• cümə axşamı, 28 mart, 15:30
  • Baku Bakı 16°C

Prezident İlham Əliyev: “Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir”

12.01.19 09:15 408
Prezident İlham Əliyev: “Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir”
"2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir”.
"Kaspi.az” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlətimizin başçısı ötən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər getdiyini, yeni risklər və təhdidlər yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Prezidentin sözlərinə görə, bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir.
Ölkə rəhbəri İlham Əliyev deyib ki, Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir: "Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək.Keçən il regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa çatdı. Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi. Bu proqram bizə imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var. Bu il biz regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Demək olar ki, proqramın əsas hissəsi hazırdır".
Prezident İlham Əliyev Azərbaycanda daxili vəziyyətin - həm ictimai-siyasi, həm iqtisadi-sosial məsələlərlə bağlı vəziyyət in sabit olduğunu vurğulayıb. Deyib ki, ölkəmiz üçün 2018-ci il əvvəlki illərdən çox da fərqlənməyib, Azərbaycan dinamik inkişaf yolu ilə gedib:"Keçən il mən Azərbaycanın bölgələrinə 24 səfər etmişəm. Bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanmışdır. Bu sərəncamlar bölgələrimizdə çox böyük əks-səda verir və böyük nəticələrə gətirib çıxarır. Dediyim kimi, bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülən işlərə nəzarət etmək, həm də gələcəkdə görüləcək işlərlə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır. Mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam, ən azı hər bir rayonda 5 dəfə, elə rayon var ki, 10 dəfədən çox olmuşam və bu müntəzəm səfərlərin çox böyük əhəmiyyəti var".
banner

Oxşar Xəbərlər