• cümə, 29 Mart, 13:47
  • Baku Bakı 14°C

İki fərqli İbrahimbəyov

19.06.13 15:46 1746
İki fərqli İbrahimbəyov
Məlum olduğu kimi xalq yazıçısı Maqsud İbrahimbəyovun sədri olduğu Milli Sülh Komitəsinin plenum iclasında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi dəstəkləyən qərar qəbul olunub.
Ümumiyyətlə, il başlayandan əksər ictimai qurumlar prezident seçkiləri ərəfəsində keçirdikləri toplantılarda İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildiriblər. Təbii qarşılanan bu qərar yalnız həmin sosial qrupların deyil, xalqın iradəsinin ifadəsi kimi qarşılanmalıdır. Milli Sülh Komitəsinin də atdığı addıma təbii ki, bu aspektdən yanaşmaq gərəkdir. Digər tərəfdən Maqsud İbrahimbəyov bir ziyalı, xalq yazıçısı kimi hələ 90-cı illərdən başlayaraq siyasi məsələlərdə soyuqqanlı mövqeyi ilə gündəmdə olan şəxsiyyətlərdən biri olub. Məsələnin maraqlı cəhəti isə onun balaca qardaşı Rüstəm İbrahimbəyovun mövqeyi ilə bağlıdır.
İbrahimbəyovların sonbeşiyi ömrünün 74-cü ilində sözün həqiqi mənasında ərköyünlük edərək bu vaxta kimi sərgilədiyi mövqeyə, ictimai statusa zidd addımlar atmaqla özünü də, yaxın çevrəsini də dilemma qarşısında qoyub. Belə deyək ki, 2013-cü il Rüstəm İbrahimbəyov üçün nəhs gətirdi. Müstəqillik tarixində Azərbaycan dövlətinin bütün titullarını əldə etmiş kinorejissor Rüstəm İbrahimbəyov, onun üçün təşkilat yaradılaraq tələyə salınmasından doğurdanmı xəbərsizdir? Rüstəm İbrahimbəyova ömrünün 74-cü ilində ən pis rejissor işinin müəllifi kimi tarixə düşmək lazım idimi?
Bu tipli suallar çoxdur, amma çox təəssüf ki, Rüstəm İbrahimbəyov hələ də düşdüyü qaranlıq dünyadan xilas ola bilmədiyi üçün suallara da cavab vermək iqtidarında deyil. Çünki onun son iyirmi ildə keçdiyi yola, siyasi xəttinə nəzər salsaq, hazırkı mövqeyi ilə daban-dabana zidd olduğunun şahidi olmuş olarıq. Hər halda bir insan, ömrünün 74-cü ilində bütün keçmişi üzərindən xətt çəkirsə, bu zaman günahkar kimdir? Əgər Milli Şura kimi təqdim olunan "rejissor işi” kimsə tərəfindən hazırlanıb Rüstəm İbrahimbəyova təqdim olunubsa belə, onun məsuliyyəti yenə də Rüstəm İbrahimbəyovun üzərinə düşür.
Rüstəm İbrahimbəyovun ən pis rejissor işi kimi tarixə düşən Milli Şura ətrafında siyasi oriyentasiya məsələsinin bir aydan yuxarı mübahisələrə səbəb olması hər şeyi parlaqlığı ilə göstərmiş oldu. Avrointeqrasiya tərəfdarları ilə əleyhdarları uzun müddət toqquşdu və nəhayət qərara gəldilər ki, bu məsələnin həll yolu referendumdur... Adama sual verərlər ki, o referendumu harada keçirəcəksiz? Siyasi oriyentasiya və vahid namizəd məsələsində aylardır ortaq məxrəcə gələ bilməyənlər dövlət idarəçiliyinə necə iddialı ola bilərlər? Sabah vəzifə bölgüsü uğrunda yaranacaq siyasi problemləri Rüstəm İbrahimbəyov film çəkməklə aradan qaldıra biləcəkmi?
Göründüyü kimi fərqli İbrahimbəyovların düşüncələrindəki, mövqelərindəki ziddiyyət elə həddə gəlib çatıb ki, onu artıq sadə məntiqin köməyi ilə izah etmək mümkün deyil. Böyük qardaş dövlət başçısının namizədliyini dəstəkləyir, balaca qardaş ərköyünlük edir. Böyük qardaş Azərbaycan xalqının maraqlarından çıxış edir, balaca qardaş kimin maraqlarından çıxış edirsə də hər halda o xalq deyil.
Rüstəm İbrahimbəovun titulları, pulu, biznesi və nəhayət təkəbbürü kiməsə qulaq asmağa imkan verməsə də, heç olmasa öz qardaşını eşitsin. Atalarımız da yaxşı deyib «böyüyünü eşitməyən böyürə-böyürə qalar»…
Seymur Həsənli
Bakuinfo.Az
banner

Oxşar Xəbərlər