İki savaş arasında keçən ömür... - FOTOLAR
Birinci Qarabağ savaşı dönəmində Ağdamdan əlində
oyuncaq məcburi köçkün düşən Sənan, İkinci Qarabağ savaşında əlində silah həmin
torpaqların geri alınmasında qəhrəmanlıq göstərib
44 gün sürən
və təpədən-dırnağa vətənə sevgi, eşq
ithafı olan ikinci Qarabağ savaşı Azərbaycan tarixinin ən şərəfli səhifəsi
idi. Bu səhifənin hər cümləsini, hər sözünü sətir-sətir yazanların üstündədir
bu müqəddəs torpaq. Onlar ölümü gözə alanlardır. Onlar vətənə könül və can kimi
bağlı olanlardır. Onlar vətənin özüdür. Bu müharibə vətənə, bizə özümüzü
qaytardı, mənliyimizi qaytardı. Bu şanlı, amma həm də qanlı-qadalı yola çıxanda,
bilirdik ki, şəhid vermədən torpaq alınmaz, vətən azad olunmaz. İndi Qarabağda,
Şuşada onların pak ruhu azad, şad dolaşır, bəxtiyar dolaşır. Onların və hər bir
müharibə iştirakçısının sayəsində bu gün hər bir azərbaycanlı alnıaçıq, üzüağ gəzir.
Oyuncaq silahdan gerçək silaha
1991-ci il
martın 29-da Ağdam rayonunda anadan olan Kərimov Sənan Rəhman oğlu 44 günlük
müharibənin ən şücaətli iştirakçılarından biri olub. Birinci Qarabağ savaşı dönəmində
Ağdamdan körpə ikən əlində oyuncaq məcburi köçkün düşən Sənan, İkinci Qarabağ
savaşında əlində silah həmin torpaqların geri alınmasında qəhrəmanlıq göstərib.
Anası Kərimova
Ətrabə danışır ki, Sənanın Qurban adlı bir uşaqlıq dostu vardı. Oyuncaq tapança
ilə həyətdə həmişə "dava-dava” oynayardılar. Sənan xüsusi inam və qətiyyətlə
deyirdi ki, böyüyüm, Qarabağı mən alacağam. Onun gözlərində zərrə boyda da
olsun qorxu, ürkü, çəkinmə yox idi. Elə deyirdi, sanki əmin idi, bilirdi ki, bu
müharibə olacaq, o döyüşəcək, torpaqlarımız geri qayıdacaq...
Hərbiçi olmaq arzusu...
Öz doğma
yurd-yuvalarından köçkün düşən ailə Əhmədli qəsəbəsindəki bağçalardan birində məskunlaşıb.
Burada orta məktəb oxuyan, böyüyüb-başa çatan Sənan, 2006-2009-cu illərdə Cəmşid
Naxçıvanski adına Hərbi liseydə, daha sonra 2009-2013-cü illərdə Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Hərbiçi olmaq istəyi, arzusu həmişə xəyallarının
özəyi olub. Ailədə, bəzən narazılıq sezilsə də, Sənan heç vaxt yolundan,
prinsiplərindən dönməyib. Arzusunun ardınca gedib.
Aprel döyüşləri – ilk müjdəçi...
2016-cı il
aprelin 1-dən 2-nə keçən gecədən başlayan döyüşlər, əslində, bugünkü qələbəmizin
ilk müjdəçisi idi. Bu müjdə azərbaycanlı igidlərin qəhrəmanlığı, qorxmazlığı, vətənə
sevgisindən hörülən bir qalanın bünövrəsi idi. Bu bünövrəyə bir daş – hünər
qoyanlardan biri də Sənan Kərimov olub. Aprelin 5-nə kimi davam edən döyüşlərdə
o da iştirak edib. O zamandan torpaqları azad etmək arzusu daha da qüvvətlənib
və artıq yeni bir mərhələyə keçib.
Generallıq arzusu...
Ötən ili
sentyabrın 27-də Azərbaycan Ordusunun kapitanı olan Sənan Kərimov döyüşlərə
qatılır. Evə gəlib anasına "təlimə gedirik, narahat olma” deyib, çıxıb. Ətrabə xanım deyir ki, heç demədi müharibəyə gedirəm.
Biz müharibənin başlandığını televizorda
xəbərlərdə eşitdik. Heç istəmirdi ki, biz ondan ötrü narahat olaq. Ona görə,
müharibəyə getdiyini də gizlətmişdi. Torpağını ailəsindən, anasından üstün
tuturdu. Əslində, onu elə biz özümüz belə böyütmüşdük – vətənpərvər, döyüşçü
ruhlu. O, elə mehriban, elə qayğıkeş idi ki... heç kimin qəlbini qırmazdı,
dilindən heç vaxt bir pis söz çıxmazdı. Deyirlər, hərbiçilər bir az kobud olur.
Sənanın yuxa kimi ürəyi vardı. Mən Sənanın sənətini Sənanı sevdiyimə görə
sevdim, Sənan qədər sevdim... Bircə general olmaq arzusu vardı. Heyf, qismət
olmadı...
Xatirələr dalğasında...
Əlbəttə
ki, xatirələr həmişə var, həmişə bizimlədir. Sənanla da bağlı xatirələr bitməz-tükənməzdir.
Bacısı Kərimova Könül danışır ki, uşaqlıqdan bəri həmişə yerini mən yığırdım.
Bir dəfə dərsə gecikirdik deyə, yığmadım. Dedim ki, bir dəfə də yerini özün yığ.
Dedi ki, sən mənim vəzirimsən! O vaxtdan bir şey olanda həmişə zarafatyana mənə
vəzirim deyirdi. Ümumiyyətlə, çox mehriban idi. Mənə də, o biri bacıma da "ürəyim,
bir dənəm, əzizim” kimi şirin sözlər deyirdi. Çox zarafat edirdik,
danışıb-gülürdük. Köçkünlük şəraitinə baxmayaraq, uşaqlığımız o qədər şirin
keçib ki. Adam indi inana bilmir ki, yoxdur... Ətrabə xanım əlavə edir ki,
poqonlarını ütüləyəndə, deyirdim ki, bir evlənsəydin, yoldaşın ütüləyərdi. Ən
böyük arzum onu evləndirmək, oğul-uşaq sahibi olduğunu görmək idi, olmadı...
İrəli gedin, qisasımı alın...
Döyüşlərdə
Sənanla bir yerdə olan gizir İsmayıllı Vüqar danışır: "Taborda bölük komandirim
olub. Füzuli istiqamətindəki döyüşlərdə 11 gün çiyin-çiyinə döyüşmüşük. Bir
pusquda 40 dəqiqə mühasirədə qaldıq. Mühasirəni yara bildik, amma təəssüf ki,
komandirimizi itirdik. O, döyüşlərdə iştirak etdiyinə görə çox böyük şərəf
duyurdu. Fəxr edirdi ki, Azərbaycan torpaqlarının geri qaytarılması uğurunda
gedən döyüşlərdə iştirak edir. Arzusu idi ki, işğalda olan torpaqlarımızı azad
görsün. Bir çox yüksəkliklərin, postların alınmasında şücaət, qəhrəmanlıq göstərib.
Döyüş boyu bizə motivasiya verirdi, deyirdi ki, biz bu torpaqları mütləq
qaytarmalıyıq, bu bizdən ötrü ən şərəfli işdir, nə gözəl ki, bu iş məhz bizə
düşüb, biz vətənimiz uğrunda döyüşürük. Deyirdi ki, yaralana da, şəhid də ola
bilərik. Bu, döyüşdür, hər şeyə hazır olmaq lazımdır. Bizə çox məsləhət verirdi.
Deyirdi, şəhid olsam, heç kim "komandirimiz şəhid olub” deməsin, irəliyə gedin,
qisasımı alın. Elə də oldu. Şəhid də verdik, yaralandıq da, amma yüksəklikləri
ala bildik. Geri çəkilmədik...
Şəhidlik zirvəsi…
Şəhidlik zirvəsinin
yarası dərin olsa da, ən böyük ucalıqdır. Sənan Kərimov da 2020-ci il oktyabrın
7-də şəhid olaraq bu zirvəyə ucalıb. II
Fəxri Xiyabanda dəfn olunub. Sənan Kərimov ölümündən sonra "Vətən
uğrunda" medalı ilə, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Cəbrayılın
azad olunmasına görə" medalları ilə təltif olunub.
Xanım Aydın
Fotolar: Tapdıq Abdullayev/Qlobal Media Group