İlham Əliyev: “Bu cinayətlərdə onların da əli və payı var”
"Azərbaycan
dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti
heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz
Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O
vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi,
kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı”.
"Kaspi.az”
xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin
2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclasında bildirib. Prezident keçən il Ermənistanda
böyük dəyişikliklərin baş verdiyinə diqqət çəkib. Deyib ki, iyirmi il
hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi Ermənistanda süqut
edib. Onun sözlərinə görə, bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı
sonudur: "Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol
oynayır. Çünki məhz bu siyasətə
görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu
işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü.
Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni,
əhalinin azalması prosesi geniş vüsət alıbdır. ...Biz
dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta
rejimi hökm sürür. Ancaq əfsuslar
olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə
ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş
prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər.
Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt
etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq
əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin
fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa
Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar
o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki,
Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı
kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə
görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna
ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq
arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb.
Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi”.
Prezident qeyd
edib ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi
araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun
cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası
siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar: "Bizim tələbimiz bundan
ibarətdir. Əgər bu, olmasa,
demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq
təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng
bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun
əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını
yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində
cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli,
onların da payı var. Mən
dəfələrlə demişəm ki, Ermənistanı kriminal rejim idarə edir. İndi bunu erməni
xalqı deyir. Onların keçmiş rəhbərləri cinayətkardır, bu, sübut olunub. Onların
qəhrəmanları qorxaqdır, onların generalları oğrudur. Bax, budur, Ermənistanın
indiki vəziyyəti. Müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il
ərzində cinayətkarlar idarə ediblərsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq
o qədər də çətin deyil”.
Prezident İlham
Əliyev vurğulayıb ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün
bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır: "Biz buna
hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan
silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır”.