• cümə, 19 Aprel, 05:40
  • Baku Bakı 18°C

İkili diplom proqramı gələn ildən tətbiq olunacaq

04.12.19 20:17 907
İkili diplom proqramı gələn ildən tətbiq olunacaq
Azərbaycana xarici müəllim və professor heyətinin dəvət olunması, təhsilin məzmun və keyfiyyətinin yüksəldilməsi kimi konkret istiqamətlər də nəzərdə tutulub

Təhsil Nazirliyində PİSA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri və beynəlxalq ikili diplom proqramlarına həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim meyarları, proqramın maliyyələşdirilməsi qaydaları barədə məlumat verildi.
Qeyd edildi ki, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramları barədə ətraflı məlumat verilib. Belə ki, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi əsas hədəflərdəndir.
Təhsil nazirinin müşaviri Elnur Məmmədov qeyd etdi ki, beynəlxalq ikili diplom proqramının əsas məqsədi ali təhsil sistemində keyfiyyət məsələləri və təhsil müəssisələrində məzmun və keyfiyyət göstəricilərini qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması və onun vasitəsi ilə həmin tədris proqramlarının müasirləşdirilməsidir: "Təbii ki, burda elmin son və qabaqcıl nailiyyətlərindən, həmin təhsil müəssisələrinin elmi tədqiqatlarından istifadə edilməlidir. Həmçinin ikili diplom proqramları tətbiq olunduqdan sonra Azərbaycana xarici müəllim və professor heyətinin dəvət olunması, tədrisin onlar tərəfindən aparılması, təhsilin məzmun və keyfiyyətinin yüksəldilməsi kimi konkret istiqamətlər də nəzərdə tutulub”.
E.Məmmədov məlumat verdi ki, sözügedən Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması planlaşdırılır: "Beynəlxalq ikili diplom proqramlarının ölkəmizin inkişaf prioritetlərinə uyğun sahələr (kənd təsərrüfatı, tibb, təhsil, informasiya texnologiyaları, mühəndislik və digər) üzrə həyata keçirilməsi planlaşdırılır”.
TN Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov diqqətə çatdırdı ki, beynəlxalq ikili diplom proqramı xarici və yerli təhsil müəssisəsinin prioritet istiqamətlər üzrə bakalavr və magistratura səviyyəsində təhsil prosesini özündə ehtiva edir: "Beynəlxalq ikili diplom proqramı həyata keçirilərkən bakalavr, baza və tibb təhsili və magistratura səviyyəsində ikili diplom proqramlarının həyata keçirilməsini nəzərdə tuturuq. Həmin proqramda iştirak etmək üçün seçim Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş imtahanı nəticəsində müəyyən olunacaq. Bundan əlavə, əlavə qiymətləndirmələr həyata keçirilə bilər. Azərbaycan vətəndaşlarının seçimi isə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan nəticəsində müəyyən olunacaq”. Xarici tərəfdaş universitetə gəldikdə, nazirlik rəsmisi qeyd etdi ki, ölkəmizdə fəaliyyət göstərən yerli ali təhsil müəssisələri ilə xarici təhsil müəssisələri arasında bir neçə uğurlu ikili diplom proqramı həyata keçirilir: "Yeni proqramın özəlliyi 5 istiqamət üzrə nəzərdə tutulmasıdır. Universitetlərin sıralamasına gəldikdə isə Times və Şanxay universitet sıralamasına istinad edilir. Bundan əlavə, işğal olunmuş Azərbaycan ərazilərində yerləşən universitetlərlə əməkdaşlıq etməyən universitetlər nəzərdə tutulub”.
T.Əhmədov qeyd etdi ki, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üçün nazirliyin tərkibində idarəetmə qrupu yaradılacaq: "Bu qrup imtahanların dəyərləndirilməsini, monitorinqini aparacaq və proqramı maliyyələşdirən müvafiq quruma məlumat verəcək. Proqram çərçivəsində xarici müəllimlərin dəvət olunması, ikili proqramda təhsil alan vətəndaşların həmin ölkəyə qısamüddətli getməsi, müəllimlərin təkmilləşdirilməsi üçün müvafiq təlim proqramlarından istifadə və digər məsələlərin maliyyələşdirilməsi nəzərdə tutulub”. T.Əhmədov ikili dövlət proqramları üzrə universitetlərə qəbul prosesinin necə aparılacağına da toxundu: "İkili dövlət proqramları ilə əlaqədar 2020-2021-ci tədris ilindən tibb və kənd təsərrüfatı üzrə Ege Universiteti ilə əməkdaşlıq çərçivəsində proqramın həyata keçirilməsi nəzərdə tutulub. Seçim, mərkəzləşdirilmiş qaydada, DİM tərəfindən aparılacaq. İkili dövlət proqramlarına uyğun olaraq, bizdə Azərbaycan-Fransız Universiteti (UFAZ) modeli fəaliyyət göstərir. Bu konteksdən ilkin seçim DİM tərəfindən həyata keçirildi. Daha sonra prosesə cəlb olunmuş Strasburq Universitetinin professor-müəllim heyəti prosesə qatıldı. Burda seçim proqrama görə ola bilər”.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emil Əmrullayev PİSA qiymətləndirilməsi proqramının 2018-ci il üzrə nəticələri haqqında məlumat verərək qeyd etdi ki, bu qiymətləndirmə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir keçirilir. Belə ki, PİSA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür: "PİSA tədqiqatında 80-dən artıq ölkə iştirak edir. Azərbaycanı 2018-ci ildə PİSA tədqiqatında Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbindən 6827 nəfər 15 yaşlı şagird təmsil edib. Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420, oxu üzrə 389, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. PİSA yarış deyil, təsadüfi uşaqların seçimidir. Ümumilikdə, proqramın qiymətləndirməsi dünyada 32 milyon şagirdi əhatə edir. Burda hər ölkə iştirak etmir. Çünki, PİSA-da iştirak ölkədən kifayət qədər səy tələb olunur. Növbəti PISA tədqiqatları 2021-ci ildə keçiriləcək”. Nazirlik rəsmisi diqqətə çatdırdı ki, müəyyən fasilədən sonra ilk dəfə olaraq ölkəmiz PİSA-da elektron qaydada iştirak edib: "Azərbaycan əvvəllər də PİSA-da iştirak edib. Sonra aşağı nəticələr olduğundan, fasilələr verilib. PİSA-nın mahiyyəti ölkənin hansı yerdə qərarlaşması deyil. Əlbəttə, yaxşı nəticə olarsa, bu, müsbət xəbərdir. Amma bu, müəyyən hazırlıq prosesi tələb edir. Ona görə də, cəmiyyət, bizim dərhal İsveçlə eyni sırada olmağımızı gözləməsin. Almaniya bu sıralamada 26-cı yerdədir. Ancaq Təhsil Nazirliyi qərara aldı ki, nəticədən asılı olmayaraq, beynəlxalq qiymətləndirmədə iştirak etmək lazımdır. Yaxşı nəticənin əldə edilməsi üçün müəyyən vaxt lazımdır. Hesab edirik ki, bir neçə ilə yaxşı nəticələr görə bilərik. PİSA tədqiqatlarının təhlili göstərir ki, təhsilin inkişafında nəticələrimiz əvvəlki illərə baxanda daha yaxşıdır. Bugünkü 15 yaşlı şagirdlər təxminən 10 il əvvəl məktəbə getmiş uşaqlardır. Yəni bu gün təhsillə bağlı görülən işlərin təsirini hələ PİSA təhlillərində görmürük, bu nəticələr gələcək illərdə özünü büruzə verəcək”.

Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova







banner

Oxşar Xəbərlər