• cümə axşamı, 11 iyun, 05:43
  • Baku Bakı 24°C

İctimai yerlərdə buruntaqsız gəzdirilən itlərin yaratdığı təhlükə

04.07.17 12:30 2864
İctimai yerlərdə buruntaqsız gəzdirilən itlərin yaratdığı təhlükə
Havaların istiləşməsi ilə əlaqədar olaraq, artıq hər kəs saxladığı ev heyvanlarını da tez-tez gəzdirmək məcburiyyətində qalır. Son günlər şəhərdə ev heyvanları, xüsusilə də itlərlə gəzən insanlar sayı çoxalıb. Çox təəssüf ki, itlərin əksəriyyətinin qoruyucu ağızlığı - buruntağı olmur. Bu isə ətrafda olan digər insanlara, xüsusən də uşaqlara təhlükə yaradır. Belə ki, həmin itlərin anidən kiməsə hücum etməyəcəyindən heç kim sığortalanmayıb. Şəhərin Yeni Bulvar deyilən ərazisində bir hadisənin şahidi oldum. Belə ki, yetərincə böyük bir iti gəzintiyə çıxardan şəxs ətrafdakı insanların qorxu keçirməsinə səbəb olurdu. Elə it də hər an kiməsə hücum edəcəkmiş kimi gəzirdi. Və təbii ki, itin buruntağı yox idi. İnsanları da təşvişə salan, narazılığına səbəb olan bu idi. Əsasən də, valideynlər uşaqları üçün narahat idilər. İt sahibinə iradlarını bildirsələr də, o, itin zərərli, dişləyən olmadığını qeyd etdi. Amma hər bir halda, tədbir görülməlidir. Bu tip mövzuların mətbuatda çox işlənməsinə, aktual olmasına baxmayaraq, ciddi bir tədbir görülmür. İtlərini gəzintiyə çıxaran şəxslərin başqa insanların həyatına belə etinasız yanaşması düzgün deyil. Ona görə də, məsələni yenidən araşdırıb, hansı itlərə ağızlığın taxılmalı olduğunu və bu kimi hallarda nə kimi cərimələrin tətbiq edildiyini öyrənməyə çalışdıq.
Heyvanları mühafizə cəmiyyətinin sədri Azər Qarayev bildirdi ki, dünya təcrübəsində ağızlıq bütün itlərə taxılmır. Amma Azərbaycanda isə buna yanaşma fərqlidir: "Əslində bütün itlərə ağızlığın taxılması heç də düzgün iş deyil. Yalnız bir sıra it cinsləri var ki, sırf onlara tətbiq olunmalıdır. Xüsusilə də, bura xidməti itlər daxildir. Hətta deyərdim ki, müəyyən cins itlər var ki, onların şəhərdə saxlanılması qadağan olunmalıdır. Bu cinslərə Amerika pitbulu, Kane Korso, Amerika staffordşire teryeri kimi it cinslərini misal göstərmək olar. Onu da qeyd edim ki, ağızlığın taxılması heyvanın ölçülərindən asılı deyil. Bəzən insanlar ətrafda böyük it görəndə onlardan uzaq gəzir, nə isə bir ziyan gələcəyini düşünürlər. Amma yanlış fikirdir. Çünki elə böyük, hətta deyərdim ki, at boyda olan itlər var ki, onlar qətiyyən insana toxunmaz, sakit xarakterlidirlər. Məsələn, senbernar həmin itlərdəndir. Görünüş baxımından böyük itdi, amma onu rahatlıqla şəhərdə gəzdirmək olar. Lakin elə qısaboylu itlər də var ki, onlar çox təhlükəlidirlər. Gözlənilmədən hücum edib, dişləyə bilər. Yəni bu, onların psixologiyasından asılıdır. Onlar nəinki insana, bütün canlı aləmə qarşı aqressiv olurlar”.
Regional Ekologiya Problemləri İctimai Birliyinin rəhbəri Rafiq Hüseynov deyir ki, canlı aləmi qorumaqla bərabər, həmçinin ondan qorunmaq da lazımdır: "Təbiəti qorumaq hər bir insanın borcudur. Amma təbiətdə bəzi ziyanverici qüvvələr də var ki, insan özünü ondan qorumalıdır. Bunun üçün insanlar arasında maarifləndirmə işləri aparılmalıdır. Mən Əlcəzair, Cənubi Koreya kimi bir sıra xarici ölkələrdə olmuşam. Həmin ölkələrdə iti ağızlıqsız gəzdirən görmədim. Həmçinin orada itlər üçün ayrıca parklar da var. Həmin parklar xüsusi olaraq heyvanlar üçün təchiz edilmişdir. Yəni heyvan sahibləri başqa insanlar üçün təhlükə yaratmadan itlərini gəzdirə bilirlər. Amma biz də isə bu, tamam fərqlidir. İnsanların çox olduğu məkanlarda kim necə gəldi heyvanı gəzintiyə çıxardır. Bu isə digər insanlar üçün qorxuludur. Mütləqdir ki, bütün itlərə ağızlıq taxılsın. Bilirsiniz necədir, heyvanlarda müəyyən bir qorxu hissi yaranan kimi, özünü idarə edə bilmir və hücuma keçir. Ona görə də, əvvəlcədən təhlükəsizlik tədbiri alıb, ağızlıq taxmaq lazımdır”.
Vəkillər kollegiyasının üzvü Xəyal Bəşirov bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 290-cı maddəsində ev heyvanlarının saxlanması qaydasının pozulması haqqında bir sıra cərimələr var. "Bura ev heyvanlarının qanunvericiliklə icazə verilməyən yerlərdə, həmçinin itlərin cilovsuz, daha böyük itlərin isə ağızlıqsız, sərxoş vəziyyətdə ev heyvanlarının gəzdirilməsinə, insanların üzərinə saldırılmasına qadağalar qoyulub. Bu qaydaları pozan şəxs Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 290-cı maddəsi ilə 200 manat miqdarında cərimə olunur. Əgər bir il ərzində bu hal təkrar olunarsa, cərimə 300 manat olur. Amma qeyd olunmuş hallar insanların sağlamlığına yüngül xəsarət yetirərsə və ya maddi ziyan vurarsa, bu zaman 800 manat miqdarında cərimə olunurlar. Lakin az ağır xəsarət halları baş verərsə, onda cinayət məsuliyyəti yaradır, heyvan sahibi 300 manat cərimə oluna və ya 6 ay müddətində azadlıqdan məhrum edilə bilər. Əgər xəsarət ağır dərəcədə olarsa, 500 manat cərimə oluna, 6 aylıq azadlıqdan məhrum edilə bilər. Ona görə itlərə ağızlığın taxılaraq şəhərdə gəzdirilməsi daha məqsədəuyğun sayılır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər