İddiasız və müti prezident
Paşinyan Ermənistanın mütləq hakiminə çevrilir. "İngilis
kraliçası" adlandırılan prezidentliyə yeni namizəd Vaaqn Xaçatryan "Qarabağ
klanı” ilə əməkdaşlıq etməyib, sakit xarakteri ilə ad çıxarıb. Ən əsası isə o, Türkiyə
və Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır.
44 günlük İkinci Qarabağ
Müharibəsinin başa çatmasından xeyli müddət keçməsinə baxmayaraq, Ermənistanda
siyasi, iqtisadi və xaotik gərginlik səngimir. Armen Sarkisyanın prezident
vəzifəsindən istefası ilə bu gərginliyə yeni çalar əlavə edilmiş olub. Çoxları
tərəfindən bu gediş ilk gündən müəmmalı və qaranlıq qaldı. Lakin proseslərin
gedişi və yeni namizədin irəli sürülməsi bir çox mətləblərə aydınlıq gətirmiş
olub. Əgər əvvəlki prezident Türkiyə və Azərbaycana münasibətdə barışmaz mövqe
tərəfdarı kimi qələmə verilirdisə, yeni namizəd onun tam əksi kimi xarakterizə
edilir. Hakim "Mülki müqavilə” partiyasının namizədi bəllidir - 62 yaşlı yüksək
texnologiyalar sənayesi naziri Vaaqn
Xaçatryan. Mart ayında onun namizədliyi ilə bağlı parlamentdə müzakirələr
aparılacaq. Müxalifət isə nə namizədini
irəli sürüb, nə də seçkilərdə iştirak edəcək. Çox
güman ki, elə Xaçatryan prezident kürsüsünə əyləşəcək. Bu da Paşinyanın növbəti
qələbəsi olacaq.
"İngilis kraliçası”
Ermənistanın əvvəlki prezidenti Armen Sarkisyan
"Qarabağ klanı”na yaxın idi. Məhz onların dəstəyi ilə də prezident seçilmişdi. Onunla
Nikol Paşinyan arasında tez-tez kəskin fikir ayrılıqları yaşanırdı. Bu da ölkə
hakimiyyətinin vahid mövqedən çıxış etməsinə imkan vermirdi. Artıq Paşinyan özünə
yaxın hesab etdiyi Xaçatryanı prezident kürsüsündə görür. Yeri gəlmişkən, Paşinyanın
opponentlərinin "İngilis kraliçası” titulu ilə ödülləndirdiyi bu şəxs baş
nazirin komandasında az tanınan siyasətçi imicini qazanıb. Xaçatryanın özü də
mümkün prezidentlik mövzusunda müsahibələr verməyə tələsmir, təvazökar şərhlərlə
kifayətlənir. O, təcrübəli siyasətçidir, "yenidənqurma” və postsovet
Ermənistanının ən böyük ictimai-siyasi təşkilatı hesab edilən Erməni Ümummilli
Hərəkatının (EÜH) fəallarından olub və yaşlı nəslə yaxşı tanışdır. 90-cı
illərin sonunda "Qarabağ klanı” güclənəndə EÜH-in bir çox üzvləri kimi
Xaçatryan da seçim qarşısında qaldı: ya "Qarabağ klanı”nın artan nüfuzuna
qoşulmalı, ya da Ter-Petrosyanın ardınca təqaüdə çıxıb, bir vaxtlar güclü olan siyasi
hərəkatın yavaş-yavaş ölümünü seyr etmək. İkinci yolu seçən Xaçatryan Ter-Petrosyana
sadiq qaldı.
Xaçatryan
sadəcə əvəzedici olacaq?
Ermənistan parlamentinin insan
hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri
Taquhi Tovmasyan erməni mediasına açıqlamasında deyib ki, V.Xaçatryan böyük
ehtimalla bu vəzifədə sadəcə əvəzedici olacaq. "Bildiyiniz kimi, hökumət artıq
konstitusiya dəyişiklikləri üzərində işləyir. Daxil olan məlumat və təhlillərə
əsasən demək lazımdır ki, Konstitusiyaya Dəyişikliklər Şurasına ölkənin
idarəetmə modelinin dəyişdirilməsi, parlament idarəetmə formasından prezident
və ya yarı-prezident idarəetmə formasına keçidini təşkil etmək tapşırılıb. Bu o
deməkdir ki, Ermənistan prezidenti seçilməli olan Xaçatryan yeni kostyum və
daha əhatəli səlahiyyətlərlə əsl ünvan sahibi peyda olana qədər prezident
kürsüsünü tutacaq”, - deyə o qeyd edib. Politoloq və analitiklərin fikrincə,
konstitusiya dəyişikliklərindən sonra Ermənistan prezident və ya yarı-prezident
idarəetmə modelinə keçəcək və prezident postunu Nikol Paşinyan tutacaq.
"Mən bir siyasətçi kimi Xaçatryanı iqtisadi sahədə
mütəxəssis, liberal fikirlərin daşıyıcısı və Ermənistan-Türkiyə,
Ermənistan-Azərbaycan münasibətlərində güzəştlərə əsaslanmış siyasətin
tərəfdarı kimi qəbul edirəm ki, bu da liberal məntiqə görə Ermənistana xarici
sərmayələri təşviq etməlidir”. Bunu isə erməni politoloq Andreas Qukasyan deyib. O qeyd edib ki,
Armen Sarkisyan da, əslində, bir fiqur kimi bu mövqedən çıxış edib. Onun da
vaxtilə Ermənistana investisiyaların gətirilməsi baxımından gözləntiləri var
idi. "Bu siyasi mövqeyə kadr yanaşmasının dəyişmədiyini söyləmək olar.
Paşinyanın komandasında bu vəzifəyə ən çox uyğun gələn adam Vahaqn
Xaçatryandır. Amma Armen Sarkisyanın imkanları və əlaqələri ilə müqayisə etsək,
Vahaqnın açıq-aydın geridə qaldığını görərik”, - deyə o bildirib.
Sülh göyərçini
Ermənistan və
Azərbaycanın dinc, yanaşı yaşaması ideyasını dəstəkləyən Xaçatryanın imici qeyd
etdiyimiz kimi müsbətdir. Ən azı, o, heç vaxt döyüşkən çağırışlar etməyib,
qonşu xalqların irqi və mədəni uyğunsuzluğundan danışmayıb. Ən önəmlisi odur
ki, "Qarabağ klanı” strukturları ilə əməkdaşlıq etməyib.
Paşinyanın komandasına getməzdən əvvəl xarici analitik nəşrlərin daimi
həmsöhbəti olub. Eyni zamanda, baş nazirin komandasının üzvü olmasına
baxmayaraq, özünü Paşinyanın tərəfdarı
kimi qələmə vermir. V.Xaçatryanın heç vaxt aktiv olmayacağını da vurğulamaq
lazımdır. Skeptiklər Xaçatryanın Yerevan meriyasına rəhbərlik etdiyi dövrü
xatırladırlar. O vaxt onun bir xətti var idi - hər şeyə göz yummaq və sakit
dayanmaq. Paytaxtın meri olan Xaçatryan nəinki mülkiyyətin
dövlətsizləşdirilməsinə mane olmayıb, hətta bəzi yerlərdə buna töhfə verib,
xüsusən də oliqarx Xaçatur Sukiasyanın ailəsinə Ermənistan paytaxtının
mərkəzində binaların alınmasında köməklik edib. Bu gün Xaçatryan Ermənistan
siyasətinə təsir göstərə bilmir, çünki o, heç vaxt onun siyasətində iştirak
etməyib, yalnız bu və ya digər vəzifədə olub. Onun ermənilərin yaddaşında qalacaq heç bir ciddi təşəbbüsü olmayıb.
Yəqin ki, parlament müxalifəti Xaçatryanın prezidentliyə təyinatını qərəzli
qərar adlandıracaq. Rusiya mediası isə yazır ki, Xaçatryanın
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası və ya ərazi
bütövlüyünün qarşılıqlı tanınması mexanizmlərinin işlənib hazırlanmasında fəal
iştirakını çətin ki gözləmək olar. Təbii ki, Xaçatryan Ermənistana qarşı
sülhsevər təşəbbüsləri dəstəkləyəcək, lakin bu, çətin ki Nikolun siyasətinin
sərhədlərini aşsın. Tanınmış erməni
fəal və bloqerİşxan Verdyan hesab edir ki, indi
Ermənistan prezidentinə N.Paşinyanın partiyası nəzarət edəcək, V.Xaçatryan isə islahatlara
mane olmayacaq. Onun kifayət qədər praqmatik baxışlara malik olması da yaxşı
xəbərdir. Ola bilsin ki, bu, Ermənistan, Azərbaycan və Türkiyə arasında
üçtərəfli münasibətlərin nizamlanmasına müsbət töhfə verəcək.
Azər NURİYEV