İki istedadlı ömrün bir dayanacağı
Bu günlərdə Əmircana, Tofiq Bayramın
uyuduğu torpağı ziyarətə getmişdik. "Yadıgarlar”ın növbəti sayını ona həsr etdiyimiz üçün qəbirüstü
çəkilişlərimiz var idi. Sükutun hökm sürdüyü bu məkanda qəribə və qərib duyğular ürəyimi elə yuxa etmişdi ki...
Şarin məşhur misralarını öz-özümə pıçıldayaraq sanki təskinlik tapmaq istəyirdim:
"Bu gün həyatınam, sabah torpağın, kim tutub dünyanı min il qalacaq?” "İlk
beşiyim, son məskənim buradır” deyən Tofiq Bayram, öz vəsiyyətinə görə, xalq rəssamı
Səttar Bəhlulzadənin yanında dəfn olunub. Biri fırça, biri də qələm ustadı.
Qızılı rəngdəki abidələri... Bir qədər diqqətlə baxsan, sanki onların söhbətlərini
eşidərsən. Yer üstündəki dostluqları indi də sanki gülə-çiçəyə, daim yaşıl
ağaclara, yaxınlıqdakı mavi ləpəli gölə çevrilib. Rəssam təbiətimizin gözəlliklərini
tablolara, şair isə poeziyamıza köçürdü. Doğulduqları torpağa əbədi şöhrət gətirdilər.
Tofiq Bayram
dekabrın 16-da (1934-cü il) Əmircan kəndində doğulub. Tarixdən məlumdur ki, bu
kənd zaman-zaman çox görkəmli şəxsiyyətlərin doğulduğu yurd kimi həmişə diqqət
mərkəzində olub. Abbasqulu ağa Bakıxanovdan başlamış indiyə kimi, kəndin çox məşhur
övladları adlarını tarixə yazıblar. Elə bu məzarlığın qoynunda neçə-neçə tarixi
şəxsiyyət uyuyur. Deyim ki, mən Tofiq
Bayramın şeirlərini çox sevirəm. Hər dəfə də onun şeir ümmanının müxtəlif
sahillərində dayanaraq düşüncələrə dalıram. Bu qoşa məzar məni bir daha Tofiq
Bayramın Səttar Bəhlulzadəyə bağlılığının dərin köklərini araşdırmağa vadar
etdi. Amma çox da əziyyət çəkmədim. Məni düşündürən sualların cavabını elə
şairin yazdıqlarında tapdım. Onun bütün şeirlərinin mayasında bütöv bir Azərbaycan
sevgisi var. Bu şeirlərin hamısının ünsiyyətində, amalında, cəmində
vurğulanan həqiqət isə budur:
Mən vətənə
Füzuli,
Abbas Səhhət
deyirəm,
Mən vətənə
Sabiri
Doğan qeyrət
deyirəm.
Mən vətənə
Üzeyir,
Müşfiq, Səməd
deyirəm,
Günəş kimi
müqəddəs
Bir həqiqət deyirəm.
Həqiqətən də vətəni əziz və daha da
sevimli edən onun övladlarıdır. Qəribədir, Tofiq Bayram bu cür şərəfli
insanların əksəriyyətinə xüsusi şeir çələngi bağlayıb. Elə mükəmməl və poetik təqdimatdır
ki, həmin şəxsiyyətlərin yaradıcılığından, həyatından xəbərsiz olanlar belə, o
şeir çələnglərini diqqətlə araşdırsalar əməlli-başlı məlumatlana bilərlər. Belə bölümlərdən biri də
"Səttar çələngi” adlanır. Həyatda addım-addım yol keçib zirvəyə qartal kimi
qanadlanan Səttar Bəhlulzadə öz tablolarında ağacları, gülləri dilləndirməyi,
lal qayaları danışdırmağı rənglərin, boyaların vasitəsilə bacardı. Tofiq Bayrama görə buna əsas səbəb bu idi:
Rəssamlıq
ilahi vergiydi səndə,
Bəs necə oxutdun gülü-çiçəyi?
Görünür üç
ürək varmış sinəndə:
Füzuli,
Üzeyir, Səttar ürəyi!
Əlbəttə, Səttar Bəhlulzadə haqqında az
yazılmayıb. Təbii ki, sevənləri də çox olub, paxıllığını çəkənlər də, hətta rəqibləri
də. Siyahılardan adı pozulsa da, tarixdən heç vaxt silmək mümkün olmayıb:
Məcnunu
olduğun təbiət kimi
Xalqın ürəyində
ilahiləşdin.
Bütün
paxıllara bir ibrət kimi
Rəqiblər
kiçildi, sən dahiləşdin!
Məhz Tofiq Bayramdan öyrənirik ki, Səttar
Bəhlulzadə istedadlı gənclərlə dostluq etməyi çox sevərmiş. Bəzən də bir nisgilin
həsrətini də duyuruq bu misralarda: " ...yaxşı ki, onda var idi "Ağsaqqal”
adına layiq cavanlar”. Bu ədəbli, bilikli, savadlı, yaradıcı gənclərin arasında
şair özü də olardı. Xiffətli bir etirafında duyduq bunu:
Kövrək uşaq kimi
çəkib nazını,
Sübhəcən evində
oyaq qalmışıq.
Qartal tərk edəndə
öz yuvasını,
Biz də yetimləşib
tez qocalmışıq.
Nəyi sevməzdi Səttar Bəhlulzadə? Tofiq
Bayram bu sualın da cavabını poetik qələmə alıb:
Ən qatı düşməni
əyrilik, yalan,
Saxta
adamlara nifrəti vardı.
Deyərdi: doğruya,
düzə arxalan,
Yalan
başladımı, sənət qurtardı.
Bəzən rəssama ünvanlanan təriflərin
arasında süni sözlər, yalançı ifadələr də olardı. Tofiq Bayramın çox böyük
ehtiram və məhəbbətlə portretini yaratdığı o qeyri-adi, bənzərsiz insan öz doğru
yolundan heç vaxt çaşmayıb. Şair necə gözəl yazıb: "Çoxrəngli, boyalı əsər
yaratdın, heç rəngli, boyalı söz danışmadın”. Bəlkə elə onları bir-birlərinə dərin
tellərlə bağlayan istedadları ilə yanaşı, bu xasiyyətləri, dürüstlükləri olub?!
Çünki təsviri incəsənətimizdə Səttar Bəhlulzadə kimdirsə, elə ədəbiyyatımızda
da Tofiq Bayram o zirvədə dayanıb.
Şair 1959-cu ildə xalq rəssamı Səttar Bəhlulzadənin
əsərlərindən ibarət sərgiyə baxarkən, vəcdə gələrək yazdığı "Gözəllik aşiqi”
adlı şeirində rəssamın portretini yaradıb. Tofiq Bayramın fikrincə, bu, adi bir
sərgi yox vətənimizin - ana təbiətimizin tablolarda sayrışan gözəlliyi və təntənəsi
idi. Bu bənzərsizliyi əks etdirən tablolarsa sənətin ölməz dastanını gələcəyə aparan
incilərdi. Həmin canlı tabloları Yer kürəsinin
ən uca yerindən asmaq arzusu da şairin təkcə istəyi yox, həm də cəsarəti
idi. Çünki onun bir fikri də var idi ki,
insanlarımızın boyunu diktələrə əydilər. Əyilməyənlərin güzarı isə Sibirin
buzlu çölləri oldu. Təbiət isə dəyişməz qaldı. Gözəllik aşiqləri də məhz bu sədaqətdən
ilham aldılar. Doğru sözlərini, əyilməzliklərini boyaların ahənginə qatdılar.
Tofiq Bayram çox sevdiyi Səttar Bəhlulzadəni
"Çiçək məclisində, gül yığnağında ana təbiətin tamadası” adlandırıb. Onun
ölümündən dərin sarsıntı keçirən şair, uzun müddət bu itki ilə barışa bilməyib.
Əlinə qələm alan kimi ürək dostundan yazıb. Sonradan özü özünə təsəlli verib
ki, sevinclə qəm ömrün qoşa payıdır. Elə təbiətdə də baharla payız var. Sonra
da təvazökarlıqla, bəlkə də daha çox böyük bir məhəbbət və qətiyyətlə başını vərəqlərə
əyərək yazıb: "Səttar əbədidir, mən gəldi-gedər”. Sonra da onun əbədi gedişini
də görün necə mənalandırırdı: "Yazda köçmədi ki, solar gül-çiçək, köçdü təbiətin
xəzan çağında”. Təbiət etibarı ilə şerlərində od püskürən, zəif yazılara (şeir
deməyə ürəyim gəlmir, Tofiq Bayram onları mənasız söz yığını sayardı-F.X.)
qarşı vulkana dönən şair, rəssama
münasibətdə çox həssas və diqqətli idi. Onlar həm də eyni ayda dünyaya gəliblər.
Tofiq Bayramın bu günlərə də öz baxışı var idi: "On beş dekabrda sən
doğulmusan, ay ustad, on altı dekabrda mən. Sən dillər əzbəri rəssam olmusan. Yazıram,
pozuram xırda-xırda mən. Həyatda fərqimiz bircə gün imiş. Sənətdə fərqimiz yerlə
göy qədər”. Bu sadəliyin, həm də aliliyin arxasında nəhəng bir şairin böyük ürəyi
çırpınırdı. Onlar, əslində canlarından artıq sevdikləri bu yurdun igid əsgərləri
oldular. Birinin silahı fırça, o birinin əlində qələm. Biri qeyri adi rəsm əsərləri,
digəri də şeirləri ilə qəlbləri fəth etdi. Onların yaratdıqları, müəlliflərini əbədiliyə
apardı. Tofiq Bayram "Ruhun şad olsun” adlı bir şerində dostunun son
arzusundan, vəsiyyətindən söz açıb:
Dedi məzarımı
kəndimizdə qazın,
Yanıma bir
fırça qoyun, bir çiçək,
Adicə bir
daşa adımı yazın,
Xətrimi istəyən
özü gələcək,
Qələm çək hər
dərdin, əzabın üstə,
Fırçan intizardan
qoy azad olsun!
Heykəlin
ucalıb məzarın üstə,
Səttar Bəhlulzadə,
ruhun şad olsun!
Sənin də ruhun şad olsun, Tofiq
Bayram! Vəsiyyətinə əməl ediblər. Müqəddəs
ünvanda da yanaşı uyuyursunuz. Doğmalarınız sizi heç unutmurlar. Sənin bir şerindəki
qəlbinin xiffəti məni də çox göynətmişdi ki, Səttarın öz ocağında yeri boş
qalıb, övlad əvəzinə qəm atası olub. Məzarınızı ziyarət edəndə gördüm ki, Səttar Bəhlulzadənin min-bir məhəbbətlə tablolara
köçürdüyü gül-çiçəkləri indi sədaqətli əzizlərin,
hər ikinizin qəbrinin üzərinə düzüblər.
Bura lap gülüstana çevrilib. Abidələriniz də yanaşı. Birinizin əlində
fırça, birinizin də əlində kitab və abidələrinizin önündə dayanmış insanlar...
Elə bu yazıdan da sənin şeirinlə ayrılıram:
Cavanlıq tez yanan
odun kimidir,
Söndümü, soyuyur
axır közəcən.
Qocalıq vəfalı
qadın kimidir,
O, səndən əl çəkməz
son nəfəsəcən.
Flora XƏLİLZADƏ,
əməkdar
jurnalist