər. İndi hər cür mahnı bəstələyirəm.
Mahnı yazarkən həyatdan ilham alıram. Ətrafımda çox zəngin ilham qaynaqlarım var.
Bəstələdiyim musiqilər arasında roman, türkü, qərb musiqisi, türk sənət musiqisi
var. Hətta məndən opera istəsələr, onu da yazaram.
- Gündəm olan saysız mahnıların
müəllifisiniz. Yeni mahnı bəstələyərkən
əvvəlkindən daha yaxşısını ərsəyə gətirmək çətin deyil?
- Əsər qalıcı olmalı, tez bir zamanda unudulmamalıdır. 20-30 il əvvəl
məşhur olan sənətçilər bu gün yoxdurlar. Hazırda müəyyən pilləyə gəlib çıxmaq asan,
ancaq orada qalmaq çətindir. Şükürlər olsun ki, bəstəkarlıq bacarığıma görə, mən
qalıcı oldum. Dünyaya bir daha gəlsəm, yenə Selami Şahin, yenə bəstəkar və müğənni
olmaq istəyərəm. Çünki musiqiyə aşiqəm, dəlilər kimi sevirəm. Ona görə də, onların
heç biri mənə çətin gəlmir.
- Bəstələrinizi demək olar ki,
bütün müğənnilər ifa edir. Kimlərəsə verdiyiniz mahnını nəyə görə bəlirləyirsiniz?
- Bağçaya baxın, bütün güllərin hamısı gözəldir… Eləcə də, bütün
sənətkarlar mənim üçün dəyərlidir. Zəki Mürən
30, Bülənt Ərsoy 20, İbrahim Tatlısəs 15 bəstəmi səsləndirib. Onların hamısının
qəlbimdə yeri ayrıdır. Mahnını hazırlayarkən
ifaçının səsinə, ritminə oturacağını düşünürəm və ona uyğun şəkildə
hazırlayıram.
- Həyat yoldaşınıza olan eşqinizi
davamlı olaraq dilə gətirirsiniz. Xoşbəxt evliliyin sirri nədir?
- Ağıllı insanlar xoşbəxt yaşayar. Həyat yoldaşımı sevirəm. O, mənə dünyanın
ən gözəl 3 mükafatını – iki oğlumu və bir qızımı bəxş edib. Xanımım həyatını uşaqlarıma
həsr edib. Xanımlar nə deyirsə, o da olmalıdır. Ailəm üçün canımı verərəm.
Tanrıdan sonra ailəmə tapınıram. Övladlarım
mənim hər şeyimdir. Bütün işlərdə bərabər oturub, bərabər düşünüb qərar veririk.
- İstərdik, son albomunuz olan
"Başdan başa sən”dən bəhs edəsiniz.
- Bir-birindən fərqli, duyğuları açığa çıxaran və tamaşaçının hisslərinə
toxunan əsərlərimin toplandığı bir albomdur. Albomda bir-birindən fərqli 12 mahnım
var. Albomun aranjemanının Selim Çaldıran, Aydın Sarman və Aykut Gürel həyata keçirib.
Bu albomda 2016-cı ildə yayımladığım söz və musiqisi mənə aid olan "Kolay değil”
adlı mahnım xaricində 11 yeni mahnı var. 80-ci illərdə Tanju Okan üçün yazdığım
və o dövrlər notlarını itirdiyim "Kapatma”, "Meyhaneçi” adlı mahnıya da albomda
yer verdim. İlk dəfə bu albomda səsləndirdiyim mahnını Tanju Okana ithaf etdim.
- Mahnını oxuyarkən, yoxsa bəstələyərkən
özünüzü daha çox ifadə edirsiniz?
- Hər birinin yeri çox fərqlidir. İçimdə musiqiyə qarşı böyük bir sevgi
var.
Tərcümə etdi: Xəyalə Məmmədova