İlham Əliyev Azərbaycanın alternativsiz lideridir
Dövlətimizin başçısı İlham
Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsinin bir ili tamam olur. 2018-ci
il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilib. Seçkilərdə
inamlı qələbə qazanmış İlham Heydər oğlu Əliyev aprelin 18-də Konstitusiyaya və
müqəddəs Qurani-Kərimə əl basaraq and içib və növbəti 7 il üçün
səlahiyyətlərinin icrasına başlayıb. Əgər ötən bir ilə nəzər salsaq, Azərbaycan
xalqının öz seçimində yanılmadığının, vətəndaşlarımızın siyasi şüurunun və
seçmək qabiliyyətinin nə qədər yüksək olduğunun bir daha şahidi olarıq. Dünyada
və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan ötən
bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi
inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri
addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Məhz
buna görə də Azərbaycan xalqı hər zaman olduğu kimi, bu gün də Prezident İlham
Əliyevin xarici və daxili siyasətini dəstəkləyir, Azərbaycanın daha da
güclü-qüdrətli dövlət olması üçün ölkə başçısının ətrafında birləşib. Fransanın
"Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla,
Azərbaycanın bütün bölgələrində fevral-mart aylarında keçirilmiş geniş rəy
sorğusunun nəticələri də bu reallığı özündə əks etdirib. Həmin sorğunun
nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və
sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin
fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.
Bu, bir daha onu göstərir
ki, Azərbaycan cəmiyyətində mütləq əksəriyyət Prezident İlham Əliyevin
fəaliyyətini yüksək qiymətləndirir, ona dəstək nümayiş etdirir. Azərbaycan
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru,
professor Əli Həsənov mətbuatda dərc etdirdiyi "İlham Əliyev: yeni prezidentlik
dövrünün möhtəşəm bir ili” adlı məqaləsində də dövlət başçısının ictimai-siyasi
fəaliyyətinə geniş yer ayrılıb. Qeyd olunub ki, İlham Heydər oğlu Əliyevin
seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində
onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında
dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır. Prezident
İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı,
xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi
bütün vədlər həyatda öz təsdiqini tapıb. Prezidentin köməkçisi bildirib ki, 15
il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi
inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoyub. Ölkə
iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə,
kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb, Azərbaycanın
valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018)
çatdırılıb.
Administrasiya rəsmisinin
sözlərinə görə, 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar
investisiya qoyulub ki, bu da müstəqillik dövründə Azərbaycana yatırılan
sərmayənin 93 faizi deməkdir. O, ötən illər ərzində Azərbaycanın beynəlxalq
reytinqlərdə yüksək yerlərə qalxdığını da qeyd edib. Bildirib ki, Dünya Bankı,
Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda
aparılan islahatlara yüksək qiymət verib. Davos Forumunun "İnklüziv
inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80
ölkə arasında 3-cü yerə yüksəlib. Bununla yanaşı, keçən dövr ərzində Azərbaycan
Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da
möhkəmləndirib. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili
işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas
prinsiplərindən birini təşkil edib. Beynəlxalq aləmlə qarşılıqlı faydalı və
bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə
mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin
olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilib.
Milli
Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da "Kaspi”
qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev hər zaman xalqla
birlikdədir. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev xalqın
istək və arzularını özünün fəaliyyət prioritetinə çevirir və bundan irəli gələn
vəzifələrin reallaşdırılmasında məqsədyönlüdür, ardıcıldır, prinsipialdır:
"Prezident İlham Əliyevin hər sözü, hər fikri əməli fəaliyyətdə fiksasiya
olunur. Hesab edirəm ki, bu, çox ciddi amildir və heç də hər dövlət başçısı,
siyasi xadim bu keyfiyyətin daşıyıcısı ola bilmək bacarığında deyil. Onu da
düşünürəm ki, hər bir dövlət xadiminin cəmiyyətdəki populyarlığını şərtləndirən
cəhət onun hər kəlməsinin real iş müstəvisinə daşınmasındadır. Bəli, cənab
İlham Əliyev vədlər verir və onun vədləri dövlətin islahat paketində
realizasiyasını tapır. İnsanlar bunu aydın görür, qiymətləndirir və
dəstəkləyirlər. Ötən bir il ərzində də biz belə fəaliyyətin şahidi olmuşuq.
Fransanın "Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri əslində
xalqın dövlət başçısının belə dəst-xəttinə adekvat münasibətidir. Bu münasibət
onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycanın alternativsiz
lideridir. Məlum sorğuda iştirak edən respondentlər konkret olaraq Prezidentin
son bir ildəki fəaliyyətinə yüksək qiymət veriblər”.
Ə.Amaşov deyib ki, ötən bir
ilin təhlili Azərbaycanda böyük keyfiyyət dəyişikliklərinin aparıldığını
göstərir. Onun sözlərinə görə, prezidentin 2018-ci ilin aprel seçkisindən sonra
keçirilmiş andiçmə mərasimində səsləndirdiyi fikirlər böyük fəaliyyət
platformasını təşkil edir: "Proses həddən artıq çoxşaxəlidir. Burada kadr
islahatlarından tutmuş struktur və məhkəmə islahatlarınadək bütün detallar tam
şəkildə əksini tapır. Vətəndaşlar Fransanın "Opinion Way” şirkətinin keçirdiyi
rəy sorğusuna cavablarında da məhz buna qiymət veriblər. Onlar heç şübhəsiz,
islahatların daha da dərinləşəcəyinə əmindirlər. Onlar inanırlar ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə daha ciddi
uğurlara imza atacaqdır. Vətəndaşlar ona da əmindirlər ki, dövlət başçısının
yeritdiyi siyasət kursu onların rifah halının yüksəldəcəkdir. Azərbaycan
Prezidenti işini ictimaiyyətdən, mediadan gələn reaksiyaları, cəmiyyətin və
mətbuatın bu və ya digər məsələyə yanaşmasını ciddi şəkildə nəzərə alaraq
qurur. Onun jestləri həm siyasi liderlik, həm də müstəsna böyüklük nümunəsidir.
Siyasi liderliyində və böyüklüyündə sadəlik və səmimilik ştrixləri var. Hesab
edirəm ki, hər bir vətəndaş bu incəliyi duyur”.
Millət
vəkili, politoloq Elman Nəsirov da bizimlə söhbətində bildirib ki, Azərbaycanın
möhtəşəm uğurlarını şərtləndirən siyasi kurs 2018-ci il 11 aprel seçkilərində
növbəti dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilmiş
İlham Əliyev tərəfindən son 1 il ərzində yeni məzmunla zənginləşdirilib. Onun
fikrincə, dövlətimizin başçısının təşəbbüsü ilə prezident seçkilərindən sonra
ölkəmizdə islahatların yeni mərhələsinə keçidin anonsu verilib və 2019-cu ilin
əvvəlindən başlayaraq sosial-iqtisadi sferada köklü və sistemli dəyişikliklərə
başlanılıb: "Bu islahatlar küll halında xalqımızın sosial rifahının yüksəlməsi
mənafeyinə xidmət göstərir. Başqa cür ola da bilməz. Prezident İlham Əliyev
dəfələrlə öz çıxışlarında qeyd edib ki, bütün siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Sözü ilə əməli hər zaman
üst-üstə düşən Prezident İlham Əliyev sosial paketdən olan yeni islahatlar
kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir.
Prezident İlham Əliyevin 15 il ərzində davamlı olaraq həyata keçirdiyi
islahatlar kursu son bir il ərzində yeni mərhələyə daxil olmaqla ölkəmizdə
ictimai-siyasi və sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirib, səfərbər
olunmuş cəmiyyət formalaşdırıb, vətəndaş həmrəyliyini şərtləndirib, ən əsası isə
xalq-hakimiyyət birliyini monolit qüvvəyə çevirib. Bu reallıqları dünyanın ən
nüfuzlu reytinq agentlikləri də təsdiqləməkdədirlər”.
Millət vəkili bildirib ki, Azərbaycanda
ictimai-siyasi və sosial-iqtisadi sabitliyin, vətəndaş həmrəyliyinin, səfərbər
olunmuş cəmiyyətin, sosial-iqtisadi, siyasi və məhkəmə-hüquq sistemində köklü
islahatların təşəbbüskarı və qarantı Prezident İlham Əliyevdir: "Məhz Prezident
İlham Əliyevin müəyyən etdiyi müstəqil və milli maraqlara söykənən həm daxili,
həm də xarici siyasət kursu Azərbaycanın bütün uğurlarını şərtləndirir və onun
davamlılığını təmin edir. Eyni məntiqlə yanaşdıqda növbəti qənaətimiz hasil
olur. Həmin qənaətə görə, əgər bu gün ölkəmizdə prezident seçkiləri
keçirilsəydi, cənab İlham Əliyev xalq sevgisi və etimadının nəticəsi olaraq 1
il öncə qazandığı 86,03 faizlik nəticəni üstələyə bilərdi. Prezidentin atdığı
addımların miqyası və xalqın reaksiyası bu qənaətə gəlməyə əsas verir”.
Rufik
İSMAYILOV