• cümə axşamı, 28 mart, 20:30
  • Baku Bakı 13°C

İdarəetmədə səmərəliliyin və çevikliyin artırılmasına xidmət

16.01.19 11:45 458
İdarəetmədə səmərəliliyin və çevikliyin artırılmasına xidmət
Prezident İlham Əliyevin apardığı struktur islahatları idarəetmədə səmərəliliyin və çevikliyin daha da artırılmasına xidmət edir. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.
G.Baxşəliyeva bildirib ki, Azərbaycanın dinamik və hərtərəfli inkişafı struktur islahatlarının həyata keçirilməsini zəruri edir:
"Bu gün ölkəmiz dinamik və hərtərəfli inkişaf edir və bu baxımdan idarəetmənin müasir tələblərə uyğunlaşdırılması, eyni zamanda, səmərəliliyin və çevikliyin təmin edilməsi məqsədilə mütəmadi olaraq struktur islahatlarının aparılması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə struktur islahatları əvvəlki illərdə də aparılıb və bu günə qədər həyata keçirilən dərin hüquqi və institusional islahatlar öz bəhrəsini verməkdədir. Hazırkı islahatlar da əldə edilən nailiyyətlərin davamlılığını təmin etmək və müasir dünyanın çağırışlarına cavab vermək məqsədi daşıyır”.
Deputat əlavə edib ki, məhz səmərəli dövlət idarəetmə aparatı cənab Prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər: "Struktur islahatları institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir".
G.Baxşəliyeva vurğulayıb ki, struktur islahatları nəticə etibarilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlbi deməkdir:
"Əlbəttə ki, struktur islahatları ölkəmizdə biznes mühitinin daha da yaxşılaşmasına, dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olmasına xidmət edəcək. Belə olan halda isə Azərbaycan yeni investisiyalar üçün daha cəlbedici olacaq. Bütün bunlar isə nəticə etibarilə iqtisadi inkişafa, yeni iş yerlərinin açılmasına, insanlarımızın rifah halının yaxşılaşmasına xidmət edəcək”.
Qeyd edək ki, yanvarın 14-də Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi isə ləğv edilərək onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.
Həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılır.
banner

Oxşar Xəbərlər