III Dünya müharibəsinin astanasında - ŞƏRH
"III Dünya
müharibəsi” deyəndə, bəziləri fikirləşirlər ki, mütləq şəkildə nüvə silahından
istifadə olunacaq. Amma III Dünya müharibəsi nüvə silahı olmadan, adi
silahların vasitəsilə üçüncü ölkələrdə də ola bilər. Çünki fövqəl dövlətlər
bir-biri ilə rəqabəti həmişə üçüncü ölkələrin üzərindən aparıblar”.
II Dünya
müharibəsindən sonra Qərblə SSRİ arasında yaranan gərginlik sonrakı dövrdə
"soyuq müharibə”yə qədər inkişaf etdi. Həmin dövrdən bu yana hegemon dövlətlər
arasında yaranan hər bir siyasi gərginlikdə
"nüvə silahı”ndan istifadə ediləcəyi ehtimalı da dilə gətirilib. Bildirilib ki,
bu addımın atılması ilə III Dünya müharibəsi başlayacaq. Lakin siyasi gərginlik
azaldıqca, bu ehtimal bir müddət gündəmdən düşüb. SSRİ dağıldıqdan sonra
ayrı-ayrı bölgələrdə münaqişələr, müharibələr olsa da, III Dünya müharibəsi
riski az olub. Amma Rusiya ilə Ukrayna arasında başlanan müharibə bu təhlükəni
yenidən gündəmə gətirib. Bəzi ekspertlər,
siyasilər bu münaqişənin III Dünya müharibəsinə sövq etdiyini vurğulayırdı.
İndi isə bu fikirlər müxtəlif ölkələrin rəhbərləri tərəfindən dilə gətirilir. Fevralın
27-də ABŞ prezidenti Bayden vurğulayıb ki, Vaşinqtonun Moskvaya qarşı tətbiq
etdiyi sərt sanksiyalara alternativ üçüncü dünya müharibəsi olardı: "Baxın iki
variant var idi: Üçüncü dünya müharibəsinə başlamaq və ya ikinci variant. Əmin
olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini
ödəyəcək”.
Ehtimal nə
qədərdir?
Belə bir
açıqlamanın ardınca, şübhəsiz ki, Rusiyanın cavabı olacaqdı, hansı ki,
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sanksiyalarla bağlı müsahibəsində
bunu qeyd edib. Onun fikrincə, idmançılar, jurnalistlər, mədəniyyət nümayəndələrinə
qarşı sanksiyalara Rusiya hazır idi: "Üçüncü dünya müharibəsi olsaydı, bu, nüvə
savaşı və dağıdıcı olacaqdı”.
Bu
açıqlamaların ardınca, demək olar ki, hər kəs dünyadakı siyasi-hərbi hərəkətliliyin
fonunda "III Dünya müharibəsi” ilə bağlı ehtimalları analiz edir, təhlillər
aparır və ölkələr də buna uyğun təhlükəsizlik
tədbirləri görməyə çalışırlar. Bir sıra dövlətlərin hətta III Dünya müharibəsi
ilə bağlı hazırlıq işləri apardığı xəbərləri də yayılır. Belə ki, xarici KİV-in
yaydığı məlumata görə, Şimali Koreya lideri Əmək Partiyasının üzvlərinə səfərbərliyə
hazır olmaları barədə tapşırıq verib. Kim Çen Inın Şimali Koreya komandanlarına
"Üçüncü dünya müharibəsinə hazır olun” göstərişi verdiyi iddia edilir.
Baş verən
proseslər fonunda bəşəriyyətin III Dünya müharibəsinin astanasında olduğunu iddia
etmək olar? Belə bir müharibənin olması ehtimalı nə qədərdir?
"Rusiya-Qərb,
Qərb-Çin qarşıdurması var”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Zülfüqarov bildirdi ki,
indi geosiyasi qarşıdurma mövcuddur: "Yəni Rusiya-Qərb, Qərb-Çin qarşıdurması
var. Bəzi məqamlarda bu qarşıdurmalar çox kəskin şəkildədir. Amma bu
qarşıdurmalar, belə demək mümkünsə, üçüncü ölkələr üzərindən özünü büruzə verir.
Bu gərginliyin hansı səviyyəyə gəlib çıxacağı ayrıca bir sualdır. Çünki bəzən
"III Dünya müharibəsi” deyəndə bəziləri fikirləşirlər ki, o, mütləq şəkildə nüvə
silahının istifadəsi ilə müşayiət olunacaq. Lakin bu heç də şərt deyil”.
"Bəzi
siyasi çıxışlarda işarə mövcuddur”
Politoloq
hesab edir ki, III Dünya müharibəsi nüvə silahı olmadan, adi silahların vasitəsilə
üçüncü ölkələrdə də ola bilər. Bunu belə izah etmək olar ki, əvvəllər "soyuq
müharibə” deyilən dövr var idi. Belə ki, fövqəl dövlətlər bir-biri ilə rəqabəti
üçüncü ölkələrin üzərindən aparırdılar. Misal üçün, Vyetnamda, Əfqanıstanda
olan müharibəni göstərə bilərik. Bəlli idi ki, bu müharibəlin arxasında ABŞ və
Sovet ittifaqı dururdu. Yəni söhbət ondan gedir ki, nüvə silahından istifadə ilə
müharibə ola bilər, yoxsa yox? Doğrusu, inanmaq istəməzdim ki, nüvə silahı
istifadə olunacaq. Onu qeyd edə bilərəm ki, artıq bəzi siyasi çıxışlarda buna
işarə mövcuddur. Amma ABŞ prezidenti Co Bayden çıxışında bildirir ki, Ukraynadakı
qarşıdurmada hərbi güclə iştirak etməyəcəyik. Bu da onu göstərir ki, ABŞ nüvə
silahı ilə qarşıdurmaya getməyəcək. Eyni fikirlər həm də NATO rəhbərliyi tərəfindən
səsləndirilir. Yəni Ukraynaya kömək olacaq, amma birbaşa orada iştirak etməyəcəklər”.
Proseslər
Ukraynada yox, Rusiyada davam edəcək
T.Zülfüqarov
dünyada müharibə ilə bağlı gərginliyin azalıb-azalmayacağına toxunaraq qeyd
etdi ki, bundan sonra proseslər Ukraynada yox, Rusiyada davam edəcək: "Bu da
iqtisadi böhranla bağlı olacaq. Ardınca isə Rusiyada siyasi böhran yaşanacaq.
Hiss olunur ki, Putin dövrü artıq bitir. Siyasi böhran fonunda hakimiyyətin dəyişməsi
də istisna olunmur. Daha doğrusu, gərginliyin aradan götürülməsinin yeganə yolu
ondan ibarətdir ki, Rusiya bu müharibədən çəkilsin və diplomatik danışıqlara
getsin. Amma Putin buna gedərmi? Hesab edirəm ki, yox. Fikrimcə, Rusiyanın
Ukraynaya qarşı müharibəsi səhv addım idi və bunu ilk növbədə Rusiyanın
maraqlarına aid etmək olar. Bunun nəticəsində də hakimiyyət dəyişməsi qaçılmaz
ola bilər”.
Bəxtiyar Məmmədli