“Hörümçək toru” təhlükəsi - ARAŞDIRMA

Uşağın onlayn fəaliyyətinə nəzarət etmək sizin əlinizdədir.
Mütəxəssislərin fikirləri və aparılan araşdırmalar onu göstərir ki, uşaqların
internetdən istifadəsində mütləq bir limit və ciddi nəzarət olmalıdır, əks
halda...
Talehin 4 yaşı var. Telefon, kompüter, planşet ən
sevimli oyuncağıdır. Qlobal "hörümçək toru” digər insanlar kimi onu da təsir
dairəsinə alıb. Hazırda internet ən böyük xoşbəxtliyidir. Düzdür, virtual aləmin
insana zövq verən tərəfləri çoxdur. Lakin uşaqlar üçün nəticələri hər zaman
yaxşı olmur. Taleh son günlərin məşhur "Squid Game” serialını izləyib. Bacısı
ilə oyun oynayarkən məğlub olduğu üçün onu öldürməyə çalışıb.
Məlumat üçün bildirək ki, Cənubi Koreya istehsalı olan
serialda uduzanın öldürüldüyü uşaq oyunlarından bəhs edilir.
Düzdür, internetdən istifadə uşaqların dünyagörüşü,
məlumatlarını artırır. Lakin virtual şəbəkədə aqressiv və ya sosial təhlükəli məzmunda
olan informasiyalar, məlumatlar, şərhlər, yazılar, audio və videomateriallar,
filmlər, reklamlar kifayət qədərdir. Təbii ki, bununla əlaqədar uşaqların
internetdən istifadə zamanı müxtəlif arzuolunmaz məlumata əlçatanlığının, sərf
etdikləri gündəlik saatların və digər tənzimlənməli faktorların vacibliyi ön
plana çıxır. Bəs uşağın aldığı məlumatlara valideyn nəzarət edə bilərmi? Uşağın
yanında olmadıqda belə, telefon, planşet, kompüterləri necə uzaqdan idarə edə
bilərik?
İnternetdə "uşaq nəzarəti” imkanları
Yeni texnologiyalar, telekommunikasiya və
innovasiyalar üzrə ekspert Cəlil Xəlilov deyir ki, hər bir valideyn cihazdan asılı
olmayaraq, əlavə proqramlar yükləmədən internetdə övladına nəzarət edə bilər:
"Cihazdan asılı olmayaraq istifadə etdiyimiz hər bir platforma əlavə proqramlar
yükləmədən istər telefonda, planşetdə (android ya ios əməliyyatlı), istərsə də
kompüterdə (windows ya mac əməliyyat sistemli) bir sıra geniş "uşaq nəzarəti”
imkanlarını təqdim edirlər. İnternetə giriş məhdudiyyəti, günün vaxtından asılı
olaraq cihazdan istifadə etmə saatlarının təyini, ayrıca tətbiq/proqram səviyyəsində
istifadə məhdudiyyəti, müəyyən olunan internet səhifələrinə və ya ümumi şərtli
saytlara (məs. 18+) giriş məhdudiyyəti, telefondan yalnız müəyyən kontaktlara
yığa bilmə və digər əlverişli nəzarət ayarları mövcuddur. Bütün bunları
valideyn birbaşa öz telefonunda ayarlar bölməsində sazlaya bilər”.

"Yalnız bu prinsiplə yaradılan hesablar idarə oluna
bilər”
Ekspert deyir ki, nəzarətin işləməsi üçün valideyn
uşaqların cihazlarında istifadə etdikləri hesabları (account) düzgün şərtlə -
uşaq hesabı kimi yaradaraq (child account) ekosistemdə vahid ailə hesabı
(family account) çərçivəsində təyin etməlidir: "Yalnız
bu prinsiplə yaradılan hesablar idarə oluna bilir və bütün funksiyalar
düzgün işləyir. Hər bir əməliyyat sistemində özünəməxsus idarəetmə mexanizmləri
var: "Android” əməliyyat sistemində bu "Google Family Link” proqramı vasitəsilə,
İOS sistemində birbaşa ayarlar menyusunda "ekran vaxtı” bölümündə, "Windows” əməliyyat
sistemində "Family Safety” proqramı vasitəsilə həyata keçirilir. Valideyn bu alətlərdən
yararlanaraq uşağın istifadə etdiyi cihazı, onunla keçirdiyi vaxtı, girdiyi hər
bir proqramı idarə edib məhdudiyyətlər qoya bilər. Bu da o deməkdir ki, uşağın
internetdə və cihazdan istifadəsində nəzarət və arzuolunmaz kontentə giriş uzaqdan
asanlıqla təmin və idarə oluna bilər”.
İnternetlə uşağı tək qoymaq...
Uşaq psixoloqu Nikolay Kuznetsov deyir ki, uşaqların internetdə üzləşdiyi psixoloji
cəhətdən ən çətin hadisələrdən biri "kiber buillinq”dir. Psixoloqun sözlərinə
görə, internetlə uşağı tək buraxmaq, yad adamla tək qoymaqla eynidir: "Valideynin
xəbəri olmadan, uşaq tanımadığı insanlar tərəfindən virtual aləmdə zorakılığa məruz
qala bilər. Hər şey zahirən zərərsiz zarafatlar və istehza ilə başlayar və
yeniyetmə intihar etməyə hazır olduqda, kədərli nəticələrə səbəb olur. Əksər
hallarda uşağın özü heç bir şeydə günahkar deyil. Sadəcə ona qarşı silah tutan
kütlənin gücünə müqavimət göstərmək onun üçün inanılmaz dərəcədə çətindir. Səbəblər
çox əhəmiyyətsizdir”.
İnternetdə təhqir olunmaq...
Psixoloq deyir ki, internetdə təhqir olunmaq real həyatdakından
daha çətindir: "Çünki zorakılığa məruz qalmağın ətrafda hiss olunmur. Bu
zorakılıq onlarla təhqir və birbaşa hədələrlə gücləndirilir. Yeniyetmə yaxşı
yatmır, daha pis oxumağa başlayır, depressiyaya düşür, özünə çəkilir və heç
kimi görmək istəmir”. Psixoloqun sözlərinə görə, belə vəziyyətdə valideynlərin
uşağa kiber zorakılığın qurbanına çevrilməsinin onun günahı olmadığını
çatdırması vacibdir: "Uşağa hər zaman onun yanında olacağını və kömək edəcəyini
çatdırmaq vacibdir. Əgər zorakılıq sürətlə davam edirsə, onu dayandırmaq üçün
bütün qapıları döymək lazımdır: zorakılığı törədən uşaqların valideynlərinin,
müəllimlərin və direktorun mesajlarını bloklamaq üçün resurs administratorları
ilə əlaqə saxlayın”.
Nəzarət etmək sizin əlinizdədir, əks halda...
Müasir dövrdə uşaq və yeniyetmələrin internetdən
istifadəsini tamamilə qadağan etmək düzgün deyil. Çünki onlar informasiya
dövrünün uşaqlarıdır. Amma onun onlayn fəaliyyətinə nəzarət etmək sizin əlinizdədir.
Mütəxəssislərin fikirləri və aparılan araşdırmalar onu göstərir ki, uşaqların
internetdən istifadəsində mütləq bir limit və ciddi nəzarət olmalıdır. Əks
halda, aqressiv, ünsiyyətdən qaçan və kompleksli bir nəslin yetişməsinə şərait
yaradacağıq.
Aygün ƏZİZ
