Humanizm və mərhəmət prinsiplərinə söykənən addım - Fotolar
Müstəqil Azərbaycanda artıq
humanist aktların həyata keçirilməsi ənənəsi formalaşıb. Ümummilli lider Heydər
Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanda əfv və amnistiya
təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı
qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan
21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu öndər
tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq
cəzalarından azad edilib. Onun böyük humanistlik nümayiş etdirərək imzaladığı
əfv fərmanları ilə, hətta 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində
iştirak edən insanların bir qismi də bağışlayıb. Prezident İlham Əliyev
tərəfindən də 2003-cü ildən indiyə qədər imzalanan çoxsaylı əfv fərman və
sərəncamları ilə ailə vəziyyəti, həbsxanadakı davranışı nəzərə alınaraq
minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən azadlığa buraxılıb, cəzaları
yüngülləşdirilib, neçə-neçə ailəyə sevinc bəxş edilib.
4
amnistiya aktının təşəbbüskarı
Heydər Əliyev Fondunun da
bu istiqamətdə əhəmiyyətli fəaliyyəti olub. Belə ki, son illər Azərbaycanda
qəbul olunan 4 amnistiya aktının təşəbbüskarı məhz Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin sabiq deputatı, birinci vitse-prezident Mehriban Əliyeva olub. Onun təşəbbüsü ilə
Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877, 17 mart
2009-cu il tarixli qərarla isə 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7
may 2013-cü il tarixli qərar 9000 şəxsə şamil olunub, o cümlədən 2 mindən artıq
məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib.
2016-cı il mayın 20-də
isə Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın təşəbbüskarı olduğu "28 May – Respublika Günü münasibətilə amnistiya
elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib. Bu amnistiya aktı 10 min
şəxsə şamil edilib ki, onlardan 3500 nəfəri azadlıqdan məhrumetmə cəzasından
azad edilib.
Sərəncam
431 nəfərə şamil olunub
Ümumilikdə götürsək,
müstəqillik tarixində dövlətimizin humanist siyasəti nəticəsində indiyə qədər 65
əfv sərəncamı imzalanıb, 11 Amnistiya Aktı qəbul olunub ki, bunun da nəticəsində
on minlərlə insan ailəsinə, cəmiyyətə qovuşub. Prezident İlham Əliyevin məhkum
edilmiş bir sıra şəxslərin əfv olunması haqqında cari il martın 16-da
imzaladığı sərəncam da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Əfv sərəncamı
ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrumetmə cəzasına
məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Ömürlük
azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2
nəfərin cəzası 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.
Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının
çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Eyni zamanda, azadlıqdan
məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub.
Bununla yanaşı, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər,
islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən
azad edilib. 1 nəfər ictimai işlərdən, 12 nəfər cərimə cəzalarından azad edilib.
Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2
Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun,
Hindistan, Belarus vətəndaşlarına şamil olunub.
İkiqat bayram sevinci
Millət vəkili, politoloq Aydın Mirzəzadə mövzu ilə bağlı deyib ki,Prezident İlham Əliyevin 16 mart tarixli Sərəncamının icrası ilə bağlıötən gün dörd cəzaçəkmə müəssisəsində olub, əfv olunan insanların bir qisminə buraxılış vərəqələrinin təqdim edilməsi mərasimində şəxsən iştirak edib. Deputat bildirib ki, əfv olunanlar ikiqat bayram sevinci yaşayıblar. Millət vəkili cəzaçəkmə müəssisələrinin yanında toplaşmış məhkumların ailə üzvlərinə, yaxınlarına və qohumlarına gözaydınlığı verdiyini də dilə gətirib: "Belə əfv Sərəncamları Prezident İlham Əliyev tərəfindən vaxtaşırı imzalanır. Son illərdə dövlətimizin başçısı 35 əfv Sərəncamı imzalayıb, beş mindən çox məhbus həbsdən azad edilib. Bu, böyük humanistlikdir. Heç bir ölkədə vətəndaşa belə humanistcəsinə yanaşılmır. Prezidentimiz həmin insanlara özlərini həyatda bir daha sınamaq imkanı verir. Onları öz ailələrinə, öz mühitinə qaytarır. Bu bir daha göstərir ki, hər bir vətəndaşın probleminin həlli, onların qayğıları ölkə rəhbərliyinin diqqətindədir.Azadlığa çıxan məhbuslar da Prezident İlham Əliyevə dərin minnətdarlarını bildirirlər. Deyirlər ki, bir daha səhv etməyəcək, qanuna riayət edən nümunəvi vətəndaşlar olacaqlar. Azərbaycan xalqı üçün əziz olan Novruz bayramı ərəfəsində belə bir humanist addımın atılması və belə bir tədbirin keçirilməsi Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə təmin olunmasından, humanizm prinsiplərinə sadiqlikdən xəbər verir. Bunun qarantı dövlətimizin başçısıdır".
"Dövlətimizin
başçısı yüzlərlə ailəni sevindirdi”
Millət
vəkili, professor Elman Nəsirov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki,
Novruz bayramı ərəfəsində imzalanmış növbəti əfv sərəncamı Prezident İlham
Əliyevin humanizm prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya nümayiş
etdirib. Onun sözlərinə görə, xalqımızın zəngin milli-mənəvi dəyərlərinin
təcəssümü olan Novruz bayramı ərəfəsində belə bir humanist addım atılmasının
xüsusi mənası və əhəmiyyəti var: "Dövlətimizin başçısı yüzlərlə ailəni
sevindirdi. Vaxtilə cinayət törədərək azadlıqdan məhrum olunmuş bu insanlar
əziz bayramı öz ailə üzvləri, yaxınları ilə birlikdə keçirəcəklər. Eyni
zamanda, bu addımın böyük tərbiyəvi əhəmiyyəti də var. Keçmiş məhkumlara öz
həyatlarını yenidən qurmaq, cəmiyyətə qovuşmaq imkanı verildi. Cinayət yolu
tutanlar, qanunları pozanlar baş verənlərdən ibrət dərsi götürür və görürlər
ki, barmaqlıqlar arxasına düşmək təkcə onların deyil, həm də bütöv bir ailənin
faciəsidir”.
Humanizmin
daha bir təzahürü
Millət vəkili deyib ki, hər
bir əfv sərəncamı ərəfəsində bəzi müxalif dairələr ajiotaj yaratmağa cəhd
göstərir, siyasi məhbus məsələsini gündəmə gətirirlər. Belələrinə cavab olaraq
deputat qeyd edib ki, Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb və ola da
bilməz: "Müstəqil dövlətimiz demokratik inkişaf yolu seçib və bu dəyərlərə sadiqdir.
Azərbaycanda heç kim siyasi əqidəsinə görə həbs olunmur. Hər bir Azərbaycan
vətəndaşına diqqət və qayğı, həssas münasibət Prezidentin dövlətçilik
fəaliyyətinin ən mühüm fəlsəfəsini təşkil edir. Əgər kimsə azadlıqdan məhrum
edilibsə, deməli o, cinayət törədib. Bəzən elə hallar da olur ki, cinayət yolu
tutan insanlar cəzadan yaxa qurtarmaq üçün müəyyən bəyanatlar verir, məsələyə
bilərəkdən siyasi don geyindirməyə çalışırlar. Bu, siyasi manipulyasiyadan başqa
bir şey deyil. Azərbaycan Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə ölkə
həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sahəsində köklü
islahatlar aparılır. Nəticədə cəza siyasəti humanistləşdirilir, insan hüquq və
azadlıqları daha etibarlı şəkildə təmin olunur. Növbəti əfv sərəncamı da bu humanizmin
daha bir təzahürüdür”.
Davamlı
hüquqi islahatlar
Millət
vəkili, professor Hikmət Babaoğlu da hesab edir ki, Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması artıq ənənə
halını alıb. O, qəzetimizə açıqlamasında deyib ki, belə sərəncamların hər biri
yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib: "Məhkum edilmiş
şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir. Buna paralel olaraq
həm də Azərbaycanda həyata keçirilən davamlı hüquqi islahatlar cəza siyasətinin
humanistləşdirilməsi üçün şərtlər formalaşdırır. Xüsusi təhlükəli hallar
istisna olmaqla təcridetmədə cəzanın yüngülləşdirilməsi imkanları yaradır.
Budəfəki sərəncamla 400 yüzdən çox vətəndaşımız əfv edildi .Onların içərisində
xarici ölkə vətəndaşları da var idi. Əfvetmə cəmiyyətimizdə, onun ictimai
rəyində olduqca müsbət hadisə kimi qarşılandı və şübhəsiz ki, ümumi ictimai
həmrəylik baxımından əlamətdar hadisəyə çevrildi. Məhkəmə-hüquq sistemi nə
qədər adil olursa olsun hüquqi qərarlar bəzən subyektiv prizmadan yozulur. Əfv
fərmanları həm də bu məsələdə ümumiləşdirici və birləşdirici funksiya yerinə
yetirməklə ümumi münasibətlər sistemində müsbət hal kimi assosiasiya olunur. Əlbəttə
bu faktor da vacibdir və pozitiv əhval-ruhiyyə yaratmaq baxımından
əhəmiyyətlidir. Məsələnin ən mühüm tərəflərindən biri də əfvin Azərbaycan
Prezidentinin siyasi iradəsi və xalqımızın humanist ənənələrinə söykənməsi
əsaslarında baş tutmasıdır. Azərbaycan hakimiyyəti bunu müstəqil siyasi
iradəsinə söykənərək edir və bu zaman hələ 1995-ci ildə qəbul edilmiş
Konstitusiyamızın yaratdığı hüquqi fəlsəfəyə istinad edir. Ona görə də
Azərbaycan cəmiyyətində vaxtaşırı əfv olacağı ilə bağlı bir gözlənti olur və bu
da insanlarda həmişə ümid yaradır. Məhkum edilmiş şəxslər isə bu hadisəni öz
səhvlərini bir daha təkrar etməmək üçün fürsət kimi görürlər. Beləliklə də əfv
hadisəsi hüquqi cəzadan da tərbiyəedici vasitəyə çevrilir. Ona görə də
imzalanan hər əfv sərəncamı cəmiyyətimiz və məhkumluqdan azad edilənlər üçün
sözün həqiqi mənasında əlamətdar hadisəyə çevrilir”.
İnsanlara
sevinc bəxş etmək
Millət
vəkili, professor Musa Qasımlı da bildirib ki, Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən əfv sərəncamının imzalanması məhkum üzvü olan ailələrin bayram
sevincinə əlavə sevinc qatıb. Tarixçi-alim Prezident İlham Əliyevin əfv
sərəncamı verməsini dövlət başçısının növbəti böyük humanist addımı kimi
dəyərləndirib: "Əfv sərəncamının verilməsi cənab Prezidentin səlahiyyətlərinə
daxil olan məsələdir. Bu dəfə də dövlətimizin başçısı böyük humanist addım atdı.
Məhkum olunmuş insanlar ailələrinə, qohumlarına, dost və tanışlarına qovuşdu.
Prezident İlham Əliyev həmin ailələrin Novruz bayramı sevincinə əlavə sevinc
qatdı, onlara xoş əhval-ruhiyyə bəxş etdi. Dünyada insanlara sevinc bəxş
etməkdən daha gözəl nə ola bilər ki?”
Aydın
və işıqlı sabaha inam duyğusu
Milli
Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev də bizimlə
söhbətində qeyd edib ki, Prezident İlham Əliyevin humanist addımı sayəsində insanlara
aydın və işıqlı sabaha inam duyğusu bəxş edən Novruz bayramı yüzlərlə ailənin
evində ikiqat sevinclə qeyd olunacaq. Onun fikrincə, bu sərəncam həm də əfv
olunan şəxslərin xoşbəxt gələcəyə, özlərinə olan ümidini artırıb: "Ən əsası, Prezidentimiz
bu sərəncamla öz əməllərindən peşmançılıq hissi keçirən insanlara özlərini
həyatda bir daha sınamaq imkanı verdi. Bu, bir daha göstərdi ki, 2003-cü ildə
Azərbaycan seçicisinə vəd edilən "Mən hər bir azərbaycanlının prezidenti
olacağam” sözləri ötən 16 il ərzində özünü tam doğruldub. Bu illər ərzində
qazanılan uğurlar, əldə edilən nailiyyətlər təsdiq etdi ki, təməli ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş humanizm və ədalət prinsipləri ölkə
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kimliyindən, tutduğu
mövqedən asılı olmayaraq hər bir vətəndaşın dərdi-səri, qayğıları, problemləri
Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində və nəzarətindədir. Novruz
bayramı ərəfəsində imzalanan əvf sərəncamı da Azərbaycan Prezidentinin siyasi
iradəsinin və qətiyyətinin göstəricisidir. Bununla o, hər zaman ölkə
vətəndaşının yanında olduğunu növbəti dəfə təsdiq edir. Prezident İlham Əliyev dünya
üçün ali humanistlik, qayğıkeşlik nümunəsi göstərir, daim xalqı ilə birgə
olmağın onun üçün həyat amalına çevrildiyini növbəti dəfə təsdiq edir”.
Azərbaycan
dövlətinin və hakimiyyətinin gücü
Həmsöhbətlərimizin fikrinə
dəstək olaraq onu da əlavə edək ki, indiyə qədər imzalanan fərman və
sərəncamlarda, qəbul edilən amnistiya aktlarında olduğu kimi, budəfəki əfv
sərəncamı da sırf humanizm və mərhəmət prinsiplərinə söykənir. Bu kimi addımlar
Azərbaycan dövlətinin və siyasi hakimiyyətinin gücünü, qüdrətini bütün dünyaya
nümayiş etdirir. Prezident İlham Əliyevin son addımları onu deməyə əsas verir
ki, o, xalqla bir yerdədir, yalnız xalqına arxalanır və xalqdan güclü dəstək
alır. Bunun nəticəsi olaraq Azərbaycan Prezidenti cəmiyyətə harmoniya, barış,
sülh, sabitlik, əmin-amanlıq gətirəcək inamlı addımlar atmaqdan çəkinmir. Məhz
bu amillər sayəsində Azərbaycan hakimiyyəti, eləcə də dövlət başçısı İlham
Əliyev hazırda elə bir gücə sahibdir ki, çəkinəcəyi fərd və ya qüvvə yoxdur.
Elə sonuncu əfv sərəncamı, bəzi beynəlxalq təşkilatların "siyasi məhbus” kimi
qələmə verdikləri şəxslərin bu sərəncamın icrası ilə azadlığa qovuşması, Prezident
İlham Əliyevin onları əfv etməsi də özünə inamın, xalqın dəstəyinə güvənməyin,
gücün, qüdrətin göstəricisidir. Təsadüfi deyil ki, hər zaman olduğu kimi bu
dəfə də əfv sərəncamı məhkumluqla vidalaşanlar, cəzası yüngülləşənlər və
onların ailə üzvləri ilə bərabər, cəmiyyətin bütün təbəqələri tərəfindən yüksək
qiymətləndirilir və alqışlanır. Əfv sərəncamının icrasını 4, 10, 11 və 16 saylı
cəzaçəkmə müəssisələrində ictimaiyyət nümayəndələri ilə birlikdə yaxından izləyən birisi kimi bunu tam səmimiyyətimlə
xüsusi olaraq qeyd edə bilərəm. Əlavə olaraq vurğulanmaq yerinə düşər ki, hətta
beynəlxalq təsisatlar, o cümlədən Avropa İttifaqı da 400-dən çox məhbusun əfv
edilməsi ilə nəticələnən son prosesi alqışlayır.
Rufik
İSMAYILOV