• cümə axşamı, 28 mart, 19:50
  • Baku Bakı 13°C

İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır

07.04.21 17:45 1338
İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır
Fəsil dəyişikliyi zamanı bir çox mövsümü xəstəliklər baş qaldırır. Onların arasında allergiyalar da var. Ağacların çiçək açması, tozlanma nəticəsində havada uçuşan toz hissəcikləri insanlarda allergiyaya səbəb ola bilər. Yazda allergiyası kəskinləşənlər günün birinci yarısı, xüsusilə saat 10-11 arası açıq havada gəzməməlidirlər, çünki tozlanma daha çox səhər saatlarında olur.
Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova bu barədəAZƏRTAC-a deyib: "Allergiyanın müxtəlif növləri var. Məsələn, qida maddələrinə, hansısa dərmana, heyvanlara, yuna və toza qarşı allergiyalar olur. Bitkilər çiçək açarkən və tozlanarkən da allergiyalar yarana bilər. Bu, əsasən martın əvvəllərindən başlayaraq aprel-may aylarına qədər davam edir. Bəzən elə xəstələr olur ki, onlarda mövsümü xəstəliklər payız aylarına qədər davam edir. Həmin xəstələr adətən göz sulanması, burunda qıcıqlanma, tez-tez asqırmalar, göz, burun və qulaqlarda qaşınmalardan şikayət edirlər”.
Onun dediyinə görə, mövsümü xəstəliklərə səbəb olan bəzi allergiyaların vaxtında müalicə olunmaması hətta qış fəslində müəyyən qidalara qarşı allergik reaksiyalar yaradır: "İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır. Elə ola bilər ki, müəyyən müddət keçəndən sonra həmin xəstələrdə mövsümi allergik bronxit əmələ gələ bilər. Mövsüm vaxtı onlarda öskürmə, təngnəfəslik və xışıltı ola bilər. Ona görə də belə xəstələr allerqoloqa müraciət edərək müalicə olunmalı və dərman preparatları qəbul etməməlidirlər. Yaz vaxtı həmin xəstəliyi olanlar imkan daxilində qolu açıq geyinməməlidirlər”.
Həkim-allerqoloq bildirib ki, çiçək tozcuqlarından qorunmaq üçün evə gələrkən dərhal geyimi dəyişmək, duş qəbul etmək lazımdır: "Mövsüm bitdikdən sonra isə həmin xəstəyə sınaqlar qoyularaq allergiyaya hansı çiçək və ya bitkinin səbəb olduğunu öyrənmək lazımdir. İmmunoterapiya vasitəsilə həmin xəstələrin 80 faizi müalicə edilir. Müalicə olunmadıqda bronxit, bronxial astma, bəzən mövsüm zamanı allergik rinit olan xəstədə iki-üç il sonra allergik bronxit əmələ gəlir və sonralar astmaya qədər aparıb çıxarır”.
Yaz fəslində virus infeksiyalarının törətdiyi xəstəlikləri də unutmaq olmaz. Ona görə də yazda həm allergik xəstəliklərdən, həm də virus infeksiyalarından qorunmaq lazımdır.
banner

Oxşar Xəbərlər