• şənbə, 20 Aprel, 14:08
  • Baku Bakı 23°C

İlin ən yenilikçi ödəniş forması - Paymes - Startap

22.06.19 11:00 5116
İlin ən yenilikçi ödəniş forması - Paymes - Startap
Bu gün onlayn ödəniş ən çox istifadə etdiyimiz və işimizi asanlaşdıran sistemdir. Xüsusilə, onlayn alış-veriş vasitəsilə dünyanın istənilən ölkəsindən məhsulu ayağımıza gətirmək mümkündür. Lakin məhsulu görmədən pul ödəmək, yaxud ödədiyimiz pulun ünvana çatıb-çatmadığı ilə bağlı bir çox hallarda şübhələrimiz də olur. Bu zaman dadımıza "Paymes” startapı çatır. "Paymes” bir dostunuz ilə söhbət edər kimi, mesajlaşma tətbiqləri vasitəsilə məhsullarınızı satmağınıza və etibarlı şəkildə satın almağınıza imkan yaradan alış-veriş sistemidir.

2018-ci ildə "Seedstars” və "Slush” kimi qlobal yarışlarda önə çıxan "Paym.es” Beynəlxalq Maliyyə Mükafatlarında ilin ən yenilikçi ödəniş forması seçilib.Müsahibimiz "Paymes” şirkətinin Azərbaycan təmsilçisi Cəfər Məmmədovdur.

Cəfər bakalavr təhsilini Türkiyənin Çanaqqala, magistr təhsilini isə İstanbul Universitetində alıb. Türkiyədə bir il işlədikdən sonra Azərbaycana gəlib. Deyir ki, şirkət ilk dəfə 2017-ci ildə Türkiyədə qurulub. Ötən ilin oktyabr-noyabr aylarından Azərbaycan bazarına daxil olub. Hazırda ölkəmiz də daxil olmaqla, Türkiyə, Amerika və Ərəbistan bazarında fəaliyyət göstərir. "Paymes”in quruculardan biri isə həmyerlimiz Həsən Cabbarovdur.


- Cəfər bəy, ideya ilk dəfə necə yarandı və sayt necə fəaliyyət göstərir?
- Sosial media vasitəsilə ödəniş həyata keçiriləndə çox vaxt ödəmə problemi yaranırdı. Məsələn, biz "İnstaqram”dan bir məhsulu bəyənirik və almaq istəyirik. Qarşı tərəfə kargo ilə göndərəndə məhsul müştərini narazı sala bilir. Ya başqa məhsul çıxır, yaxud keyfiyyəti göstərilən kimi olmur. Bu zaman gələn məhsul necə olsa da, bununla barışmalısan. Çünki ödənilən pulu geri qaytarmaq bir çox hallarda mümkün deyil. Biz də bundan yola çıxaraq insanların saniyələr içində etibarlı alış-veriş etməsi üçün bu sistemi yaratdıq. "Paymes” həm satıcının, həm də alıcının işini rahatlaşdırır. Satıcı ödəmə almaq istəyir, alıcı isə bunun etibarlı şəkildə olmasını arzulayır. Satıcı "Paym.es” saytına daxil olur, məhsulun linkini yaradır və alıcısına göndərir. Alıcı linkə daxil olaraq, ödəməsini edir və bu zaman pul bizim hesaba düşür. Satıcı məhsulu göndərir. Məhsul alıcıya çatdıqdan sonra və alıcının problemi olmadıqda, ödəmə qəbul olunur. Bütün məsuliyyət bizdə olur. Hər hansı problemlər yarandıqda, biz alıcıya pulu geri ödəyirik. Türkiyədə hazırda belə bir qanun var ki, illik 30 min lirəyə qədər alış-verişdən dövlət heç bir vergi almır. Biz bu ödəmələri kartlara keçiririk. Amma korporativ müştərilərlə müqavilə əsasında işləyirik. Azərbaycanda da artıq hər kəsin VÖEN hesabı olduğu üçün ödəniş etməkdə problem yaranmır. Bizim əsas işimiz satıcıların onlayn olaraq ödəmə almasını təmin etməkdir.

- Sosial ticarətin ödəniş forması necədir?
- "Paymes” fərdlər üçün şirkət qurmaq, internet saytına sahib olmaq, proqram və ya sənədə ehtiyac olmadan, dünyanın hər yerindən mesajlaşaraq ödənişin alınmasına imkan yaradır. Türkiyədə son 1 ildə sürətlə böyüyərək 350 min istifadəçiyə sahibdir və son 3 ayda gəlirlərini üç dəfə artırmağa nail olub.
"Paym.es” yaş limiti, hər hansı bir cihaza tələbat, dil və lokasiya ayrı-seçkiliyi olmadan hər kəsin saniyələr içində sosial kanallar vasitəsilə ödənişlərini qəbul etməyə imkan yaradır. Məsələn, satıcının bir butiki var və məhsulunu onlayn şəkildə satmaq istəyir. Bizim platformaya daxil olur, alıcı ilə mesajlaşır, məhsul, qiyməti haqqında məlumat alır. Daha sonra həmin məlumatları bizə yazır, şəklini göndərir və link yaradır. Satıcı həmin linki qarşı tərəfə göndərir. Alıcı linkə daxil olan kimi şəkli, qiyməti görür. Kartla ödəməsini edir, komissiya faizini götürür və ödəniş satıcının hesabına düşür. Həmçinin xarici saytlardan da ödəmə olmasına kömək edirik. Biz vasitəçiyik, satıcıların asanlıqla ödəmə almasını təmin edirik. Əvvəllər ödəmə almaq istəsəniz, mütləq bir saytınız olmalı idi. Burada sayta ehtiyac yoxdur. Biz onlayn ödəmə üçün sizə dəstək oluruq.


- Bəs burada "Paymes”in qazancı nədir?
- Biz xidmət göstəririk və pul köçürmələrində komissiya faizi alırıq. Qazancımız ancaq komissiya faizləridir. Həmçinin startapımız "DAAL Venture Capital” tərəfindən də maliyyələşdiriləcək. "DAAL Venture Capital”ın əsas fokusu maliyyə texnologiyalarıdır, bu baxımdan, bu tip startaplara üstünlük verir. Bundan əlavə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və nazirliyə məxsus "Yüksək Texnologiyalar Parkı”nın istər bizim layihəyə, istərsə də digər startaplara dəstəyini hər zaman hiss edirik.

- "Paymes” Türkiyədə kifayət qədər uğurlar əldə edib və hətta Avropanın ən yaxşı 50 şirkətindən biri olaraq göstərilib. Hazırda Türkiyədə 350 mindən artıq istifadəçiyə xidmət edir. Bəs Azərbaycanda vəziyyət necədir?
- E-ticarəti bir addım qabaqlayan sosial ticarətin Azərbaycandakı varlığı ilə əlaqəli aparılan araşdırmanın nəticələrini paylaşan "Paym.es”in qurucu ortağı Həsən Cabbarov bildirmişdi ki, əhali sayı ümumilikdə 10 milyon olan Azərbaycanda 2 milyon aktiv "İnstağram” hesabı var. "İnstağram”dan satış üçün istifadə edənlərin sayı isə 254 min, "İnstağram” vasitəsi ilə Azərbaycanda həyata keçirilən sosial ticarətin orta hesabla səbəti 64 manatdır. Bu rəqəm Türkiyədə 40 manata qədərdir. Azərbaycanda istifadəçilər asan istifadə edilməsi səbəbi ilə və e-ticarət infrastrukturlarının müasir olmamasına görə, "İnstağram”dan satış məqsədi ilə istifadə edir. "İnstağram” vasitəsi ilə həyata keçirilən satışları, ölkədə xüsusi şəxsi pul köçürməsi olmadığından, nağd şəkildə etməyə səy göstərirlər. Bu prosesin həm çətinlikləri, həm də müxtəlif riskləri var. Buna baxmayaraq, "İnstağram” satışları böyük bir paya çatmış hala gəlib. Azərbaycanda bu bazara ödəniş vasitəçiliyi edən "Paym.es”dən başqa hər hansı bir başqa xidmət olmadığından, bizim üçün ciddi potensial var. Həmçinin artıq yaxın zamanda paymes boxlardan (qutular) istifadə etməyi planlaşdırırıq . "Paymes” üzərindən satış edən satıcılar müəyyən ərazilərdə yerləşdirəcəyimiz paymes boxlara məhsulu yerləşdirəcək və alıcısına kod gedəcək ki, sizin məhsulunuz filan alış-veriş mərkəzində 5 nömrəli qutunun içindədir. Alıcı da QR kodu oxutmaqla məhsulunu ala bilər. Məhsulu aldıqdan sonra, əgər problem yoxdursa, ödəmə satıcının hesabına göndərilir. Problem olarsa, hər iki tərəflə görüşürük, heç bir komissiya faizi tutulmadan ödənişi alıcının hesabına geri qaytarırıq. Keçən ilin araşdırmasına görə, Azərbaycanda illik onlayn ödənişlər 35-40 milyon manat arasında idi. Buna kommunal ödənişlər də daxil idi. Hazırda onlayn sifarişləri daha çox Türkiyədən verirlər.

- Bu sahədə təcrübəsi olan bir insan kimi startapa yeni başlayan gənclərə nə demək istəyərdiniz?
- Startap ehtiyacdan doğulmalıdır. Bazar araşdırması yaxşı olmalıdır. Tək Azərbaycan bazarı deyil, dünya bazarına çıxmağa hazırlaşsınlar. İşə yeni başlayan insan ilk olaraq qərar verməlidir ki, bu, lazımdır, yoxsa yox. Startap elə bir sahədir ki, sən bu gün başlayıb bir ildən sonra da pul götürməyə bilərsən. Buna vaxtını, zamanını, hətta cibində olan son qəpiyini də xərcləməyə hazır olmalısan. Startap da biznes kimi risklidir. Tuta da bilər, tutmaya da. "Filankəsin startapı var, mən də başlayım” fikri ilə işə başlamayın. Bir işi başladınsa, mütləq sona qədər getməlisən, ya da başlamamalısan. Ortada dayandınsa, batırsan. İdeyanı fikirləşəndə geniş çərçivədə düşünsünlər. Məsələn, düşünsünlər ki, qurduqları startap dünyanın problemlərini həll edəcək. Mütləq qlobal bazarı düşünmək lazımdır. Xəyalların geniş olanda, uğurların da çox olur.

- 4 ölkədə fəaliyyət göstərən "Paymes”in gələcək planları nədir?
- Dünyaya çıxmağa hazırlaşırıq. Hazırda hədəfimiz Rusiya və Gürcüstan bazarıdır. Azərbaycan Rusiya bazarında strateji əhəmiyyətə malikdir. Sosial ticarətin dünyanın ən çox yayıldığı yerdə, Rusiya, Yaxın Şərq və Şimali Afrika (MENA) ilə Latın Amerikası ölkələri olmaqla yanaşı, ən böyük bazara sahibdir. Azərbaycan yerləşdiyi yerə görə, həm Türkiyədə öyrəndiyimiz texnikaları tətbiq edə biləcəyimiz, həm də rus və azərbaycan dillərində danışıldığından Rusiya ilə əlaqədar təcrübə əldə edə biləcəyimiz əhəmiyyətli bir ölkədir. Azərbaycan hökuməti vətəndaşlarının gəlir əldə etdiyi "İnstaqram” bazarı üçün investisiyaları dəstəkləyəcək işlər görür. Bu da bizə güvən verir. 2019-cu ildən etibarən biz Rusiya və Azərbaycandakı fəaliyyətlərimizi birləşdirmək və onu ölkəmizdəki mərkəz vasitəsi ilə idarə etmək istəyirik.

Aygün ƏZİZ




banner

Oxşar Xəbərlər