AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İftar süfrələrində sıx toplaşmaq yoluxma təhlükəsini 4-5 dəfə artırır

İftar süfrələrində sıx toplaşmaq yoluxma təhlükəsini 4-5 dəfə artırır

Cəmiyyət
15 Aprel 2021, 20:45 675
Ramazan ayında karantin şərtləri dəyişilməz olaraq qalır. Çünki koronavirusun yoluxma şəkli dəyişməyib. Eyni şəkildə tənəffüs yolları ilə, təmasla yoluxmağa davam edir. Təbii ki, Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşdıqları zamanlar olacaq. Burada COVID-19-a yoluxma riski 4-5 dəfə artmış olur. Çünki istər-istəməz məsafə prinsipi qorunmur. Bu baxımdan hər kəsi çox diqqətli olmağa çağırıram.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
F.Sədirovun sözlərinə görə, bütün dünyada yoluxmaların ana mənbəyi klaster, yəni küməşəkilli yoluxmalardır. Beş-altı nəfər bir yerdə olduğu anda yoluxma riski 4-5 qat artmış olur. Bu baxımdan mümkünsə, Ramazan ayında çox sıx toplaşmamaq, iftar süfrələrində yalnız ailə üzvləri ilə əyləşməkdə fayda var. Əks halda, vəziyyətə nəzarət etmək çox çətin olacaq. Hazırda yoluxma göstəriciləri yüksək tendensiya ilə davam edir. Epidemioloji vəziyyəti sabit saxlamaq üçün ölkəmizdə nəzərəçarpacaq addımlar atılır. İstər vaksinasiya, istər izolyasiya tədbirləri, istərsə də epidemioloji izin müəyyənləşdirilərək yoluxma mənbələrinin aşkarlanması vəziyyətə nəzarət istiqamətində görülən işlərdir. Bu qədər əməyin boşa getməməsi üçün bir aylıq müddətdə hər kəs ikiqat daha məsuliyyətli olmalıdır.
Bizim COVID-19-la mübarizədə mexaniki qorunma yollarımız var. Bunlar maska, sosial məsafə və əl gigiyenasıdır. Bundan başqa, fizioloji qorunma baryerlərimiz də mövcuddur ki, bu da bizim immun sisteminin normal fəaliyyəti sayəsində mümkün olur. Bir COVID xəstəsi ilə təmasda olan dörd nəfərdən ikisi yoluxsa da, digər ikisi yoluxmur. Bunun səbəbi immun sisteminin normal fəaliyyət göstərməsidir. COVID-19 xəstəsi ilə təmasdan sonra bir müddət yoluxmamaq sonradan yoluxmamaq anlamına gəlmir. Çünki o an üçün immun sisteminin vəziyyəti icazə verir ki, kiçik miqdarda virus yükü ilə mübarizə apara bilsin. İmmun sistemi tamamən normal qaydada olan insanlar belə yüklü miqdarda virusa məruz qalarlarsa - bunun üçün yaxın təmas şərtdir - birdən-birə milyonlarla virus kopyasını aldıqdan sonra ən ideal immun sistemi belə COVID-19 qarşısında yenilməyə məhkum qalır. Buna görə də "ətrafımda kimdəsə test nəticəsi pozitiv oldu, lakin mən yoluxmadım, buna görə də ümumiyyətlə yoluxmayacam” demək düzgün deyil. Çünki bizim immun sistemimiz 2-3 gün yuxusuz qalsaq , düzgün qidalanmasaq, stabilliyini poza bilən bir sistemdir. Bu baxımdan çox diqqətli olmaq lazımdır. Bu gün yoluxmadım deyə sabah yoluxmayacağımın təminatı yoxdur. Mütləq şəkildə hər kəs vaksinasiyadan keçməlidir”.
"Ramazan ayında yuxu və qidalanma şərtlərinin dəyişməsi immun sistemində stabilliyin pozulmasına səbəb ola bilər. Bu baxımdan xroniki xəstəlikləri, ürək-damar problemləri, şəkərli diabeti, xroniki qaraciyər və böyrək çatışmazlığı olanların pandemiyadan öncə də oruc tutması tibbi olaraq məsləhət görülmürdü. Çünki həmin insanların müntəzəm qidalanma və yuxu rejiminə ehtiyacı var. Daha əvvəlki illərdə onların oruc tutduğu zaman xəstəliklərinin fəsadlaşdığı müşahidə olunub. Digər hallarda da qidalanmanı elə qurmalıyıq ki, yetəri qədər rasional bəslənməliyik. Axşamlar xeyli yemək yeyib mədə-bağırsaq sistemimizi və metabolizmamızı yormamalıyıq. Çünki bu da immun sisteminin zəifləməsinə səbəb olur. Qidalanmada meyvə-tərəvəz, bol proteinli qidaların üstünlük təşkil etməsi, karbohidratları - şirniyyat, un məhsullarını rasionumuzdan çıxarmaq tövsiyə olunur.
Oruc düzgün bir şəkildə tutularsa, immun sisteminin tarazılığının çox pozulacağını gözləmirik. Bəslənmə son dərəcə rasional olmalı, axşamlar yüklənməməli, səhərlər də çoxkalorili qidalar qəbul etməməliyik ki, immun sisteminin fəaliyyəti pozulmasın.
İnsan üçün aclıq müddəti 24 saatdan sonra başlayır. 24 saat tamamilə heç bir qida məhsulu qəbul olunmazsa, bizim vücudumuzda aclıq deyilən bir proses başlayır. Çünki qaraciyərimizin 24 saat ərzində bizi yetəri qədər qida maddələri ilə bəsləmək qabiliyyəti var. Oruc tutanlar 24 saat ac qalmırlar. Burada əsas məqam acqalma müddəti deyil, düzgün qidalanmadır. Bunu düzgün formada tətbiq edə bilsək, immun sistemimiz zəifləməyəcək və belə bir risklə üzləşməyəcəyik.
Ramazan ayında qidalanma zamanı mövsümi meyvələrdən istifadə etmək lazımdır. Qidalanması yetərsiz olanlara vitamin dəstəyi verilə bilər. Həmin şəxslər ya imsak, ya da iftar vaxtlarında vitamin qəbul edə bilərlər. Bu da xüsusilə xroniki xəstəlikləri olanlara aiddir. Çünki onsuz da xroniki xəstəliyə görə vücudun enerji deposu və immun sistemi qismən təsirlənmiş olur. Bu baxımdan dəstək məqsədli vitaminlər qəbul edə bilərlər. Lakin bunların hamısı həkim nəzarəti altında olmalıdır. Vitamin orqanizmə daxil olduqdan sonra ciddi dəyişikliklərə səbəb ola bilən maddələrdir. Bunu həkim nəzarəti olmadan qəbul etmək də ciddi fəsadlara səbəb ola bilər”, - deyə F.Sədirov qeyd edib.