• cümə, 19 Aprel, 00:14
  • Baku Bakı 18°C

İlham Əliyev Azərbaycanın alternativsiz lideridir

11.04.19 20:08 1325
İlham Əliyev Azərbaycanın alternativsiz lideridir
Dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsinin bir ili tamam olur. 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilib. Seçkilərdə inamlı qələbə qazanmış İlham Heydər oğlu Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içib və növbəti 7 il üçün səlahiyyətlərinin icrasına başlayıb. Əgər ötən bir ilə nəzər salsaq, Azərbaycan xalqının öz seçimində yanılmadığının, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunun bir daha şahidi olarıq. Dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan ötən bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Məhz buna görə də Azərbaycan xalqı hər zaman olduğu kimi, bu gün də Prezident İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyir, Azərbaycanın daha da güclü-qüdrətli dövlət olması üçün ölkə başçısının ətrafında birləşib. Fransanın "Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində fevral-mart aylarında keçirilmiş geniş rəy sorğusunun nəticələri də bu reallığı özündə əks etdirib. Həmin sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.

Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyətində mütləq əksəriyyət Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, ona dəstək nümayiş etdirir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov mətbuatda dərc etdirdiyi "İlham Əliyev: yeni prezidentlik dövrünün möhtəşəm bir ili” adlı məqaləsində də dövlət başçısının ictimai-siyasi fəaliyyətinə geniş yer ayrılıb. Qeyd olunub ki, İlham Heydər oğlu Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır. Prezident İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapıb. Prezidentin köməkçisi bildirib ki, 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoyub. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb, Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılıb.

Administrasiya rəsmisinin sözlərinə görə, 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub ki, bu da müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. O, ötən illər ərzində Azərbaycanın beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxdığını da qeyd edib. Bildirib ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət verib. Davos Forumunun "İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib. Bununla yanaşı, keçən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirib. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil edib. Beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilib.


Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev hər zaman xalqla birlikdədir. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev xalqın istək və arzularını özünün fəaliyyət prioritetinə çevirir və bundan irəli gələn vəzifələrin reallaşdırılmasında məqsədyönlüdür, ardıcıldır, prinsipialdır: "Prezident İlham Əliyevin hər sözü, hər fikri əməli fəaliyyətdə fiksasiya olunur. Hesab edirəm ki, bu, çox ciddi amildir və heç də hər dövlət başçısı, siyasi xadim bu keyfiyyətin daşıyıcısı ola bilmək bacarığında deyil. Onu da düşünürəm ki, hər bir dövlət xadiminin cəmiyyətdəki populyarlığını şərtləndirən cəhət onun hər kəlməsinin real iş müstəvisinə daşınmasındadır. Bəli, cənab İlham Əliyev vədlər verir və onun vədləri dövlətin islahat paketində realizasiyasını tapır. İnsanlar bunu aydın görür, qiymətləndirir və dəstəkləyirlər. Ötən bir il ərzində də biz belə fəaliyyətin şahidi olmuşuq. Fransanın "Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri əslində xalqın dövlət başçısının belə dəst-xəttinə adekvat münasibətidir. Bu münasibət onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycanın alternativsiz lideridir. Məlum sorğuda iştirak edən respondentlər konkret olaraq Prezidentin son bir ildəki fəaliyyətinə yüksək qiymət veriblər”.

Ə.Amaşov deyib ki, ötən bir ilin təhlili Azərbaycanda böyük keyfiyyət dəyişikliklərinin aparıldığını göstərir. Onun sözlərinə görə, prezidentin 2018-ci ilin aprel seçkisindən sonra keçirilmiş andiçmə mərasimində səsləndirdiyi fikirlər böyük fəaliyyət platformasını təşkil edir: "Proses həddən artıq çoxşaxəlidir. Burada kadr islahatlarından tutmuş struktur və məhkəmə islahatlarınadək bütün detallar tam şəkildə əksini tapır. Vətəndaşlar Fransanın "Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusuna cavablarında da məhz buna qiymət veriblər. Onlar heç şübhəsiz, islahatların daha da dərinləşəcəyinə əmindirlər. Onlar inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə daha ciddi uğurlara imza atacaqdır. Vətəndaşlar ona da əmindirlər ki, dövlət başçısının yeritdiyi siyasət kursu onların rifah halının yüksəldəcəkdir. Azərbaycan Prezidenti işini ictimaiyyətdən, mediadan gələn reaksiyaları, cəmiyyətin və mətbuatın bu və ya digər məsələyə yanaşmasını ciddi şəkildə nəzərə alaraq qurur. Onun jestləri həm siyasi liderlik, həm də müstəsna böyüklük nümunəsidir. Siyasi liderliyində və böyüklüyündə sadəlik və səmimilik ştrixləri var. Hesab edirəm ki, hər bir vətəndaş bu incəliyi duyur”.

Millət vəkili, politoloq Elman Nəsirov da bizimlə söhbətində bildirib ki, Azərbaycanın möhtəşəm uğurlarını şərtləndirən siyasi kurs 2018-ci il 11 aprel seçkilərində növbəti dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilmiş İlham Əliyev tərəfindən son 1 il ərzində yeni məzmunla zənginləşdirilib. Onun fikrincə, dövlətimizin başçısının təşəbbüsü ilə prezident seçkilərindən sonra ölkəmizdə islahatların yeni mərhələsinə keçidin anonsu verilib və 2019-cu ilin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada köklü və sistemli dəyişikliklərə başlanılıb: "Bu islahatlar küll halında xalqımızın sosial rifahının yüksəlməsi mənafeyinə xidmət göstərir. Başqa cür ola da bilməz. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir. Prezident İlham Əliyevin 15 il ərzində davamlı olaraq həyata keçirdiyi islahatlar kursu son bir il ərzində yeni mərhələyə daxil olmaqla ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirib, səfərbər olunmuş cəmiyyət formalaşdırıb, vətəndaş həmrəyliyini şərtləndirib, ən əsası isə xalq-hakimiyyət birliyini monolit qüvvəyə çevirib. Bu reallıqları dünyanın ən nüfuzlu reytinq agentlikləri də təsdiqləməkdədirlər”.

Millət vəkili bildirib ki, Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi sabitliyin, vətəndaş həmrəyliyinin, səfərbər olunmuş cəmiyyətin, sosial-iqtisadi, siyasi və məhkəmə-hüquq sistemində köklü islahatların təşəbbüskarı və qarantı Prezident İlham Əliyevdir: "Məhz Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil və milli maraqlara söykənən həm daxili, həm də xarici siyasət kursu Azərbaycanın bütün uğurlarını şərtləndirir və onun davamlılığını təmin edir. Eyni məntiqlə yanaşdıqda növbəti qənaətimiz hasil olur. Həmin qənaətə görə, əgər bu gün ölkəmizdə prezident seçkiləri keçirilsəydi, cənab İlham Əliyev xalq sevgisi və etimadının nəticəsi olaraq 1 il öncə qazandığı 86,03 faizlik nəticəni üstələyə bilərdi. Prezidentin atdığı addımların miqyası və xalqın reaksiyası bu qənaətə gəlməyə əsas verir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər