• cümə axşamı, 28 mart, 15:28
  • Baku Bakı 16°C

İki Füsun arasında

10.02.20 11:56 4826
İki Füsun arasında
Şeir ruhumuzun güzgüsü, duyğularımızın səsi, ən zərif halımızın əksidir. Bir şeir oxuyarıq və budur, artıq həyatımız əvvəlki kimi deyil: səmaya, ağaclara, quşlara, sevgiliyə fərqli baxır, hər birini daha həssas duymağa başlayırıq. Şeir hər duyğunu sürətlə "istehlak edib”, yorğun düşən ruhumuza pıçıldanan ümiddir. Qəzəbin, eşqin, yalvarışın, ələmin və qadınlığın dilidir şeir.
Yüz illərdir kişilər misralara hökm etmiş, sanki şeir yazmağı da "sahiblənmişdir”. Bəs qadınlar? Əl-əlbət əks-cins qədər çox deyildilər, amma daxili dünyalarını sətirlərə tökməyi bacarmışdılar. Ədəbiyyat tarixi bütün tarixlər kimi kişimərkəzli inkişaf etsə də, qarşımıza bu tarixin qadınlar tərəfindən yazılmasını arzu etdirəcək imzalar çıxmışdır. İlk qadın şair kimi tanınan Sapfodan günümüzə qədər daim "mən də varam” söyləyən bu qadınlar səslərindən ürkən zehniyyətlər tərəfindən yox sayılmışdır.
Didəm Madak ədəbiyyat səhnəsində çiçəkli şeirləri ilə tanınan, özünəxas səsi, cəsarəti, qələmi ilə həmcinslərinə ilham mənbəyi olan və heç vaxt unudulmayacaq şairdir. Madak oxuyucuları onun şeirlərini əzbərə bilsə də, həyatı və yaşadıqları barədə az məlumatlıdır. Çünki o, saxta kimlikli italyan yazar Elena Ferrante kimi şəxsiyyətiylə deyil, şeirləri ilə yaddaşlarda qalmaq istəyirdi. Didəm şeirlərində qadınlığın fərqli yerlərinə səyahət edən oxuyucu üçün, şübhəsiz ki, bu misraların qəhrəmanlarını tanımaq, onların "həyat”larına ortaq olmaq maraqlıdır. Bəs, görəsən, Madak həyatının hamıya məlum olmasını istəyərdimi? Yəqin ki, bu suala ən yaxşı cavabı şairin aşağıdakı misraları ilə verə bilərik:
Vəsiyyətimdir: unutqanlığınızla rastlaşmaq
və qeyb olmaq istəyirəm oralarda bir yerdə.
Qələmə aldığı ilk şeirləri "Öküz”, "Sonbahar”, "Ludingirra” kimi jurnallarda yayımlanan, qadın və şeir məfhumlarını ustalıqla birləşdirə Didəm Madak 1970-ci ilin yazında İzmirdə dünyaya göz açmışdır. Anası Füsun xanım Didəmdən altı il sonra şairin şeirlərində "uzun, qara saçlı qız” kimi tərənnüm olunan İşılı dünyaya gətirmişdir. Hər ikisi müəllim olan valideynlər qızları ilə çox xoşbəxt yaşayır, bacılar isə eyni zamanda ən yaxın dostuydular.
Hər uşağı digərinə yaxınlaşdıran
Bir şərqi mütləq ki var.
O axşam Ay İşıla sığınmışdı,
İşıl uşaqlığına.
12 sentyabr hadisələrində Burdurda müəllimlik edən atası Yusif bəy ideoloji cəhətdən fərqli düşündüyü məktəb direktoru ilə mübahisə etdiyi üçün Uşaka ezamiyyətə göndərilir. Anası Füsun xanım isə məcburən Burdurda qızları ilə birgə qalır. Ölkədə xaosun hökm sürdüyü o günlərdə çox çətin anlar yaşayan ana və qızları qaldıqları evin arxa bağçasında əkilmiş qarğıdalı tarlalarından gələn xışıltılardan çox qorxurdu. Buna görə də Füsun xanım ertəsi gün əlindəki bıçaqla bütün qarğıdalıları kökündən kəsmişdi. Artıq bu səslər onları qorxutmayacaqdı. Bu hadisədən mütəəssir olan Didəm "Anamla bağlı fikirlər” şeirində yaşadıqlarını belə qələmə alır:

Sən bir uşaq nağılı ol istəmişdim
Ölü qarğıdalı kolları xışıldayırdı,
Və qəlbimdə ilan sürüləri
Deyə başlayan uşaq nağılında...
Didəmin 13 yaşı olanda hələ 38 yaşı olan anasını itirir. İşıl "Bizə anamızın öldüyünü bildirmədilər. Bacım mənə anamın gedişini əvvəlcədən hiss etməyindən danışmış, "dəhlizdən keçəndə dizlərim üstdə düşdüm, İşıl. Onda duydum anamızın yoxluğunu” demişdi. Analar gününə ikicə gün qalırdı. Hədiyyələrimizi əvvəlcədən almışdıq. Birimiz pulqabı, birimiz də dodaq boyası. Verə bilmədik ki hədiyyələrimizi. Əlimizdə qaldı...”
Ölən hər qadın üçün şeir yazdım,
Artıq bütün kədərlərimin adı anadır.
Yusif bəy Füsun xanımın vəfatından çox keçməmiş ikinci dəfə ailə həyatı qurur. Bu nikahdan sonra Didəmlə atası arasındakı uçurum daha da böyüyür. Ana yoxluğu qəlbində hər gün daha da dərin izlər yaradır.
"O günləri xatırladıqca ağlıma ancaq Edip Cansevərin "Bircə qəzəblənməklə ölümünü düşünən uşaqlar kimi” misrası gəlir. Həyatın əli belində ögey ana kimi bizə əsəbiləşdiyini və bacımla əl-ələ tutub, xəyallardan hörülmüş eyvanımıza sığındığımızı xatırlayıram”.
Atasıyla bağlı hislərini misralara tökür:
Atam...
Çıxarılmış bir adam bütün şəkillərdən
Qismət nə idi sanki o zaman
***
Yaşasaydın, həyatının mərkəzinə
Güllər səpən adam olsun istərdim atam.
Anası barədə "Məni ədəbiyyatla tanış edən insandır. Bir çox uşaq ədəbiyyatı nümunəsi oxuduq. Elə buna görə də xoşbəxtliyin adı çəkildikdə ağlıma həmişə o günlər və oxuduqlarımız düşür” deyən Didəm və bacısı bir gün xalaları Hale xanıma "Anamdan bizə heç nə qalmadı, hər gələn dağıdıb getdi” deyə şikayət edirlər. Hale xanım isə "baxın, məndə ananızdan yadigar bir şey var” deyib qızlara analarından qalma şeir dəftərini verir. O şeir dəftəri ki, içində Füsun xanımın gənclik illərində topladığı dönəmin məşhur şairlərinin şeirlər var. Hale xanım onlara başqa bir əşya da hədiyyə edir: özünün 25 il boyunca topladığı "Varlıq” jurnalı kolleksiyasını. Bu əşyalarla birgə iki bacı şeirlə tanış olur. Madakın şeirlərində tez-tez qarşımıza çıxan ana mövzusunun əsas xətləri də məhz bu əlyazmadan sonra yaranır.
Kitablar və xəyallardan dördəlli yapışan və bütün ümidlərini qələminə "tökən” Didəm 9 Eylül Universitetində Hüquq fakültəsinə qəbul olur. Atası və ögey anası ilə birgə yaşadığı evdən canını qurtarmaq üçün hələ birinci kursda oxuyarkən tanış olduğu biriylə gizlincə evlənib, evdən qaçır. Bir müddət sonra isə universiteti yarımçıq qoyur.
Çəhrayı idman ayaqqabıları var idi evdən qaçışımın,
Guya ki kədər nə idi o zamanlar?
­Artıq istifadəyə yararsız və anamdan yadigar tikiş maşını.
Guya ki ölüm nə idi o zamanlar?
Ayanlıqdan başqa heç nə.
Evdən qaça bilərsən, uşaq
Qismətdən əsla!
Maddi cəhətdən əziyyət çəkdiyi bu dövrdə satıcılıq, katibəlik kimi bir çox işdə çalışır. Hələ 19 yaşında başından keçən uğursuz evlilik təcrübəsi onun qadın kimi həyata baxışını dəyişir. Madak bu dövrlə bağlı hislərini müsahibələrinin birində belə ifadə edir: "Həyat yoldaşım fəlsəfə üzrə təhsil alırdı. Dörd il boyunca onun dostları ilə olan söhbətlərinə qulaq asar və "adamlar nələr bilir, nələrdən danışır, ilahi” deyirdim. Ən az onlar qədər mütaliə etsəm də, özümü hər zaman fəlsəfəyə uzaq hiss edirdim. Heç bir vəchlə "fəlsəfi” danışa bilmirdim. Düzü, mən əksər qadınlarda belə problemin olduğunu sezmişəm. Deyəsən, bu, bizim genetikamızda yoxdur. Daha doğrusu, bu cür sahələrdən uzağa "atıldığımızı” düşünürəm”.
Bu müddətdə yaşadığı hər şey və hər şey onu şeirə sövq edir: "Sağ-salamat oyandığım hər sabah şeirə təşəkkür edirəm mən”.
Şeir Madak üçün dəyişdirən, fərqləndirən sehrdir. Anası Füsun xanımın adını rəhbər tutaraq (Füsun adının mənası da elə əfsun deməkdir) əfsun, sehr kəlmələrinin ətrafında dövr edə-edə şeirdəki axtarışına davam edər: "Anamdan mənə qalan tək miras sehrdir. Ondan ötrü nə zaman darıxsam, hər zaman şeir yazardım”.
Boşandıqdan sonra pulu ancaq zirzəmidə yaşamağa bəs edir və burada özünün də dediyi kimi "anidən yazmağa başlayar”. Uzun müddət rütubətə dayanmaq mümkün olduğu təqdirdə, şeir yazmaq üçün ən gözəl yerin məhz bura olduğunu deyir. Bu dövr şeirlərində yaşadığı ümidsizliyi, yalnızlığı, yağışı, qaranlığı, rütubəti, ilbiz izlərini qələmə alır. O günlərə çox yaxından şahidlik edən İşıl "Sadəcə süd içdb, şokolad yediyini xatırlayıram... Həyatdan narazı idi, qətiyyən xoşbəxt deyildi. Heç nə istədiyi kimi olmurdu” söyləyir. Yaxın dostu Müjdə Bilir isə o günlərdən belə bəhs edir: "Soyuq bir qış axşamı. Azyaşlı oğlumu təzə yatırtmışdım. Saat 10-a qalmış telefonuma zəng gəldi. Didəm idi. Səsi isə çox qəribə gəlirdi. Təlaşla nə olduğunu soruşdum. Anasından yana darıxdığını və buna görə də mənə zəng etdiyini dedi. Taksiyə oturub gəlməsi üçün onu razı saldım. Gəldiyində utancaq bir halı var idi. Danışdıqca anasına, ana şəfqətinə olan həsrətinə şahid oldum. "Çox bədbəxtəm” dedi. Bir müddət susduq. "Bilirsən, necədir, mən də eləyəm” dedim. Bu, bir etiraf idi. Düzü, kədərinə ortaq olmaqdan başqa əlimdən heç nə gəlmirdi”.
O gecə ertəsi səhər görüşmək üçün sözləşdilər, ancaq Madakdan xəbər gəlmədi. Didəmdən həmin gecə üçün geridə qalan iki izdən biri qaldığı otağın divarına asdığı və "Əziz Müjdə, Maviş Ana, içimdən heç nə söyləmək gəlmədi. Səni sevirəm. Dünən gecənin şeiri onsuz da yazılmışdı, mən sadəcə qələmə alacağam” yazılan kağız və sözügedən şeir oldu.
O gecədən aylar sonra Madak ortaya çıxıb, Müjde Bilirin yanına gəlir. Çantasından çıxardığı kağızı ona verir. Kağızda "Bədbəxtə kim baxacaq?” şeiri yazılmışdı.
O gecə qonaq gəldiyi "Maviş Ananın” evində qarşısına çıxan hər şey Madak şeirinin məzmununu formalaşdırmışdı. Bu, həqiqətən də, bütün bədbəxtlikləri əhatə edən bir şeir idi.
Sonrakı üç ildə heç kimsə (Manisada müəllimlik edən İşılın yanına arabir getməsindən başqa) Madakdan xəbər ala bilmir. Bu gedişlərinin birində qapını açan İşıl çox təəccüblənir. Madak hicaba keçmişdi. "Örtündüm mən... Hər şeyə qarşı... Qadın kimliyimdən sıyrıldım. Bu, məni rahatlatdı”.
Madak bu dönəmlərdə "Qurani-Kərim” və təsəvvüflə maraqlanır. İşıl "Çox ümidsiz idi. Örtünməklə bu cansıxıcı vəziyyətdən çıxış yolu axtarırdı. Bacım o dövrdə bu vasitə ilə xilas ola bildi. Yoxsa onu "itirə” bilərdik”.
Şairin özü də bunu ifadə edir: "Allah mənim çarəsizliyim, danışa biləcəyim kimsə qalmadıqda söhbət etdiyim idi”.
Üç il boyunca – Tanrıya daha da yaxınlaşdığı bu dövrdə "Ahlar ağacı”nı yazmağa başlayır. Bir çox hissi eyni anda yaşayar, ən çox da kədəri...
Mən kədərlərimin başını
Evdar təlaşlarla sığalladım,
Çarşabım belə oldu içində itmək üçün
İnsan qeybə çəkilməyi istəyərmi?
Mən az da olsa istədim.
İşıl jurnallardan birində gördüyü "İnqilab Kitab evi 2000” şeir müsabiqəsindən bacısına söz açır, amma Didəm məsələ ilə o qədər də maraqlanmır. Buna görə də İşıl bacısının şeirlərini bir araya toplayaraq yarışmaya göndərir. Şairə bir müddət sonra müsabiqənin qalibi olması xəbəri gəlir.
Didem Madak mükafatlandırma mərasiminə getməzdən əvvəl şair və hüquqşünas biri ilə internet vasitəsilə tanış olur. Ədəbiyyatdan və şeirdən bəhs edən bu adamdan təsirlənən Madak onunla Manisadakı kafelərdən birində görüşür. Həmin şəxs yaşanılan günlə bağlı şeir yazmalarını məsləhət görür. İkinci görüşlərində oxuduğu şeirdə görüşdükləri həmin günü, kafeni qələmə almışdır. Növbə Didəmə gəldiyində çantasından bir dəftər çıxarıb "Siz eşqdən nə anlayırsınız ki, cənab?” şeirini səsləndirir.
İstanbula mükafatını almaq üçün gedərkən xalası Filiz xanımın məsləhətinə uyaraq "hər şeyə qarşı” örtündüyü hicabını çıxaran Madak sanki qadınlığıyla "barışır”. Tədbirdə Müjdə Bilir vasitəsilə bundan sonrakı illərdə dost qalacağı Zeynəb Köylü ilə tanış olur.
Mükafat aldığı "Grapon kağıtları”nın arxa qapağına "Bu kitabda yer alan şəxs və məkanların həqiqətlə əlaqəsi tamdır. Qəhrəmanlar həmişə yanlış yollara baş vururlar. Pişiklər, qadınlar, göz yaşları... Hamısı, hamısı həqiqətən var və müəyyən bir dövrdə yaşayıb” yazır.
Yaralı qəlbi anasının ağrısı ilə dolu olan Madak şeirləri eynilə 10 yaşında atasını itirib, "Bir də heç vaxt Tanrıyla söhbət etməyəcəyəm” deyən Silvia Plat kimi həyata küskündür. Və yenə Plat kimi üsyankar qadın ruhunun etirafları ilə doludur.
Şeirinin əsas mövzularından biri olan ölüm həmişə Madakın ağlının bir küncündə var idi. Yaşamaqla ölmək dilemması arasında qalarkən birinci yolu seçir. "26 yaşıma qədər hər istədiyimi etdim. Bunun bədəli nə olursa, olsun. Bir gün yolun sonuna gəldiyimin fərqinə vardım. Özümə "stop” demək lazım idi. İnsan ya ölərək, ya da yaşamağa qərar verərək "stop” deyə bilər. Mən yaşamağa qərar verdim”.
"Grapon kağıtları”ndan sonra yazdığı bütün şeirləri Müjde Bilirlə birgə toplayan Madak yaxın dostuna bütün səmimiyyəti ilə "Türk poeziyası çox dərinlərə nüfuz edən köklü, nəhəng ağaca bənzəyir. Mənim şeirlərim o ağacın aşağılarında bitən alaq otudur” söyləyir.
Müjde Bilir hər dəfə Madakı şeirləri ilə bağlı orfoqrafiya qaydalarına diqqət etməyin lazım olduğunu söylədikdə şair "mənim şeirlərim həmişə naşı qalacaq” deyə cavab verir. "Ahlat ağacı” kitabından sonra verdiyi bir müsahibəsində "Şeirlərimi özünəxas edən xətalarım, qüsurlarım və bacarıqsızlığım, saman atəşi kimi parlayıb sönən obrazlarımdır. Bütün bu misralar oxunduqca belə düşünüləcək: bu, şeir deyil, amma həm də şeirdir”. Bütün bunlara görə şair özünü "şeir ustası” deyil, "şeir xəstəsi” adlandırır.
Çox sevinmələrin qadını, rəngarəng mürəbbə qablarını rəflərə düzən, ölmüş və yası hələ tutulan bir ana var "Ahlat ağacı”nda. Şeirləri kiçik xoşbəxtliklərlə xəyal qurula biləcəyinin, qadınların yaşandığı və rəqabətin olmadığı bir dünya vəd edir.
Yarımçıq qoyduğu hüquq fakültəsini bitirən Madak İstanbulda iş tapır. Hüquqşünas fəaliyyətinə davam etdiyi zamanlarda şair və qadınlıq mövzusunda daha da dərin fikirlərə sahib olur. "Mən qadın olduğum üçün fəxr edir, yazdıqlarıma qadınsı deyildiyində tərif kimi qəbul edirəm. Özümü isə savaşçı kimi hiss edirəm.
Şairin son kitabı "Pulbiber mahallesi” həm həyat var, həm də şair texnarlığı. Məişətə dair qavrayışlar, kəlmələr, əşyalar özünəxas melodiyasıyla səsləndirdiyi "Didem Madak” məhəlləsidir. Ana, bacı, dost, naşı şair, satıcı qadın, qaraçı...
Bursa həbsxanasında 10 il siyasi məhbusluqdan sonra azadlığına qovuşan Timur Çelik heyran olduğu və əzbərlədiyi "Siz eşqdən nə anlayırsınız, cənab?” şeirinin sahibi Madakla İstanbulda təsadüfən qarşılaşmış, tanış olduqdan bir il sonra evlənmiş, 20 mart 2008-də isə qızları Füsun dünyaya gəlmişdir. Müjdə Bilirin təbirincə, Madak bir Füsundan digər Füsuna təkamül edir.
Madak söyləyəcək heç bir hekayəsi olmayanlara, inanmadıqları mətnləri yazanlara öz hisləri ilə, səmimiyyəti ilə "cavab verir”. Silvia Plat, Füruğ Fərruxzad, Gültən Akın, Oğuz Atay və İkinci Yeni şairlərinin kəsişmə nöqtəsində dayanan Madak şeirləri özündə Tomris Uyar qüssəsi, Nilgün Marmara melanxoliyasını birləşdirir. Sadalanan imzaların ortaq nöqtəsi isə ağrı, əzab, sevinc və qayğılarını kəlmələrə tökərək yaşadıqları dünyaya tablaşa bilmələridir.
Tanrının olmadığı Dünyada
Bir yığın eşq var.
Sözün əslini araşdıracaq taqətim isə yoxdur
Buna bənzər nəsə deyə bilərəm,
Deyə bilərəm, taqətim olsa
Dostoyevskiyə "Uşaqlıqdan bəri bir parçası olmağımıza rəğmən, yenə də bir parçası ola bilmədiyim bu ucsuz-bucaqsız mərasim nədir axı?” sualını verdirən də, Oğuz Ataya "Dağılışın! Kukla tamaşası yoxdur, əzab çəkirik” söylədən də, Yusuf Atılqana "Onsuz da başa düşməyəcəklərdi” düşündürən də həyatdır. Didem Madak isə bu ağrıları melanxoliya və ironiya ilə birləşdirib, hər kəsin bəyəndiyi deyil, öz xoşuna gələn şeirlər yazır. Ayhan Kurtun da dediyi kimi "Didem Madak şeirləri ilə qarşılaşan istənilən oxucunun edəcəyi ən böyük xəta hissə qapılmaqdır. Elə bu xətaya görədir ki, şeirlərin arxa pərdəsindəki iti caynaqları çox az adam görə bilir”.
Müsahibələrindən birində necə yazması ilə bağlı verilən suala "Səhər tezdən yanımda hər tərəfi yazılmış kağız parçaları tapıram. Oxuyub, bəzi sətirlərin üstündən xətt çəkir, başqa kağıza yenidən köçürürəm. Daha sonra dərhal jurnallardan birinə göndərirəm. Çünki ləngisəm, o şeiri itirə bilərəm” cavabını verir. "Nikolasın ölümü” də belə şeirlərdən biridir. S.Platın oğlunun intihar etdiyini öyrənən və bu xəbərdən sarsılan Didəm bir gecə pəncərədən baxarkən qurbağa görür və dərhal bu şeiri yazır. Yaxın dostu Zeynəb Köylü ilə söhbət əsnasında şeirdən bir misra oxuyur: "Silvia, oyan! Nikolas südünü içməyib!”
Yaşadığı kimi yazan, necə varsa eləyaşayan Didəm daxilində minlərlə hissə yuva bir qəlb daşıdığı halda, ətraf və ətrafdakılarla normal ünsiyyət qura bilməmişdir. Bəlkə də, buna görədir ruhunu "ütüsüz” adlandırırdı. "Adətən, bir neçə səhifə yazır, yazdıqca da az sonra öləcək insan kimi təlaşlanır, sanki ölmədən əvvəl etiraf etməli olduğum məsələlər var kimi hiss edirəm. Buna görə də hər dəfə əlimə qələm aldıqda itirə biləcəyim heç nə olmadığını anlayır, hər şeyi söyləyə biləcəyimi düşünürəm. Elə həmin anlarda hər gün işə gedərkən qarşılaşdığım boyoz yeyən insanlara heyranlıqla tamaşa edən o qara köpəyi, toppuşl əlləri ilə qabaq seçən qadınları, bayrama görə ucuzluqdan alınmış paltarları ilə halından məmnun görünən uşaqları xatırlayıram. Xatırladıqca isə onları düşündüyümdən də çox sevdiyimi dərk edirəm. Hamısı, hamısı şeirə sızır. Həyat məni ovsunlayır. Nəticədə həyatı sevdiyimi və ona heyran olduğumu hiss edirəm. Əslində, həyata bir az sonra öləcəyini bilən insanın gözləriylə baxdıqda hər yerdən şeir fışqırdığına şahid ola bilərik. Ancaq o zaman mənasız gördüyümüz məişətimizin belə necə taleyüklü olduğunun fərqinə vara bilərik”.
2010-cu ildə beynəlxalq şeir festivallarından birində iştirak edəcəyi üçün Madakdan tərcümeyi-halını istəyirlər. Mətnin sonuna "Bu aralar cadu, əfsun kimi mövzularla maraqlanır və bir "əfsun kitabı” yazmağı düşünürəm” qeydini yazmış, lakin festival təşkilatçıları bu cümləni çıxartmışlar. Edilən senzuranı şeirinə qarşı həqarət kimi qəbul edən Madak olduqca sərt bir açıqlama yayımlayaraq festivalda şeir oxumağı rədd etmişdir: "Ağlım başımda olsaydı, şeir yazmazdım. Ağlım başımda olsaydı, necə bacarıram bilmirəm, amma hər dövrdə müxalif olmağın yolunu tapmazdım. Ağlı başında kimsələr ağlı başında olmayan bir cadugərin tərcümeyi-halını istədikləri kimi kəsib-doğrayacaqlarını düşünüb, bir cümləni çıxarıblar. Çıxarılan cümlə onlara görə uyğun olmaya bilər, hətta, şeir festivalının sanbalına xələl də gətirə bilər. Amma şeir heç vaxt onların istədiyi ağırlığı daşımayacaq və onların istədiyi şəkildə hörmətli olmayacaq. Şeir həqiqətən oxuyan və yazarların başa düşə biləcəyi sanbal və ağırlığa sahibdir”.
Eyni ilin noyabrında xəstəliyindən xəbər tutan şair bunu heç kimdən gizlətmir. Uzun və yorucu müalicə dövründə iki yaxın dostu Müjdə Bilir və Zeynəb Köylü yanında olur. Madak isə hər şeyə rəğmən ümidlidir, sağalacağına inanır, hətta, dostlarını güldürməyi belə bacarır. Vəfatından bir gün əvvəl isə son şeiri olan "128 tikişli şeir”i dostları və bacısı ilə birgə oxuyur. Z.Köylü "bütünlüklə səssizliyə qərq olan bədənindən çıxan bir parça səsi eşitmək ümidiylə bu şeiri oxuduqca onun hər şeyi görən gözləriylə yenidən və yenidən qarşılaşıram. Bilicinin, sehrbazın, şamanın gözləriylə” .
Doğuldum, doğdum
Bir insan necə böyüyür gördüm.
Həyatda qalmaq üçün
Və yaşamaqdan başqa
İnandım ki, şeir gəvəzəlikdir.
İndi 128 tikişli bir şeir var qarnımda
Bomboşdur artıq sətirlər
Qarnımda hissiz bir şeir var
İçimdə dayanmadan bölünən şeirlər
Birlikdə yox olacağımız şeirlər
Birlikdə unudulacağımız şeirlər
Heç borcu olmayan
Və buna görə ağrıyan şeirlər
"Nə üçün şeir yazmağı başladığımı düşündüyümdə bunun fərqinə vardım: O dövr şeir mənə hər kəsdən və hər şeydən çox azadlıq vəd edirdi. Yaşlanmaq mənim üçün azadlıq idi. Məhz buna görə heç nəyə fikir vermədən, qarşısına çıxan kişiyə kömək etmək üçün əlini verən yaşlı qadınlar çox sehrli gəlmişdi mənə. Yəni bir qadın kimi özünü gizlətmək, qorumaq məsuliyyəti yoxdur. Elə buna görə də yaşlandığım zaman tamamilə azad olacağımı düşünür, yaşlanmağımı gecikdirəcək heç bir kremdən istifadə etmirəm. Nə özüm, nə də şeirim üçün. Mən qocaldıqca hamının qınadığı çılğın qocalardan olacağam”.
Yaşlanmadan, yaşa dolmadan 24 İyul 2011-ci ildə 41 yaşında həyata gözlərini yuman Didəm Madak arxasında üç yaşında qızı, onu sevən həyat yoldaşı və sevənlərini qoyur. Hər yaşam sonu gəldiyində bitir, hər son isə insanı kədərləndirir. Ancaq şairlərin ölümü sadəcə kədərləndirməz. Oruç Aruobanın Cəmal Sürəyanın vəfatından sonra yazdığı o cümlə kimi "Bir şair gözlərini bağladıqda dünyada görüləcək şeylər azalır”.
Nərmin Sarıbaş
Türkiyə türkcəsindən uyğunlaşdıran: Aytac Quliyeva

banner

Oxşar Xəbərlər