• cümə axşamı, 18 aprel, 07:31
  • Baku Bakı 12°C

İçimizdəki Nargis

10.03.15 07:46 1671
İçimizdəki Nargis
O, qadın kimi yol yeriyəndə də diqqəti özünə çəkib, tələbə kimi auditoriya partalarında əyləşəndə də, hətta hər hansı bir tədbirdə, mərasimdə iştirak edəndə də. Yox, bunu o özü bilərəkdən eləmir. İlahi varlığın ona bəxş elədiyi istedadın zahirə yansımalarıdır bunlar sadəcə.
Naxçıvan Dövlət Universitetinin magistraturasında oxuyarkən III-IV kurs Azərbaycan dili və ədəbiyyatı ixtisası tələbələrinə dərsə girirdik. 408-ci auditoriyanın girişində elə qapının yanında ön cərgədə əyləşən bu qızın praktika keçən biz magistrantlara ünvanladığı sualların arxasında əgər o vaxt özünü göstərmə məqamları axtarırdımsa, bu gün onunla eyni müəssisədə bir yerdə işləyəndən sonra o vaxtkı təxminlərimdə yanıldığını etiraf etməliyəm.
Həmin dövrdə Şərq və Qərb ədəbiyyatı ənənlərinin müqayisəsi kimi bizə ünvanlandığı suallar dünya ədəbiyyatına uşaqlığından maraq göstərməsi, bir çox məşhur xarici romnaları oxumasının nəticəsi imiş. Bütün bunları bu ilin əvvəlində Bakıda “Qanun” nəşriyyatında dərc olunan “İçimdəki Merilin” kitabını oxuyandan sonra bir daha xatırlamalı oldum.
Nargis (Nərgiz İsmayılova) həm özünün fərqli təqdimatıyla, həm də kitabına seçdiyi adla sözümün əvvəlində bəhs etdiyim fərqliliyini bir daha ortaya qoydu. Əslində buna fərqlilikdən daha çox, başqalarından seçilmək də demək olar. Bir insan isə başqalarından sadəcə özünəməxsus olan yaradıcı istedadıyla seçilə bilər ki, Nərgiz də məhz öz yaradıcı istedadıyla, həm də fərqli şəkildə özünü ədəbi camiəyə təqdim etdi.
İlk kitabı ilə oxucuların görüşünə gələn müəllif buna qədər müxtəlif saytlarda öz imzasını artıq tanıtdırmış, sevdirmişdi. “İçimdəki Merilin” sadəcə bir hekayəsindən götürülüb sərlövhəyə çıxarılmış kitab adı deyil. Həm də dünya musiqi və kino tarixinin indi də belə qibtəylə, heyranlıqla pərəstiş etdiyi bir dünya ulduzuna vurğunluğu və həm də bu vurğunluqdan gələn hörmət və ehtiramın, ona bənzəmək istəyinin yox, onun kimi fərqli düşüncələrə sahib olmağın sadə izahıdır.
Bir çoxunun ilk oxucusu olduğum, ümumilikdə isə hələ kitab halına gəlməmişdən əvvəl ayrı-ayrılıqda oxuduğum bu hekayə, esse və pritçaları bir bütöv halında təkrar oxuyandan sonra bu qənaətə gəldim ki, “İçimdəki Merilin” həm də fərqli düşünən, həmcinslərinə müəllifin açıq demək istəmədiyi şifrəli mesajıdır.
Bax bu mesaj vasitəsiylə Nərgiz öz oxucularına demək istəyir ki, içinizdəki fərqli düşüncələri ifadə eləməkdən çəkinməyin və elə düşünməyin ki, sizin içinizdə boy göstərən həmin arzular, istəklər, fikirlər cəmiyyət tərəfindən tərslənəcək, əks reaksiya ilə qarşılanacaq. Yəni qısacası sizin kimi düşünən çoxları var və bunlardan biri də mən özüməəm.
Bu kitab məhz həm də içindəki fərqlilikləri qorxudanmı, ictimai qınaqdanmı gizlətməyə çalışan həmin insanlara “cəsarətli olmağı bacarın” diləyidir, “özünüzü ifadə eləməkdən çəkinməyin” xahişidir, “içinizdəki qadını sıxmayın, incitməyin” arzusudur. Bütün bunlar bir şəxsin—müəllifin timsalında oxuculara təlqin olunan həyat hadisələrinin bədii-poetik təcəssümüdür.
Müəllifin hər yazısını oxuduqca hadisələrin mərkəzində sanki özünün dayandığını düşünürsən. Bu bəlkə də belədir. Bu cür olmasa belə müəllifin uğurudur ki, o yazdıqlarında hadisələrin mərkəzində olduğu düşüncəsini yarada bilir və oxucu da müəllifin hadisələr boyu cərəyan edən yaşantısını izlədiyini zənn edir. Bunu istər “Alkandabalı oğlan” hekayəsində sürücü-turistin, istər “Qumarbazın qadını”nın, istər “Oğrular dəstəsində bir həftə” keçirən qızın, istər “Bəyaz kəpənək”dəki yeniyetmə qızcığazın, istər “Gecənin rəfiqəsi”nin, istərsə də “Ötəki qadının və digərlərinin yaşantılarıyla tanış olduqca düşünməli olursan.
Bir həqiqət də var ki, hər kəs yazdıqlarında ilk öncə öz obrazını yaradır. Ya da obrazlarına özündən detallar yükləyir, xarakter köçürür. Özünü anlatmaq istəyi həmişə olub yazar əhlində. “İçimdəki Merilin”də də Nərgizin bəzən həyat yaşantıları, bəzən xarakter cizgiləri, bəzən düşüncə sferası, bəzən də ətrafında müşahidə elədikləri boyasız-filansız oxucuya təqdim olunur. Amma bu boyasız-filansız yazılarda nə hikmətsə həmişə bədii çalarlar, poetik rənglər daha çox diqqət çəkir.
Bu hekayə, esse və pritçalarda obrazsızlıq özü də bir qeyri-ənənəvi təsir bağışlayır. Bu müəllifin məncə uğurlu gedişidir. O, öz obrazlarına adlar vermir, ümumiləşdirir. Onun abrazsızlıq dediyim obrazlarına baxaq. Rasim, İqor, Mələk xala və Gürcü oğlan Caba istisna olmaqla digər yazılarının qəhrəmanları Qadın, Kişi, Oğlan, Körpə, Mən, O, Müəllim, Baba, Rəfiqə, Rejissor, Qonşu, Gəlin, Qumarbaz, Malış, Qızcığaz, Həkim, Adam bu qəbildən olan hərkəsdir...
Mənə elə gəlir ki, müəllif həm də bir ədəbi proym işlədir. Yazdıqlarında hər kəsin özünün tapa bilməsini arzulayır. Buna da nail olduğuna əminəm. Nargisin hekayələrinin dili də qeyri adi bir səlisliyə ,axıcılığa malikdir. İstər dialoqlarında, istər monoloqlarında, istərsə də müəllif təhkiyəsində bu özünü göstərir. “Bəyaz kəpənək”, “Günahkar idi yarpaqlar”, “Keçməyən keçmişimizin şərəfinə”, “Vicdanımın qəddi bükülmüşdü”, “Tapdalanan göz yaşı”, “Bir qədəh yalnızlıq”, “Boşluğun tragediyası” və digər nəsr əsərləridə Nərgiz birbaşa ürəklərə xitab etdiyi üçün fərqli üslublu axıcılığıyla oxucunu kitabı bitirmədən ondan ayrılmağa imkan vermir. “Bir qədəh yalnızlıq” pritçasında oxuyuruq:
“Səndən getdiyim gün gecə idi, dodaqlarım susuzluqdan qurumuş çöllər kimi çarəsiz, göz yaşlarım duzlu dəniz.
Səndən getdiyim gün qanı çəkilmişdi, bumbuz idi əlləri gecənin.. ...Darıxıram... Ümid etmək üçün ümid edirəm, ümidləri cəzalandırıb edam edirəm... Boğazımı sıxır “qürur” markalı qalstuk... Açıb atıram...Məndən getdikcə sənə dönürəm, səndə yaşamağa çalışdıqca ölürəm...”.
Ya da “Ötəki qadın”a belə başlayır müəllif:
“Yenə vurdu ruhunun sahillərinə, yenə susdurdu içindəki ən dərin susqunluğu, ətrafına baxdı ən laqeyd bir biçimdə, gülümsədi Ötəki qadın...qadın...”.
İnanıram ki, Naxçıvanda doğulub boya-başa çatan, Naxçıvanda yaşayan və yaradan Nərgiz İsmayılovanın (Nargisin) timsalında ədəbi mühitimiz yeni və uğurlu bir imza qazandı. Nəsrimiz isə insan xarakterləriylə zəngin olan bu kitabdan sonra müəllifi həmişə axtaracaq.
“İçimizdəki Merilin” kitabıyla “İçimizdəki Nargis” bizə içimizdəki Nərgizin bizdən biri olduğunu anlatdı və hər birimizin içindəki fərqliliyi çəkinmədən üzə çıxarmağa cəsarətləndirdi. Mən də, yazar həmkarımı, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində çalışdığım tədqiqatçı həmkarımı “İçimdəki Merilin” kitabı münasibətilə təbrik edir və inanıram ki, bundan sonra biz onun daha irihəcmli əsərlərini oxuyacağıq. Hətta bir az irəli gedib bu barədə oxuculara indidən söz verə bilərəm ki, qısa vaxtda o bizi öz romanı ilə daha da heyrətləndirəcək.
Elxan YURDOĞLU
banner

Oxşar Xəbərlər