AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hüquq müdafiəçisi polisdən və MTN-dən razılıq elədi

Hüquq müdafiəçisi polisdən və MTN-dən razılıq elədi

Cəmiyyət
18 Dekabr 2012, 15:20 1875
«İşgəncələrə Qarşı Azərbaycan Komitəsi hər ilin axırında illik hesabatını təqdim edir. Konfidensionallıq gözlənilmək şərti ilə həmin hesabatın bəzi hissələri cəmiyyətin diqqətinə çatdırılır». Bu fikirlər İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin dekabrın 18-də keçirdiyi mətbuat konfransında səslənib. Rəhbərlik etdiyi təşkilatın tənqidedici qurum olduğunu söyləyən komitə sədri Elçin Behbudov bir sıra dövlət orqanlarının tənqidi sevmədiyini diqqətə çatdırıb: «Problemlər cəmiyyətə çatdırılmalıdır. Bizim məqsədimiz odur ki, dövlət qaldırdığımız problemlərə diqqət yetirsin və vaxtında həmin nöqsanlar aradan qaldırılsın».

Komitənin 2012-ci il üçün hazırlanan hesabatından danışan E.Behbudov məlumat verib ki, il ərzində komitəyə 4 ölüm faktı daxil olmaqla 141 müraciət ünvanlanıb: «Müraciət edənlər bildiriblər ki, onlar işgəncələrə, pis rəftara və qeyri-insani rəftara məruz qalıblar. Biz həmin müraciətləri cavabsız qoymuruq, öz hesabatımıza əlavə edirik və əlaqədar orqanların diqqətinə çatdırırıq”.

Komitə sədri qeyd edib ki, beynəlxalq normalara görə, işgəncə, pis rəftar və qeyri-insani rəftar hansı ölkələrdən gedirsə, həmin dövlətlər problemi araşdırmalıdır: “Təəssüflə bildirirəm ki, bəzi dövlət orqanları bizim müraciətimizə cavab olaraq deyirlər ki, işgəncə və pis rəftar faktları öz əksini tapmayıb».

Hüquq müdafiəçisi komitəyə ünvanlanan müraciətlərin içərisində polis orqanları, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, uşaq internat evləri, Xaçmaz rayonunun icra başçısının müavini ilə bağlı, Nəqliyyat Departamenti, Neft Şirkətinin Mühafizə Xidməti, hərbi hissələrdən və s. şikayətlərin olduğunu bildirib. Belə ki, şikayətlərdən 10-u qadınlarla, biri azyaşlı uşaqla, 2-i əcnəbi vətəndaşla bağlıdır. 4 ölüm hadisəsi ilə bağlı şikayət Penitensiar Xidmət, 1-i Xanlar rayonunda yerləşən Ruhi Əsəb Uşaq İnternat Evi ilə bağlı daxil olub.

Şikayətlərin sayı artıb

Komitənin hesabatında vətəndaşların Cinayət Məcəlləsinin hansı maddələri üzrə həbs olunmaları da öz əksini tapıb. Belə ki, faktlar əsasən narkotik maddələr satışı, oğurluq, polisə müqavimət, quldurluq, soyğunçuluq və s. bağlıdır. E.Behbudov qeyd edib ki, rəhbərlik etdiyi komitə bu gün ölkənin güc strukturları – DİN, MTN, Müdafiə Nazirliyi, o cümlədən, Səhiyyə Nazirliyinin Narkoloji dispanserləri, qapalı tipli müalicə şöbələri və Təhsil Nazirliyinin internatları ilə sıx əməkdaşlıq edir:

«Polis orqanları çox tənqid olunsa da, monitorinqlər zamanı biz orada şəffaf münasibət gördük. Qəfil monitorinqlər zamanı bir neçə rayonda polis idarələrində təmirə ehtiyac olduğunu aşkara çıxardıq. Yardımlı və Gədəbəy Rayon Polis Şöbələrinin müvəqqəti saxlama yerlərinin təmirə ehtiyacı var. Nazir Ramil Usubovla görüşdə də məsələni onun diqqətinə çatdırdım. Cənab nazir yeni məntəqələrin tikilməsi ilə bağlı göstəriş verildiyini bildirdi».

Komitə sədri MTN-nin istintaq təcridxanasında aparılan monitorinq zamanı yeməyin keyfiyyətinə və kameralara baxış keçirdiklərini qeyd edib. Belə ki, nazirin göstərişi ilə artıq təcridxanada çarpayıların döşəkləri dəyişdirilir. Həmçinin təcridxanada 6 kameradan ibarət müvəqqəti saxlama yeri də yaradılır: “Orada saxlanılan adam 48 saata qədər saxlanılacaq. Ondan sonra ya o, azadlığa buraxılmalı, ya da ittiham olunarsa, istintaq təcridxanasına köçürülməlidir».

E.Behbudov son vaxtlar komitəyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən çoxlu şikayətlərin daxil olduğunu bildirib: «İşgəncə faktları, qeyri-insanı rəftarla bağlı müraciət edənlərin sayı artıb. 3 ölüm halı buna misaldır». Komitə sədri qeyd edib ki, Ədliyyə Nazirliyi ünvanlarına səslənən tənqidlə əlaqədar olaraq monitorinq qrupunun cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına daxil olmasına məhdudiyyət qoyub: “Araşdırmalar birtərəfli aparılır. Əlbəttə, bunlar bizi qane etmir. Əgər biz məhkumlarla görüşə, istədiyimiz sualları onlara ünvanlaya bilmiriksə, bu, bizi razı salmır. Ona görə də araşdırmalarımızda bizə ünvanlanan yazılı müraciətlərə əsaslanırıq. Tənqidlərimiz haqlı olub. Bildirmişəm ki, monitorinqlər keçirilməkdən ötrü qabaqcadan heç kəsə məlumat verilməməlidir. Penitensiar qapalı yerdir. Amma ictimaiyyət orada nə baş verdiyini bilməlidir”.

Komitənin hesabatında həmçinin 8, 12, 13, 14 saylı cəzaçəkmə müəssisələrinin yerinin dəyişdirilməsi təklifləri də göstərilib: «Bu müəssisələr Qızıldaş və Qobustan ərazilərində yerləşir. İstidə ilanlar mələyən yerdir, qışda isə həddindən artıq soyuqdur. 14 saylı müəssisə isə daş karxanasının ərazisindədir. Külək qalxan kimi daşın tozundan göz gözü görmür».

Dəfələrlə müraciət etsək də...

Komitənin hesabatında həmçinin məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı monitorinqin nəticələri də yer alıb: «Məhkəmə orqanlarında da problemlər var. Hakimlərin bəziləri müstəqil qərar çıxara bilmirlər, sifariş gözləyirlər. Müstəqil ekspertizanın yaradılması müsbət olardı».
E.Behbudov həmçinin hərbi hissələrdə əsgərlərlə zabitlər arasındakı problemlərdən də danışıb.

Jurnalistlərin suallarını cavablandıran E.Behbudov «MTN-in İstintaq Təcridxanasının ləğv edilərək Ədliyyə Nazirliyinin səlahiyyətinə veriləcəyi» ilə bağlı yayılan fikirlərə də aydınlıq gətirib: «Ümumiyyətlə, mən bu fikrin əleyhinəyəm. Düzdür, Avropa Şurası bunu tövsiyə edib. Əvvəla, bütün sivil dövlətlərin xüsusi xidmət orqanlarının özlərinin saxlanma yerləri var. Nəyə görə Azərbaycanın olmamalıdır? Digər tərəfdən, biz bu gün Ermənistan dövləti ilə müharibə şəraitindəyik. Nəyə görə Ermənistanda MTN-nin saxlanma yeri olmalıdır, Azərbaycanın yox? Bunlar hamısı məqsədyönlü həyata keçirilir. Bu yeganə istintaq təcridxanasıdır ki, burada diabet xəstələri üçün ayrıca yemək hazırlanır. Heç bir cəzaçəkmə müəssisəsində belə şeyin şahidi olmamışam. Bəzi məhkumlara əlləri çatmadığı üçün müəyyən sirləri əldə etməkdən ötrü bu fikirləri irəli sürürlər”.

Uşaqlara qarşı işgəncə

Gəncədə fəaliyyət göstərən SOS uşaq evi ilə bağlı daxil olan müraciətə toxunan E.Behbudovun sözlərinə görə, oradakı uşaq müəllim tərəfindən vəhşicəsinə döyülüb: “Biz Baş Prokurorluğa müraciət etdik və məlumat gəldi ki, məsələ araşdırılır”. Yaxın günlərdə baş verən digər hadisə də uşaq işgəncəsi ilə bağlıdır. Belə ki, Xanlar rayonundakı Ruhi Əsəb İnternat Evində bir qız dünyasını dəyişib: «Anasının bildirdiyinə görə, uşağın bədənində çoxsaylı qançırlar olub. Müstəntiq anasına məlumat verib ki, qızın ürəyi və ciyəri partlayıb. Biz bununla bağlı da Baş Prokurorluğa müraciət etmişik».

E.Behbudov komitəyə daxil olan şikayətlərlə bağlı ötən illərlə müqayisə apararaq qalxıb-enmələrin müşahidə olunduğunu bildirib. Belə ki, 2010-cu ildə komitəyə 169 müraciət daxil olub: “Bunlar hamısı işgəncə, pis rəftar və qeyri-insani rəftara məruz qalanlarla bağlı faktlardır. Bunların içərisində 11 ölüm hadisəsi olub”. Keçən il isə komitəyə 9 ölüm faktı olmaqla 136 müraciət daxil olub.

Təranə Məhərrəmova