• cümə axşamı, 28 mart, 12:45
  • Baku Bakı 16°C

II Avropa Oyunlarında idmanın 15 növü üzrə 200 medal dəsti oynanılacaq

13.06.19 15:30 724
II Avropa Oyunlarında idmanın 15 növü üzrə 200 medal dəsti oynanılacaq
İyunun 21-dən 30-dək Belarus Respublikası II Avropa Oyunlarını – Avropa Olimpiya Komitələrinin (EOC) rəhbərliyi altında Qoca qitənin idmançıları arasında dörd ildən bir keçirilən beynəlxalq kompleks idman yarışlarını qəbul edəcək.
AZƏRTACBelarus Respublikasının İnformasiya Nazirliyinin məlumatına istinadla xəbər verir ki, II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmanın 8 növü üzrə yarışlar Tokioda 2020-ci ildə keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları dərəcəsində keçiriləcək.
II Avropa Oyunlarının ev sahibi müəyyən edilərkən bir neçə ölkə öz maraqlarını ifadə edib. Bununla bağlı EOC 2019-cu il Avropa Oyunlarının keçiriləcəyi yerin seçilməsi prosesini əlaqələndirən işçi qrupu yaradıb. Əvvəlcə Niderland, Rusiya, Türkiyə, Polşa və digər ölkələr Oyunlara ev sahibliyi etmək arzularını bildiriblər.
2016-cı il oktyabrın 21-də Belarusun paytaxtında təşkil edilən EOC-un Baş Assambleyasının XXXXV iclasında II Avropa Oyunlarının keçiriləcəyi dəqiq yer kimi Minsk seçilib.
Oyunlar zamanı Belarus paytaxtına 4 minə yaxın idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Onlar Avropanın 50 Milli Olimpiya Komitəsindən olan rəsmi nümayəndə heyətini təmsil edəcəklər. Yarışları idman üzrə 650 beynəlxalq, həmçinin 410 yerli hakim idarə edəcək. Gözlənildiyinə görə, Minskə xarici KİV-lərin mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının 100-dən çox prezidenti və baş katibi, Avropa ölkələrinin idman nazirlər, EOC-un mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, Avropa MOK-larının prezidentləri və baş katibləri, Avropa MOK-un 200-dən çox qonağı, həmçinin Avropa dövlətlərinin prezidentləri, baş nazirləri və yüksəkvəzifəli şəxsləri gələcəklər. Tədbirdə 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.
2019-cu ilin II Avropa Oyunlarının yarışları Minskin ən iri idman qurğularında, o cümlədən "Dinamo”, "Minsk-arena”, "Çijovka-arena” stadionlarında keçiriləcək.
Oyunların Minskdə təşkili və keçirilməsi Avropanın idman həyatında əlamətdar hadisədir. Bu, Belarus Respublikasının etibarını möhkəmlətməyə və Olimpiya dəyərlərinin yaxşılaşdırılmasına, sağlam həyat tərzinə, bədən tərbiyəsi və idmanın inkişafına çox böyük diqqət ayıran sosialyönümlü dövlət kimi nüfuzunu təsdiqləməyə imkan verəcək.
Oyunların iştirakçılarının və xarici azarkeşlərin qonaqpərvərliklə qarşılanması və mənzil başına rahat çatması məsələlərində Belarus paytaxtının turizm sahəsi, mehmanxana və nəqliyyat infrastrukturu tam şəkildə cəlb olunub. Bu kontekstdə nəqliyyat xidmətinin kompleks planı hazırlanır. Planda şəhərin gündəlik tələbatı da nəzərə alınacaq.
İyunun 21-dən 30-dək - on gün ərzində idmançılar 200 medal dəsti uğrunda yarışacaqlar.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtında keçirilib. Qeyri-rəsmi ümumi komanda hesabında medalların dəyərinə görə Rusiya Federasiyası birinci yeri tutub. Rusiyalı idmançılar 164 mükafat, o cümlədən 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar. Azərbaycan komandası 56 mükafat (21 qızıl, 15 gümüş və 20 bürünc) qazanıb və qeyri-rəsmi ümumi komanda hesabında ikinci yeri tutub. Belarus yığması isə 43 mükafatla (10 qızıl, 11 gümüş və 22 bürünc) yeddinci yerdə qərarlaşıb.
banner

Oxşar Xəbərlər