• cümə, 29 Mart, 05:07
  • Baku Bakı 7°C

İki tarixin əbədi qəhrəmanı - Fotolar - Video

07.08.20 14:52 816
İki tarixin əbədi qəhrəmanı - Fotolar - Video
Bu yazı 1953-cü ilin bu günündə-7 avqustda doğulan "20 Yanvar” və Qarabağ qazisi Ələkbər Talıbovun əziz xatirəsinə ithaf olunur. Vətən dediyimiz varlıq üzərində azad yaşadığımız, əcdadlarımızın bizə əmanət qoyub getdiyi, qəhrəmanların od nəfəsi, şəhidlərimizin qanı ilə yoğrulan torpaqdır. Tarixən bu torpaqda doğulmuş, bu torpaqda boya-başa çatmış xalqımız qəhrəman övladları, qəhrəman oğlulları hesabına öz varlığını, öz mövcudluğunu qoruyub saxlamışdır. Heç də uzaq olmayan tariximizdə bu müqəddəs torpağı canı-dildən sevən, canı, qanı bahasına düşmənlərdən qoruyan və bunu özünə müqəddəs borc hesab edən oğlullarımız olub. Elə bu kiçik yazıda haqqında söhbət açacağımız Ələkbər Talıbov da belə igid oğullarımızdan biridir. Heç də hamının yaxından tanımadığı bu qəhrəman "Yuddan, torpaqdan pay olmaz” deyimini müqəddəs varlıq kimi qəbul edərək, Azərbaycan adlı bəşər incisinə pay kimi baxanlara meydan oxuyan Vətən övladlarından olub. Bəs kimdir, tanıdığımız və tanımadığımız Ələkbər Talıbov?

Ələkbər Hacı Məhəmmədli oğlu Talıbov 1953 cü il avqustun 7-də Neftçala rayonu Bankə qəsəbəsində anadan olub.1971-1973 cü illərdə Kamcatkada hərbi dəniz donanmasında xidmət etmişdir. Hərbi xidmətində sonra Bakı Balıqçılıq Texnikumunun "Gəmi sürücülüyü” şöbəsini bitirib və H.Z.Tağıyev adına Bankə Balıq kombinatda balıqçı gəmisində kapitan işləməyə başlamışdır. Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Heç vaxt kommunist partiyasının üzvü olmayıb O, Azərbaycanın azadlığı uğrunda daim əlindən gələni əsirgəməişdir. Hər zaman xalqının keşiyində durmuşdur.


Müasirləri onu Azərbaycanın azadlığı uğrunda ən qatı mübarizlərindən biri adlandırılar.Ələkbər Talıbov 1988-ci ildə Azərbaycanda başlanan milli azadlıq hərəkatına qoşulub və qısa zamanda azadlıq hərəkatının fəal iştirakçısına çevrilib. 1990-cı il 25–26 yanvar faciəsi vaxtı gedən döyüşlərdə Neftçalada 10 nəfərin yaralandığı, ümumlikdə 30 nəfərin zərər gördüyü qanlı hadisələrdə özünü rus-erməni cəlladlarının qarşısına verərək yaralananlardan biri də məhz Ələkbər Məmmədəli oğlu Talıbov olub.1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış 12 nəfərə şəxsə Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz” fəxri adı verilib. Neftçala rayonu üzrə isə Ələkbər Talıbov bu ada layiq görülüb.

Ancaq onun Vətən, millət sevgisi bununla bitməyib. O həmçinin, 1993-cü ildə Qarabağ uğurunda gedən müharibənin ən qızğın nöqtələrində döyüş yolu keçib. Onun üzvü olduğu batalyon üzvləri əsasən Neftçaladan olanlar idi. Hərbçilərə könüllülər kimi humanitar yardımlar göstərib. Bu könüllü batalyonunun fəaliyyət dairəsi Ağdamdan, Füzulidən, Qubadlıdan, Laçından, Ağdərədən və digər odlu-alovlu yerlərdən keçib. Xüsusən, Ağdam rayonunun Abdal Gülablı, Quzanlı, Çəmənli, Qaradağlı, Füzuli rayonunun Aşağı və Yuxarı Veysəlli kəndləri uğurunda gedən döyüşlərdə iştirak edib. Ələkbər Talıbov bir müddət də Çəmənli kəndində Orucov qardaşlarının tank diviziyasında döyüşçü kimi xidmət edib.

Sözün əsl mənasında gələcək nəsillərə örnək olan, şanlı həyat yolu keçmiş Ələkbər Talıbov Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında göstərdiyi yüksək vətənpərvərliyə və xidmətlərə görə müxtəlif təltif və mükafatlara layiq görülüb.O, 3 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 625 N-li fərmanı ilə "Azadlıq uğrunda mübariz” fəxri adı ilə təltif edilib. 2000-ci ildə qanlı "20Yanvar” hadisələrinin on illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən, 2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülüb.

Çox böyük təəssüf ki, azadlıq fədaisi,böyük vətənpərvər, Azərbaycan xalqına qarşı törədilmiş döyüşlərin canlı iştirakçısı olan iki qanlı tarxin Qazisi Ələkbər Talıbov 2020-ci il mart ayının 8-də qəflətən vəfat etdi. Yaşasaydı bu gün 67 yaşı olacaqdı. Sözün əsl mənasında xalq qəhrəmanı olan TÜRK OĞLU Ələkbər Talıbovun vaxtsız ölümü ailəsini və onu tanıyanları dərindən sarsıtdı…Ancaq bu sarsıntıların içərisində onun ailəsinin yüzilliklərə sığmayan bir qürur mənbəyi var…Axı QƏHRƏMANLAR və ŞƏHİDLƏR heç vaxt ölmür…

Müqəddəs 7 rəqəmi altında, Şir bürücündə doğulan və torpağı, milləti, dövlətçiliyi uğurunda Şir kimi savaşan BÖYÜK TÜRK OĞLU, BÖYÜK QƏHRƏMAN, səni sevənlərin sənsiz keçirdiyi "ilk” doğum günün mübarək!

İnqilab Şirinbəyli


banner

Oxşar Xəbərlər