İctimai nəqliyyatdakı aqressivliyin səbəbi nədir? - Polemika
Son dövrlər ictimai nəqliyyatda baş verən hadisələr
cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Sərnişinin sürücüyə olan zorakılığı
təbii ki, haqlı sayıla bilməz. Amma bəzi nüanslar var ki, bunları da nəzərə
almaq lazımdır. Artıq 2 ilə yaxın bir müddətdir ki, kart sistemi ilə fəaliyyət
göstərən "BakuBus” avtobusları paytaxt sakinlərinin istifadəsinə verilib. Həmin
avtobuslarda qoyulan qayda-qanunlara riayət olunur. Hamı onların yalnız dayanacaqda saxladığını bilir.
Lakin dayanacaqdan kənarda saxlama məsələsi
kartla çalışan bəzi avtobus marşrutlarında hələ də həllini tapmayan problemlərdəndir.
Sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi, sərnişin onun istəyinə
uyğun olaraq dayanacaqdan kənarda avtobusu saxlamayan 96 nömrəli marşrutun
sürücüsünə hücum edərək onu boğmağa çalışır. Bu dəfə gənclərlə bu mövzunu
müzakirə etdik. Bu cür halların yaranmasında səbəb nədir? Nəyə görə insanlar
belə aqressiv hərəkətlər edirlər?
"Qayda-qanunlar effektiv işləməlidir”
İlkin Mirzəzadə - İctimai birlik sədri
İlkin bu tip məsələlərə bir sıra faktorların təsir etdiyini bildirir:
"Təbii ki, bu kimi hallara münasibətim olduqca mənfidir. Fikrimcə, bu, bir çox
faktorlardan asılıdır. Əvvəla, ümumilikdə cəmiyyətdə dərin psixoloji problemlər
olduqca böyükdür. Demək olar ki, hər gün bir-birini baltalayan, bıçaqlayan
yaxınlarla, qohumlarla bağlı xəbərləri eşidirik. Sözsüz ki, bunu edə bilməyənlər
də var. Onlar bunun əvəzini kimdənsə fiziki zorakılıqla çıxmaq istəyir. Digər
bir faktor sürücü mədəniyyətinin olmamağındadır.
Sürücü olmaq üçün bəzi kurslardan, imtahan və psixoloji testlərdən keçmək
lazımdır. Amma bunu qətiyyən görmürük”.
İlkin həmçinin sərnişin mədəniyyətinin hələ də
çox aşağı səviyyədə olduğu qənaətindədir: "Son dövrlər, xüsusilə son 2 ildə
"BakuBus” avtobusları gətiriləndən sonra vəziyyət nisbətən yaxşılaşıb. Əhali
kart sisteminə öyrəşir, qaydalara riayət edir və bunlar məcburiyyətdən olur.
Başqa bir önəmli nüans isə sürücülərin çox çalışıb daha artıq pul qazanmaq həvəsidir.
Günün 14-15 saatını maşın sürən şəxs təbii ki, müəyyən psixoloji problemlərlə
rastlaşa bilər. Məncə, bunların qarşısını almaq üçün icra orqanları, əhali və
şirkətlər birgə çalışmalıdır. Effektiv iş olarsa, bunun nəticəsini də görmək
olar”.
Müsahibimiz bildirir ki, bu cür məsələlərin həlli
yolu maariflənmədən keçir: "Problemi aradan qaldırmaq üçün ən böyük addım
maarifləndirmə işi olar. Nə qədər çox adam maariflənsə, o qədər yaxşı nəticə əldə
etmək mümkündür. Korrupsiya olmamalı, sürücülük vəsiqəsi pulla verilməməli,
qayda-qanunlar effektiv işləməlidir. Bu dediklərimiz olarsa, onda cəmiyyətdə
belə mənfi hallar da baş verməz”.
"İnsanlarımızda
bir-birinə qarşı səbəbsiz aqressiya var”
Qoşqar Bəylərov - Jurnalist
Qoşqar deyir ki, cəmiyyətin mədəni durumunun, səviyyəsinin
göstəricilərindən biri də ictimai nəqliyyatda davranışdır: "Təəssüf ki, son
zamanlar ölkəmizdə ictimai nəqliyyatda zorakılıq halları xüsusilə də, sürücülərə
qarşı çoxalıb. Bunun isə müxtəlif səbəbləri var. Məsələn, bir müddət əvvəl
sürücünü boğmağa çalışan yaşlı bir kişi avtobusun kamerasına düşmüşdü. Çox mənasız
səbəbdən baş verən bu zorakılıq faktı bir daha sübut edir ki, cəmiyyətimiz hələ
də tam maariflənmiş sayılmaz. Əgər o şəxs ictimai nəqliyyatda davranış
qaydalarından xəbərdar olsaydı və həmin qaydaların tələblərini pozacağı təqdirdə
qanun qarşısında daşıyacağı məsuliyyəti dərk etsəydi, bu zaman zorakılıq hadisəsi
baş verməzdi. Digər bir tərəfdən, əsasən yaşlı insanlar ötən illərin təcrübəsini
unutmadıqları üçün sürücünü harda gəldi avtobusu saxlamağa məcbur edirlər və nəticədə
belə xoşagəlməz mənzərələr ortaya çıxır. Bəzən də sürücülər maddiyyata görə
bir-biri ilə rəqabətə girir, sürət həddini aşır və avtobusu düzgün idarə etmirlər.
Bu da sərnişinlərin haqlı etirazına səbəb olur”.
Qoşqar bildirdi ki, məsələyə psixoloji aspektdən
yanaşsaq, səbəblərdən bəlkə də ən birincisinin cəmiyyətdəki aqressiyanın
olduğunu deyə bilərik: "Bəli, insanlarımızda bir-birinə qarşı səbəbsiz aqressiya
var. Mən deyərdim ki, ən çox bu səbəbdən zorakılıq halları ilə rastlaşırıq. Belə
hadisələrə münasibətim birmənalı olaraq pisdir. Bu xoşagəlməz hadisələr müəyyən
fərdlər arasında baş versə də, ümumilikdə ölkəmizin, insanlarımızın adına, mədəniyyətinə
xələl gətirir. Fikrimcə, belə halların təkrarlanmamağı üçün sürücülərin xüsusi
seçilməsi və insanların mədəni, iqtisadi, o cümlədən təhsil səviyyələrinin
artırılması lazımdır”.
"Digər
avtobuslarda da belə sistem qurulsa...”
Sevinc
Salehqızı - tələbə
Sevinc
bu mövzunun son dönəmlər yetərincə aktual olduğunu qeyd etdi. Bildirdi ki, bu məsələni
həll etmək üçün ilk olaraq səbəblərini tapmaq lazımdır: "Belə hadisələr bir neçə
dəfə mənim də başıma gəlib. Bir çox marşrutlarda kart sistemi yoxdur və
avtobuslar dayanacaqdan kənarda da saxlayır. Məsələn, mən deyirəm qarşıdakı
dayanacaqda saxla, sürücü də saxlayır. Amma üstündən bir az keçmiş başqa bir sərnişin
yenidən dayanacaqdan kənar saxlatmaq istəyir. Bu hərəkət sürücüyə də pis təsir
edir "bayaq saxlamışdım niyə düşmədin” deyərək etirazını bildirir. Sürücü
saxlamayıb yola davam edən zaman da sərnişində aqressiya yaranır. O da "sərnişin
götürəndə dayanacaqdan kənar saxlaya
bilirsən, amma düşmək istəyəndə yox?” arqumentini əsas gətirir. Hazırda ölkəmizdə kart sistemi ilə işləyən
"BakuBus” avtobusları fəaliyyət göstərir. Hamı da o avtobusların ancaq
dayanacaqlarda saxladıqlarını bilir. Buna görə də "BakuBus”larda bu kimi hallar
baş vermir. Deməli, sistemin quruluşundan çox şey asılıdır.
Digər
avtobuslarda da belə sistem qurulsa,
hamı işini bilər. Onda heç bir sürücü də, sərnişin də narahatlıq keçirməyəcək.
Həmçinin "BakuBus” sürücüləri daşıdıqları sərnişin sayından asılı olmayaraq,
maaş alırlar deyə, onlar üçün dayanacaqdan kənarda saxlayıb sərnişin götürməyə
ehtiyac olmur. Ancaq digər avtobuslar daha çox sərnişin yığmaq üçün
dayanacaqdan kənarda saxlayırlar, buna görə məcbur olub sərnişinin düşməsi üçün
də dayanacaqdan kənarda saxlamalıdırlar. Saxlamadıqları zaman isə belə problemlər
yaranır”.
Günel Azadə