AZE | RUS | ENG |

İblisə qiyamət gününə qədər möhlət verilib

İblisə qiyamət gününə qədər möhlət verilib
Gülbəniz Babaxanlı: “İblisi mütləq şər kimi təqdim etməməklə, Cavid böyük bir sənət uğuru qazanmışdır”

"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının çox sevdikləri əsərlər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Əməkdar mədəniyyət işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. Gülbəniz xanımın sevdiyi əsər Hüseyn Cavidin "İblis” faciəsidir.
 
– "Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Hüseyn Cavidin "İblis” faciəsi sizin sevdiyiniz əsərdir?
– Əslində, Hüseyn Cavidin sevilməyən əsəri yoxdur. Hər hansı əsər istedad sahibinin qələmindən çıxıbsa, deməli, ideya-bədii keyfiyyətləri də yüksək səviyyədədir. Xüsusi olaraq "İblis”i seçməyim isə onun dahi sənətkarın ən monumental əsəri olması ilə bağlıdır. Eyni zamanda, "İblis” Azərbaycan ədəbiyyatı fenomeni olaraq qalmayıb, qlobal səviyyəli problemlərin həlli yolunda qeyrət kəməri bağlamış bir əsər kimi də sevilməyə layiqdir.  
 
– Sizcə, "İblis” pyesinin yazılmasında XX əsrin əvvəllərindəki siyasi hadisələrin nə dərəcədə təsiri olmuşdur?
– Birbaşa! Ancaq təkcə bu olsaydı, H.Cavid "Müharibə və ədəbiyyat” adlı məşhur publisist məqaləsi ilə kifayətlənərdi. Az öncə dediyim kimi, əsərdə "əbədi” problemlərdən olan xeyirlə şərin mübarizəsi öz poetik həllini tapmışdır.
 
– Arif, bildiklərini həyat təcrübəsi ilə yox, oxuyaraq, əzbərləyərək kitablardan öyrənmişdir. Odur ki, İblisə qarşı sona qədər gedə bilmir”. Bu fikirlə nə dərəcədə razısınız? Doğrudan da, Arifi məhvə sürükləyən oxumuş cahil olması idi?
– Bir qədər mücərrədlik olsa da, kitablardakı biliklərin əsasında da həyat təcrübəsi, konkret insanların düşüncələri durur. Buna görə də, Arifin məğlubiyyətində kitabları günahlandırmaq olmaz.
 
– Əsərdə İblis Arifi ələ keçirmək üçün qəlbinə "Əgər Allah varsa niyə bu müharibələrin qarşısını almır, niyə gücsüzlərin, günahsızların axan qanlarına biganədir?” sualları ilə şübhə salmağa çalışır. Maraqlıdır, H.Cavid bu şübhə toxumları ilə Allaha şəksiz inanmağın tərəfdarı kimi çıxış edirdi? Axı Tanrını dərk etməyin yolu elə düşünməkdən başlayır. Belə düşüncələr də şübhənin yaradıcısıdır...
– Yaxşı bilirik ki, Cavid din xadimi deyildi, molla deyildi, təəssübkeş və fanatik müsəlman deyildi. Cavid, əslində, şair-filosof idi və öz fəlsəfi baxışlarında Şərq ilə Qərbin dünyagörüşündən çıxış etməyə üstünlük verirdi. Cavid – "gözəl islamı, gözəl şəriəti” (Nəcəf bəy Vəzirov) kor-koranə deyil, dərindən anlayaraq sevirdi və təsadüfi deyil ki, hələ ilk böyük faciəsi "Şeyx Sənan”da "Şübhədir hər həqiqətin anası” – deyirdi.
 
– Əsərdə Rəna obrazının xarakterindəki təbii olmayan detallar diqqəti cəlb edir. İntiqam almaq arzusu ilə alışıb-yanan Rənanı müharibənin ab-havası, əxlaq normalarını ilkin təbiətindən ayırmış, onu qadın həssaslığından yanındakı ən böyük təhlükəni – İbn Yəmini də tanımayacaq qədər uzaqlaşdırmış, "yalnız intiqam almağımda mənə kömək edən məni sevir” düşüncəsinə gətirib çıxarmışdır?
– Deməzdim ki, müharibə Rənanı təbii halından çıxarıb. Əksinə, Rəna öz coşqun intiqam hissi ilə çox təbii görünür. Özəlliklə, qadın emosionallığını nəzərə alsaq. Onu da unutmayaq ki, İbn Yəminin iyrənc və məkrli birisi olduğunu biz – oxucular və tamaşaçılar bilirik. Rəna isə bunu bilə bilməzdi və əgər bilsəydi, bu zaman obraz qeyri-təbii olardı. Məşhur bir lətifəni yadınıza salmaq istərdim: "Otello” tamaşası zamanı Yaqonun yalanlarına aldanan Otelloya "kömək” məqsədilə zaldan bir tamaşaçı bərkdən qışqırır: "Otello, inanma, yalan deyir!”
 
– Əsərdə diqqəti çəkən məqamlardan biri də İblisin birdən-birə dəyişən xisləti, "mən sən olsaydım, onu əfv edərdim” deyə İxtiyar şeyxə müraciətidir. Bu barədə nə düşünürsünüz? Nə idi İblisi bunca "humanistləşdirən”?
– Düşünürəm ki, İblisi mütləq şər kimi təqdim etməməklə, Cavid böyük bir sənət uğuru qazanmışdır. Qədim Şərq "İn-Yan” fəlsəfəsinə görə, hər bir xeyirdə bir şər nöqtəsi, hər bir şərdə isə bir xeyir nöqtəsi vardır. İblisdə tapdığı xeyir nöqtəsinə görə, Cavidi Şərq fəlsəfi fikrinin qabaqcıl nümayəndələrindən biri kimi qiymətləndirməliyik.
 
– Dini düşüncəyə görə, İblis özü müstəqil, metafizik varlıqdır. Cavid isə onu insan psixologiyasına aid edir. Sizcə, Cavidin İblisi bu baxımdan "Qurani-Kərim”ə zidd deyildi ki?
– Bu sualın dahi Sabirin "Bakıda bir kənddə mühavirə” şeirindən bir parçanı yadıma saldı. Quranda elm oxumaq ayəsi olduğunu deyən kəndliyə axund belə cavab verir:
 
Hansı Qurandır o ki, onda yazılmış bu xəbər?
Şiə mollası yazan türkicə Quransa əgər,
Mən onun yazdığı Qurana yavıq durmayıram,
Maşa ilə yapışıb, əl də belə vurmayıram!

 
İblis Quranda heç də "müstəqil, metafizik bir varlıq kimi” təqdim olunmur. İblis – oddan yaradılmış bir mələkdir və palçıqdan yaradılmış insana başqa mələklər səcdə etdikdə, İblis bundan imtina edir və Tanrı dərgahından qovulur, sadəcə, ona qiyamət gününə qədər möhlət verilir. Cavidin İblisi "Qurani-Kərim”lə heç bir ziddiyyət təşkil etmir.
 
– Sizcə, "İblis” pyesindəki əsas qəhrəmanlar olan Arif, Vasif və Rənanın adlarının hansısa rəmzi mənası varmı?
– Bunsuz olarmı? Böyük romantik kimi, Cavid adlardakı rəmzi mənalardan da ustalıqla istifadə etmişdir: Arif – Tanrını tanıyan, Vasif – vəsf edən, Rəna isə ilahi gözəlliyin emanasiyasıdır.
 
– Əsərdə xüsusi diqqətinizi çəkən bədii detal, dialoq və ya məqam hansıdır?
– İblisin monoloqu! "Sürüklənən bəşəri” daim ayıq-sayıq olmağa səsləyən Cavid hayqırtısı!
 
– H.Cavidin İblisinin Höte və Bayronun İblisi ilə oxşar və fərqli cəhətləri nədədir?
– İblis – İblisdir də! Sadəcə, Cavidin İblisində bəşəri başlanğıc daha güclüdür. Bu barədə daha ətraflı professor Əjdər İsmayılovun monoqrafiyasına baxmaq olar.
 
– Hötenin "Faust”unda Mefistofel Allahın əmri ilə insanın yanına gəlir. Hüseyn Cavidin İblisi isə müstəqil başlanğıc kimi qələmə verilir.
– Bu da İslamdan gəlir. İblisə qiyamət gününə qədər möhlət verilib. Onun sərbəstliyi də bu icazədən qaynaqlanır.
 
 
Söhbətləşdi: Fərid Hüseyn
 
 
 
 
 
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056