• cümə, 26 Aprel, 12:55
  • Baku Bakı 23°C

İlin sonuna kimi əhalinin yarısı peyvəndlənə bilər

15.06.21 15:45 336
İlin sonuna kimi əhalinin yarısı peyvəndlənə bilər
Koronavirusun bütün dalğalarında olduğu kimi sonuncu dalğada da yoluxma sayı pik həddə çatdıqdan sonra kəskin eniş olacağı gözlənilən idi.AZƏRTACxəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib. Son günlər ölkədə koronavirusa yoluxma sayının minimuma yaxınlaşdığını söyləyən həkim deyib: "Sevindirici haldır ki, ölüm halı ya heç qeydə alınmır, ya da bu virusdan həyatını itirənlərin sayı 2-3 nəfər olur. Ümumiyyətlə infeksiyaya yoluxma sayı çoxaldıqca xəstəxanalara müraciətlər də, təbii olaraq, çoxalır. Xəstələrin ağırlaşdığı belə vəziyyətdə ölüm hallarının artması riski yaranır. Belə qənaətə gəlmək olur ki, hazırda Azərbaycanda yoluxma sayı az olduğu üçün ölüm halları da minimuma enib. Bunun əsas səbəbi isə, ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsidir. Vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, yoluxma sayı və ağırlaşmalar azalar”.
Həkim-infeksionistin məlumatına görə, koronavirus əleyhinə peyvəndləmə indiki sürətlə davam edərsə, Ümumdünya Səhiyyə Təşkilatının ilin sonuna qədər dünya əhalisinin 30 faizinin vaksinasiyadan keçirilməsinə dair etdiyi çağırışa nail ola, hətta bu faizi ötə bilərik: "Azərbaycanda vaksin olunmaq üçün qoyulan yaş məhdudiyyəti götürülüb və 18 yaşdan yuxarı hər kəs peyvənd oluna bilər. Həmçinin Azərbaycanda 4 vaksin növündən - CoronaVac, AztraZeneca, Sputnik V və Pfitzerdən istifadə edilir. Beləliklə, peyvənd olunmamaq üçün əngəl yoxdur və vətəndaşlar ölkədə istifadə edilən vaksinlərdən istədiklərini seçib vurdura bilərlər. Bundan başqa, vaksinasiyadan keçmiş şəxslər üçün bir sıra imtiyazlar mövcuddur. Bu səbəbdən, indi bəzi şəxslər təkcə sağlamlıqlarını qorumaq naminə deyil, həm də imtiyazlardan yararlanmaq üçün peyvənd etdirirlər. Bildiyimiz kimi, COVID-19 pasportu əldə etmiş hər kəsə bir sıra ictimai yerlərə giriş sərbəstdir. Nəticədə, bu imtiyazlar ölkədə vaksinasiya prosesinin sürətlənməsinə səbəb olur. Vətəndaşların vaksin olunmağa marağı bu templə artarsa, 2021-ci ilin sonuna kimi əhalinin yarısı vaksinasiyadan keçmiş ola bilər”.
Xatırladaq ki, hazırkı dövrədək ölkəmizdə 335 min 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 328 min 699 nəfər müalicə olunaraq sağalıb, 4955 nəfər vəfat edib. Aktiv xəstə sayı 1542 nəfərdir. Ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 775 min 641-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 811 min 104, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 964 min 537 nəfərdir.
banner

Oxşar Xəbərlər