• şənbə, 20 Aprel, 15:49
  • Baku Bakı 23°C

İkitərəfli münasibətlər yeni mərhələyə qədəm qoyur

24.02.20 18:07 3524
İkitərəfli münasibətlər yeni mərhələyə qədəm qoyur
Birgə Bəyannamə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir

Ötən həftə Prezident İlham Əliyevin İtaliyaya uğurlu dövlət səfəri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır. Dövlətimizin başçısı səfər çərçivəsində İtaliya Prezidenti Sercio Mattarella, Nazirlər Şurasının sədri Cüzeppe Konte, Senatın Sədri, senator Maria Elisabetta Alberti Kaselatti, Deputatlar Palatasının sədri Roberto Fikoilə görüşüb. Səfər müddətində iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcək sənədlər imzalanıb. Bu sənədlərdən biri Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte arasında imzalanan, həmçinin mübadilə edilən "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”dir. Birgə Bəyannamə qarşıdakı uzun illər ərzində iki ölkə arasında sıx əməkdaşlığı müəyyən edən vacib siyasi sənəddir. Sözügedən sənəd ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bununla yanaşı, Birgə Bəyannamə siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən müfəssəl sənəddir. Bəyannamədə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərilməsi haqqında müddəanın nəzərdə tutulması İtaliya və Azərbaycanın yaxın, dost, müttəfiq ölkələr olduğunu göstərir. Birgə Bəyannamədə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığı və bunu dəstəklədiyi vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həllinə dəstək ifadə olunub. Bu o deməkdir ki, İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir.


Enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə

Ümumən iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 20-dən çox sənəd imzalanıb. Yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm 700 milyon dollardır. Prezidenti İlham Əliyevin İtaliyanın ən böyük maliyyə-bank qurumu olan "Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə görüşü də Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkəmizə yeni investisiya axınının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bununla bərabər, Azərbaycan İtaliyanın bir sıra aparıcı şirkətləri ilə uzun illərdir sıx əməkdaşlıq edir, bəzi şirkətlər ölkəmizlə işləməyi planlaşdırır. Onu da əlavə etmək yerinə düşər ki, Azərbaycan İtaliya üçün etibarlı və bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. Cənub Qaz Dəhlizi layihəsi, artıq 92 faiz icra olunmuş və yekunlaşmaq mərhələsində olan TAP layihəsi isə Avropanın və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir.


Avropa İttifaqı ilə Azərbaycan arasında saziş üçün əsas

Millət vəkili, politoloq Rasim Musabəyov Prezident İlham Əliyevin İtaliyaya dövlət səfərini şərh edərkən bildirib ki, bu cür səfərlər özü-üzlüyündə iki ölkə arasında əlaqələrin əhəmiyyətini göstərir. O qeyd edib ki, Azərbaycan İtaliya üçün əhəmiyyətli tərəfdaşdır. Deputatın sözlərinə görə, bu səfər ölkəmizin İtaliya üçün nə qədər önəmli olduğunu nümayiş etdirir: "İtaliya Azərbaycan üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollara çatıb. Azərbaycan Prezidenti İlham Əliyev iki il bundan öncə İtaliya Prezidentini qəbul edib. İki ölkə arasında yüksək səviyyəli dialoq davamlı xarakter daşıyır. İtaliyanın rəsmi ikinci şəxsi hesab olunan Parlamentin sədri ötən il Azərbaycana, Birinci vitse-prezident Mehriban Əliyeva bir il bundan öncə İtaliyaya səfər edib. İtaliya iqtisadi göstəricilərinə görə, Avropa İttifaqında üçüncü mövqedə dayanır, istədiyi ölkələrlə əlaqə qurub saxlamağı bacarır. Azərbaycanla İtaliya hərbi sənaye sahəsində də mühüm əməkdaşlığa malikdir. Bu baxımdan düşünürəm ki, Prezident İlham Əliyevin Avropa İttifaqında mövqeləri güclü olan dövlətə səfəri həm iki ölkə arasında münasibətlərin inkişafı, həm də Azərbaycanın Avropa İttifaqı ilə siyasi münasibətlərinə töhfə verəcək. Bu mənada İtaliya və Azərbaycan arasında imzalanmış Birgə Bəyannaməni xüsusi vurğulamaq istərdim. Bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında saziş üçün gözəl əsas təşkil edə biləcək”.


İkitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələdə

Millət vəkili, politoloq Hikmət Babaoğlu da hesab edir ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında münasibətləri yeni tarixi mərhələyə daşıyıb. Avropa İttifaqına üzv olan ölkələr içində İtaliyanın aparıcı ölkələrdən biri olduğunu xatırladan deputat vurğulayıb ki, Azərbaycanın bu ölkə ilə xüsusi münasibətləri var. Onun sözlərinə görə, Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir. Millət vəkili deyib ki, bütövlükdə Avropa İttifaqına üzv olan ölkələr içində İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir: "Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur. İki ölkə arasında potensial imkanların olması və münasibətlərin inkişafı ilə bağlı heç bir siyasi maneənin olmaması daha mühüm perspektivlər vəd edir. İtaliya daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. O cümlədən İtaliya Prezidenti ilə Azərbaycan Prezidentinin son görüşündə hər iki ölkənin bir-birinin ərazi bütövlüyünə dəstək verdiklərini bəyan etməsi, ümumi bəyannamədə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılması məsələsinin qeyd olunması, bundan sonrakı mərhələdə İtaliya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirməklə yanaşı, həm də digər Avropa İttifaqqına üzv olan ölkələr üçün yaxşı bir nümunə olacaq”.

Kimya sənayesi üzrə yeni istiqamətlər

İtaliyanın bir sıra sənaye istiqamətləri üzrə Avropada lider ölkə olduğunu xatırladan politoloq H.Babaoğlu qeyd edib ki, Sumqayıt Sənaye Parkı və İtaliya şirkətləri arasında xüsusi münasibətlərin olması təsadüfi deyil: "Bütün bunlar kimya sənayesi üzrə yeni istiqamətlər müəyyən edir. Sumqayıt Sənaye Parkında olan kimya müəssisələrində istehsal olunan məhsullar Azərbaycanın qeyri-neft sektorunda 14 faizlik pay yaradır ki, bu da yenə İtaliya şirkətləri ilə birgə əməkdaşlıq sayəsində mümkün olub. İtaliya-Azərbaycan münasibətlərində iqtisadi blokdan danışan zaman bir məsələni xüsusi vurğulamaq lazımdır ki, qeyri-enerji sahəsində İtaliya ilə Azərbaycan arasında təqribən 1 milyard dollara yaxın maliyyə münasibətləri və eyni zamanda Azərbaycandan kənarda yatırım üzrə təqribən 10 milyard dollar həcmində investisiya münasibətləri var”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər