• cümə axşamı, 25 aprel, 02:38
  • Baku Bakı 19°C

“İlham Əliyev hakimiyyətinin uğurları Əli Kərimli tipli insanların siyasi iflasını dərinləşdirir” – Əli Həsənov

19.02.19 17:50 629
“İlham Əliyev hakimiyyətinin uğurları Əli Kərimli tipli insanların siyasi iflasını dərinləşdirir” – Əli Həsənov
"Prezident İlham Əliyev həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi son aylarda büdcəmizin artan imkanlarını sosial problemlərin həllinə yönəltdikdən, iqtisadi liberallaşmanı sürətləndirdikdən, siyasi plüralizmin genişlənməsi və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul etdikdən sonra məlum xarici anti-Azərbaycan qüvvələr daha da fəallaşıblar”. Bu fikirləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində paylaşdığı məqaləsində qeyd edib.
Prezidentin köməkçisi bildirib ki, bu qüvvələr xaricdəki anti-Azərbaycan şəbəkəsi və ölkəmizin daxilindəki "beşinci kolonu”, bir çox digər uzantılarını, o cümlədən Əli Kərimlini və onun qrupunu fəallaşdıraraq işə qoşub: "Əli Kərimlinin xaricdə mənzillənən internet resurslarından birinə müsahibə verərkən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi effektli siyasəti öz merkantil maraqları çərçivəsində şərh etməyə çalışması da həmin şəbəkənin fəaliyyətinin bir təzahürüdür. Bəri başdan qeyd edim ki, Əli Kərimlinin müsahibədə səsləndirdiyi fikirlərin hamısı əsassız, reallıqdan uzaq, onun daxili aləminin inikası olmaqla dövlətə və xalqa son dərəcə yad münasibətinin, ikrahla yanaşmasının ifadəsidir.
İrəli sürdüyü və heç bir arqumentə tab gətirməyəcək iddialarının əsasında dayanan motiv də aydındır. O, hər vəchlə hakimiyyət və onun həyata keçirdiyi siyasət barədə cəmiyyətdə formalaşmış müsbət rəyi qaralamağa çalışır. Görünən reallıq odur ki, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır. Belə olan halda isə onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real subyekti kimi təqdim edə bilmirlər, hətta əbədi müxalifət titulunu da itirmək təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını real təhlükə kimi gözlərinin qarşısına alırlar.
Odur ki, sağlam müxalifətçilik zehniyyətlə yürüdülən siyasəti təhlil etmək, əgər varsa, onun nöqsanlarını göstərmək, mümkün çətinliklərə diqqət çəkmək, bu yolla müəyyən düzəlişlərə nail olmaq deyil, həmin siyasətin gerçəkləşməsi üçün zəruri olan resurs və alətləri sıradan çıxarmağa, müsbət indikatorları zərbə altına salmağa çalışırlar. Qara niyyətlərinə ağ yalanlarla heç cür bəraət qazandıra bilmədikləri hallarda isə iddia etməyə başlayırlar ki, guya, Azərbaycan hakimiyyətinin son qərarları və addımları yanvarın 19-da müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsidir”.
banner

Oxşar Xəbərlər