“İkram Rəhimov hadisəsi”nin iflasa uğratdığı klub
Jurnalistikadan sui-istifadə edən və "reket” yolu ilə ayrı-ayrı
şəxslərdən pul tələb edən "reallıq.info” xəbər saytının rəhbəri İkram Rəhimovun
əməlləri ortadadır. Bu adam sırf "reket”liklə məşğul olub, Azərbaycan jurnalistikasının
adına ləkə gətirib. Dövlət Təhlükəsizlik Xidmətinin İ.Rəhimovla bağlı yaydığı
lent yazılarından sonra artıq heç kimdə bu məsələ ilə əlaqədar şübhə qalmayıb.
Hətta köhnə dostları, həbsdən əvvəl ona hərtərəfli dəstək verənlər - Media Klubunda
təmsil olunanlar da susqunluq mövqeyinə keçiblər, düşdükləri vəziyyətdən necə
çıxmaq haqqında planlar qururlar. Özlərini elə göstərirlər ki, sanki dünənədək
ona dəstək verməyiblər, öz şəbəkələrinə daxil etməyiblər, onunla "mübarizə”
yoldaşı olmayıblar. Bu cür əməl sahibini Media Klubunun tədbirlərinə dəvət
edəndə, İ.Rəhimovun dələduzluq, şantaj, böhtan yolu ayrı-ayrı insanlardan pul
tələb etməsini bilmirdilərmi? Əlbəttə ki, bilirdilər. Lakin klubun
həmtəsisçiləri İ.Rəhimovun nə etdiyini ona görə göz ardına vururdular ki, öz
şəxsi maraqları naminə ondan istifadə etsinlər. Sonra da bunu söz və mətbuat
azadlığı, demokratiya adı ilə bixəbər olanlara sırıyırdılar.
Lakin aparılan
araşdırmalardan sonra İ.Rəhimovun əməllərinin sübutu olan və ictimaiyyətə
açıqlanan səs yazısı klubun üzvlərini çox çətin vəziyyətə saldı. İndi onlar
üçün bu vəziyyətdən çıxmaq da çətindir. Özü də hamıya məlumdur ki, Media Klubunda
təmsil olunanlardan "reket”liklə məşğul olan təkcə İkram Rəhimov deyil. Ümumiyyətlə,
bu hadisə, yəni İ.Rəhimovun həbsi, DTX-nın yaydığı səs yazıları həm də klubun
iflası kimi dəyərləndirilməlidir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli
bildirdi ki, "reketçiliy”in Azərbaycan jurnalistikasında inkişaf etməsi ilə
bağlı müxtəlif səbəblər göstərilir: "Bu səbəblərdən biri də "reket”lərin
müxtəlif qruplar tərəfindən himayə olunmasıdır. Belə himayəçilər içərisində
məmurlar, xaricdən olan şəbəkələr və eləcə də, daxildən dəstək verənlər də var.
Yəni bunlar çoxçeşidlidir. Cəmiyyəti çaşdırmamaq üçün onu deyək ki, bir var,
onlara himayəçilik edib, şərik olanlar, bir də var, bu adamlardan müxtəlif
məqsədlər üçün istifadə edənlər. Tutaq ki, İkram Rəhimov nümunəsini deyiriksə,
iddia etmirəm ki, ona dəstək verənlər onun pul ortağıdırlar və ya kimi isə
şantaj ediblər və onu pul almaq üçün göndəriblər. Amma söhbət ondan gedir ki,
hər kəs öz marağı çərçivəsində bunları himayə edir. Məsələn, hesab edək ki,
Media Klub İkram Rəhimovdan istifadə edirdi. Tutaq ki, kluba toplaşanlar vaxtı
ilə özləri Mətbuat Şurası ilə problemlər yaradıblar və Şuradan xoşları gəlmir.
Deyək ki, bunlar Mətbuat Şurasını gözdən salmaq üçün, məsələn, İkram kimi
adamdan istifadə edirlər”.
M.Ələsgərli vurğuladı ki, əslində, Mətbuat Şurasının İkram Rəhimovla problemi olmayıb: "Vətəndaşlar adi qaydada
ondan Mətbuat Şurasına şikayət ediblər və məsələyə baxılıb. Bu adam da çıxılmaz
duruma düşüb və görüb ki, onun əməlləri ifşa olunur. Belə bir məqamda İkram
özünə himayəçi axtarıb. Axtarışların nəticəsi olaraq da Media Klub İkram
Rəhimova arxa çıxıb və himayəçilik edib. Klubunda da məqsədi qrup və şəxsi
marağı yerinə yetirmək üçün bu kimi adamlardan istifadə etmək olub. Əslində İkram
kimi adamlar da qarşılığında onlardan istifadə edib. Bu cür hallar isə
yolverilməzdir və xoşagələn hal deyil. Media Klubu bilməlidir ki, öz şəxsi
maraqlarını həyata keçirmək üçün belə adamlara dəstək verirlərsə, deməli,
bununla Azərbaycan cəmiyyətinə və mediasına problem yaratmış olurlar. Sirr
deyil ki, onlar zaman-zaman İkram Rəhimova çox ciddi şəkildə informasiya
dəstəyi veriblər. Onun məsələsi istər Mətbuat Şurasında müzakirə olunanda,
istərsə də hüquq-mühafizə orqanları tərəfindən araşdırılanda məhz Media Klubu
İkram Rəhimova dəstək verib. Onların bu dəstəyi özlərinin qəzetləri, eləcə də
müxtəlif şəxslərin açıqlamaları vasitəsilə ediblər. Həmin o açıqlamaların
linkləri, arxivləri bizdədir və istənilən vaxt onları təqdim edə bilərik. Belə
hadisələrə yol vermək olmaz. Bunlar dərk etməlidirlər ki, əgər maraqları varsa,
bunu qanunsuz əməllər üzərindən icra etməməlidirlər. Yəni qanuna zidd əməllərin
sonu yoxdur. Media Klubu öz maraqlarını dirçəltmək, belə deyək, şəxsi
maraqlarına çatmaq üçün bu cür adamlarla şərik oldu, qanunsuz əməllərdən
istifadə etdi. Buna görə də, nəticə etibarı ilə özləri də iflas etmiş oldular. Əslində
bu, Azərbaycanda "reket” jurnalistlərdən istifadə edənlərə bir nümunə
olmalıdır. Görməlidirlər ki, Azərbaycanda həm Mətbuat Şurası, həm
qanunvericilik, həm də hüquq-mühafizə orqanları belə qanunsuz, çirkin hallara
qarşı ciddi mübarizə aparır. Ümumiyyətlə, belə hərəkətlərin sonu yoxdur, ona
görə də digərləri də Media Klubunun aqibətindən nəticə çıxartmalıdır”.
AZAD