• şənbə, 20 Aprel, 19:06
  • Baku Bakı 24°C

İkili standartlar, yaxud növbəti qərəzli münasibət

28.01.19 19:18 656
İkili standartlar, yaxud növbəti qərəzli münasibət
Nikol Paşinyan onun istefasına gətirib çıxara biləcək (erməni mediası bu ehtimalı irəli sürür -müəl) qalmaqallı ölüm hadisəsi ilə üzləşib. "Haynews.am” xəbər saytının rəhbəri, siyasi məhbus Mger Yegiazaryan Yerevandakı "Nubarasen” həbsxanasında ölüb. O, eyni zamanda "Erməni Qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini idi. Həbsxananın mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Ədliyyə Nazirliyinin adıçəkilən həbsxanasına yanvarın 26-da, saat 06.15 radələrində 1968-ci il təvəllüdlü məhbus M.Yegiazaryanın sağlamlığının kəskin pisləşməsi səbəbindən təcili yardım çağırılıb. Saat 06.35-də həbs edilmiş şəxsin bioloji ölümü qeydə alınıb. Faktla bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub, araşdırma aparılır. Məlumata görə, M.Yegiazaryan 5 dekabr 2018-ci ildə aclıq aksiyası elan edibmiş. O, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ötən ilin dekabr ayında dələduzluq və hərbçilərdən pul qoparmaq ittihamı ilə həbs edilmişdi. İstintaq materiallarına görə, M.Yegiazaryan 2014-cü ilin fevral ayından 2018-ci ilin oktyabrınadək olan müddətdə hərbçilərdən, onlara iş düzəldəcəyi və digər məsələlərlə bağlı vədlər verərək şəxsən və ya vasitəçilərin əli ilə 180 mindən 4 milyon 775 min drama (10 min dollar) qədər rüşvət alıb.

Həbsxanadakı ölüm hadisəsindən dərhal sonra erməni mediası Paşinyana qarşı total hücuma keçib. "1in.am” saytında dərc olunan "Nikol Paşinyanın təhlükəli susqunluğu - cəmiyyət istefa tələb edir” başlıqlı məqalədə bildirir ki, baş verəni sadəcə qətl adlandırmaq mümkün deyil. "Bu, dövlətin öz vətəndaşını necə öldürməsini əks etdirən nümunədir. Özü də bu, vətəndaş həbsxanada ola-ola baş verir”, - deyə müəllif yazır. Daha sonra əlavə edir ki, dövlət, onun müvafiq strukturları üçün həbsxanalarda olanlar "ikinci sort” vətəndaşlar hesab olunurlar, onların həyatları məmurlar üçün heç bir əhəmiyyət kəsb etmir: "Elə olmasaydı, ay yarımdır ki, aclıq keçirən bir şəxslə kimsə maraqlanardı, insan ölümünün qarşısı alınardı. Heç olmasa, məhkəmə həmin şəxsin girov müqabilində azad olunması üçün edilən müraciəti rədd etməzdi. Ermənistanın yeni Penitensiar Xidməti faktiki olaraq əvvəlki kriminal-oliqarxik sistemdən heç nə ilə fərqlənmir. Bu, utancgətirən elə bir biabırçılıqdır ki, onlarla insan məsuliyyət daşımalıdır. Tək öz vəzifələrindən məhrum edilməməli, cinayət məsuliyyətinə cəlb edilməməlidirlər. Bu elə bir haldır ki, hakimiyyət ən yüksək səviyyədə buna reaksiya verməlidir. Penitensiar Xidmətin fəaliyyəti isə ikiüzlülüyün və özbaşınalığın bütün hədlərini keçir. Bu qurumun rəhbərliyi islah-əmək müəssisələrində korrupsiya, özbaşınalıq və rüşvətxorluğun qarşısını almaq əvəzinə, Ədliyyə Nazirliyi "Jamanak” qəzetinə qarşı iddia qaldırıb. İddia ərizəsində islan-əmək müəssisələrində yaşanan qanunsuzluqlardan yazan qəzetin təkzib verməsi tələb olunur. Qəzet yazmışdı ki, islan-əmək müəssisələrində tam qanunsuzluq hökm sürür. Yeni Ermənistanda islah-əmək müəssisələri ətrafında müxtəlif qruplaşmalar peyda olub - onlar məhbuslara narkotik, alkoqol və ərzaq çatdırmaqla külli miqdarda pul qazanırlar. Həbsxana rəhbərliyi öz növbəsində məhbuslarla əməkdaşlıqdan pul qazanırlar. Bizim məlumatlara görə, bir sıra məhbuslar həbsxana rəhbərliyinə pul verirmişlər ki, kameralarının qapıları açıq qalsın. Əgər bu proseslər davam edərsə, onda Ermənistan tək regionda deyil, bütün dünyada ən qeyri-azad həbsxanaları olan ölkə olacaq”. Qeyd olunur ki, müasir Ermənistanda həqiqət budur ki, ölkəni bütün sahələri köhnə düşüncəli kadrlar idarə edir, korrupsiya, başıpozuqluq, himayəçilik və qətllər davam edir. "Fərq odur ki, nazirlər başqadır. Görəsən, baş nazir yeni Ermənistan barəsində nə düşünür? Bu ölkədə yaşayan insanların ölümü, bu Ermənistan onu maraqlandırmırmı? Nikol Paşinyan, cinayət işlərinə sizin qarışmaq imkanınız nə dərəcədədir?” - deyə məqalə müəllifi sualla çıxış edib.

Yeri gəlmişkən, məsələ ilə bağlı "The Washington Post” qəzeti "Erməni siyasi xadim aclıq aksiyasından sonra öldü” başlıqlı məqalə dərc edib: "Ermənistanın kiçik siyasi partiyasının lideri təxminən 2 aya yaxın davam edən aclıq aksiyasından sonra həbsxanada ölüb”.Siyasi məhbusun ölümündən sonra oğlu Vazqen Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırıb. Vazgen, Paşinyanın atasını siyasi səbəblərlə həbsə atdırdığını deyib:"Nikol Paşinyan, sizin bu cinayət işinə müdaxilənizin səviyyəsini biz, yəqin ki, sonadək tam bilməyəcəyik. Amma siz "nə olursa-olsun, bu adamı həbsə atmaq lazımdır” prinsipi ilə çıxış edərək davranmısınızsa, onda diləyirəm ki, mənlə qardaşımın və anamın çəkdiyi bütün əzablar sizin həyat yoldaşınız və oğlunuzun da başına gəlsin və onlar da eyni təcrübəni yaşasınlar. Unutmayın ki, icraçılar şəxsən sizə yox, sizin vəzifənizə, kreslonuza tabedirlər. Bu kreslo isə bu gün sizdədir, sabah isə başqasında”.

Maraqlı olan baş verənlərə beynəlxalq təşkilatların, ən əsası Avropa Parlamentinin susqunluğudur. Azərbaycanda məhbusun guya aclıq aksiyası keçirməsini əlində dəstəvuz edib ölkəmizə qarşı hücuma keçən avroparlamentarilər nədən səslərini çıxarmırlar. Azərbaycanı hədəfə götürən və qətnamə çıxaran Avropa Parlamenti görəsən Ermənistanda baş vermiş daha ağır hadisəyə niyə göz yumur? Bu ikili standartların səbəbi nədir? Həmin o deputatlara sual vermək lazımdır ki onlar bununla bağlı Avropa Parlamentinə hər hansısa bir müraciət göndərəcəklərmi? Eləcə də sual vermək lazımdır ki, M.Hüseynovun məsələsi ilə bağlı ard-arda bəyanat verən Qərb siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq QHT-lər, media niyə Ermənistanla bağlı susurlar? Sözsüz ki, qonşu ölkədə yaşananlar Qərbin müvafiq qurumlarının demokratiya maskalarının növbəti dəfə cırılması üçün kifayət edir.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər