Hüseyn Cavidin böyük istedadla yazdığı dramatik əsərlər

AMEA Naxçıvan Bölməsində XX əsr Azərbaycan və
dünya romantizminin görkəmli nümayəndəsi, dahi dramaturq Hüseyn Cavidin "Azər”
poemasına həsr olunan elmi konfrans keçirilib.
Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək ədibin həyat və yaradıcılığından, o cümlədən ölkəmizdə
Cavid irsinə, faciələrlə dolu ömür yaşayan Cavidlər ailəsinə göstərilən diqqət və
qayğıdan danışıb.
Dilçi alim Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin "Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli
Sərəncamını xatırladaraq, tövsiyə olunan nəşrlər sırasında Azərbaycan ədəbiyyatında
ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavidin "Azər” poemasının da
yer aldığını bildirib.
Konfransda
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq
şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov "Görkəmli Azərbaycan
şairi Hüseyn Cavid və onun "Azər” poeması”, Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan
Məmmədov Hüseyn "Cavidin Şəmsası Mopassanın Gonbuluna qarşı”, Musiqi və teatr
şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər
Qasımov "Hüseyn Cavidin "Azər” poeması səhnədə” mövzusunda məruzələrlə çıxış
ediblər.
Qeyd olunub ki, Hüseyn Cavidin böyük istedadla
yazdığı zəngin dramatik əsərləri Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil
edir. Hər bir əsərində
humanist ideyalarla çıxış edən görkəmli dramaturq bütün bəşəriyyətin xilası və
nicatını məhəbbətdə, sülh və barışda görüb. Bu baxımdan ədibin "Azər” poeması
da sülhə, humanizmə, ədalətə inam və çağırışlar ifadə edən sanballı əsərdir.
Vurğulanıb ki, Hüseyn Cavidin "Azər” poemasının
Naxçıvan Muxtar Respubikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla
"Oxunması zəruri olan kitablar siyahısı”na düşməsi böyük mütəfəkkirə olan dövlət
qayğısının davamı və bariz nümunəsidir. Gələcək nəsillər bu əsəri mütaliə
etdikcə Cavid sənəti ilə keçmişimizə və xalqımızın taleyinə daha dərindən nüfuz
edəcək.
