• cümə, 29 Mart, 02:01
  • Baku Bakı 7°C

İkiyə bölünən Gürcüstan

06.11.21 11:00 657
İkiyə bölünən Gürcüstan
Hakimiyyət müxalifəti inqilaba hazırlaşmaqda günahlandırır, "Vahid Milli Hərəkat” isə əksinə, hakimiyyəti eks-prezidenti fiziki olaraq məhv etməyi planlaşdırmaqda ittiham edir

Qonşu Gürcüstanda baş verənlər tək regionda deyil, postsovet məkanında, Qərb ölkələrində, hətta ABŞ-da ciddi şəkildə izlənilir. Vəziyyət o qədər ciddiləşib ki, artıq bir çox ekspertlər, nüfuzlu media vasitələri ölkədə çevriliş olacağından, yeni inqilabın baş verəcəyindən bəhs edirlər. Məsələ ondadır ki, 10 ildən artıqdır ki, "Gürcü Arzusu" təkbaşına bütün seçkilərdən qalib çıxır. Bu dəfə keçirilən seçkilər isə bir qədər fərqli başa çatıb. Düzdür, seçkilərdə yenə də hakim partiya qalib gəlsə də, eks-prezident Mixail Saakaşvili hakimiyyətə qələbə sevincini dadmağa imkan vermir. Onun qeyri-qanuni yolla ölkəyə daxil olub gərginlik yaratmaq cəhdi uğursuz nəticələndi. İndi də həbsxana həyatı yaşayır. Buna görə də, lideri olduğu "Vahid Milli Hərəkat” (VMH) onun azadlığa çıxması üçün etiraz aksiyalarına start vermək qərarına gəlib. Beynəlxalq təşkilatlar da Mixail Saakaşvilinin azad olunmasını tələb etsələr də, rəsmi Tbilisi onların bu istəyini reallaşdırmağa tələsmir.

Hansı partiyanı "tələyə” salacaqlar?

Seçkilərə gəldikdə, ədalət naminə bildirək ki, Saakaşvilinin ölkədə olması bir qədər gərginlik yaratmışdı. Seçkilərdə "Gürcü Arzusu" ilə "Vahid Milli Hərəkat" arasındakı fərq də az olub - orta hesabla, təxminən 10 faiz. Paytaxtın hazırkı meri Kaxa Kaladze 55,6 faiz, rəqibi "Vahid Milli Hərəkat" sədri Nikanor Melia isə Tbilisi merliyi uğrunda mübarizədə 44,4% səs toplayıb. Və qəribəsi budur ki, "Milan”ın sabiq müdafiəçisi Kaladze birinci turda qalib gəlməyib. Çox güman ki, Saakaşvili amili burada rol oynayıb. Onun ölkəyə gəlişi və həbsi Tbilisinin açıq-aşkar müxalif və tərəddüdlü elektoratının toplaşmasına böyük təsir göstərib. Ölkənin ən iri şəhərlərindən olan Batumidə "Gürcü Arzusu" qalibiyyət qazana bilməyib. Bu isə gələcəkdə əyalətlərdə xaosun yaranması prosesini şərtləndirə bilər. Artıq hakimiyyət partiyası müxalifətlə yerli idarəetmə orqanlarında əməkdaşlığa başlamaq niyyətində olduğunu bildirib. Konkret hansı partiyanı "tələyə” salacaqları isə bəlli deyil. Saakaşvilinin partiyasından onlara qoşulan kimsə, çətin ki olsun. Keçmiş baş nazir Georgi Qaxariyanın "Gürcüstan üçün" partiyası ilə alyansa girmək bir qədər məntiqi görünür. Lakin hakimiyyət partiyası seçki zamanı onların ünvanına sərt hədələyici ittihamlar səsləndirib. Və bu səbəbdən də, hansısa bir barışığa ümid etmək çətin görünür.

ABŞ gözləyir, Avropa İttifaqı da...

Birləşmiş Ştatlar da Avropa İttifaqına qoşularaq seçkilərin keçirilməsindən narahatlıq ifadə edib. Tbilisidəki ABŞ səfirliyinin bəyanatında deyilir ki, səsvermənin yaxşı təşkil olunması barədə beynəlxalq müşahidəçilərin fikri ilərazılaşır. Amma səfirlik seçicilərin qorxudulması, onlara təzyiq, səsverməyə təsir göstərmiş neqativ ritorikanın güclənməsini pozuntular kimi sadalayıb. Aİ səsvermədə çoxsaylı pozuntuların olduğunu, "administrativ resurslardan sui-istifadə və siyasi liderlərin zorakı ritorikasının” yalnız siyasi qütbləşməni gücləndirdiyiniqeyd edib. Qərb, daha doğrusu, ABŞ daha çox proseslərin gedişini gözləməyə üstünlük verir. Necə deyərlər, xalqın keçmiş liderlərinə necə münasibət bəsləyəcəyini gözləməyə çalışacaq. O ki qaldı Avropa İttifaqına - təşkilat rəsmi Tbilisi ilə münasibətlərinin yaxşı olmasına çalışır. Bu səbəbdən də, Saakaşviliyə o qədər də dəstək göstərməyəcək. Sadəcə müəyyən bəyanat və təkliflərini səsləndirməkdə davam edəcək. Yəni qəti şəkildə eks-prezidentin azad olunması tələbinin şahidi olmayacağıq.

Müxalifət "dinc inqilab ssenarisini” nəzərdən keçirir
Qafqaz üzrə ekspert Mamuka Areşidze hesab edir ki, seçkilərin nəticələrinə eks-prezidentin müəyyən təsiri oldu: "Əlbəttə, Saakaşvili amili çox mühüm rol oynadı. Hər iki partiyanın tərəfdarları mümkün qədər səfərbər oldular”. Amma onun fikrincə, nə qədər ki, müxalifətin başında "Vahid Milli Hərəkat” olacaq, uduzmağa məhkumdurlar. "Vahid Milli Hərəkat"ın liderlərindən olan Georgi Baramidze bəyan edib ki, müxalifət "dinc (!) inqilab ssenarisini” nəzərdən keçirir. Areşidze isə bu qənaətdədir ki, Gürcüstan dinc ölkədir, dövlət olmaq istəyiriksə, deməli, inqilablar yox, islahatlar lazımdır. Onun qənaətinə görə, istənilən inqilab ölkəyə sabitsizlik, dağıntı gətirir. Ekspert qeyd edib ki, "dinc inqilab” deyə bir şey yoxdur: "Dinc inkişaf təkamüldür, istənilən inqilab isə xaosdur”.

Xroniki siyasi böhran vəziyyəti

Bir sözlə, Gürcüstan xroniki siyasi böhran vəziyyətindədir və onun sərt mərhələsi artıq bir ildir ki, davam edir. Hakimiyyət müxalifəti inqilaba hazırlaşmaqda günahlandırır, "Vahid Milli Hərəkat” isə əksinə, hakimiyyəti eks-prezidenti fiziki olaraq məhv etməyi planlaşdırmaqda ittiham edir və onun azadlığa buraxılmasını tələb etdiyini bildirir. Özünü "Putinin əsiri” adlandıran Mixail Saakaşvilinin ölkəyə gəlməkdə hədəfi bəllidir. Kifayət qədər praqmatik siyasətçi olan Saakaşvili həbs olunacağını gözəl bilirdi. O, həbsxanada qalmaqla oliqarx Bidzina İvanişvilini və onun bütün komandasını nüfuzdan salmağı hədəf götürüb. Beləliklə, proseslərin gedişini proqnoz etmək çox çətindir. Görünən odur ki, heç bir tərəf geri çəkilmək niyyətində deyil.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər