• cümə, 19 Aprel, 22:24
  • Baku Bakı 24°C

Horadiz əməliyyatı Azərbaycan tarixinin şanlı səhifələrindəndir

06.01.21 19:00 540
Horadiz əməliyyatı Azərbaycan tarixinin şanlı səhifələrindəndir
Azərbaycanın hərb tarixinin şanlı səhifələrindən olan uğurlu Horadiz əməliyyatından 27 il keçir.
Kaspi.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yaranıb. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirilib, hərbi hissələr tam komplektləşdirilib. Bundan ruhlanan ordumuz ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirib.
1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatı Azərbaycanın hərb tarixində qürurverici qələbədir. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması sayəsində nail olub. Ordumuz həmin döyüşlərdə düşmənə öz gücünü göstərib. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirilib. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur olub.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb. Ötən dövr ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində "Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” - deyən Prezident İlham Əliyevin Sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib.
Xalqımız Azərbaycan ordusunun 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin sevincini 22 il sonra yenidən yaşadı. Ordumuz Horadiz əməliyyatının davamı olaraq 2016-cı ilin aprelində yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəkliklərini düşməndən azad edərək, qələbə əzmini və torpaqlarımızın işğal altında qalması ilə heç zaman barışmayacağını bir daha bütün dünyaya nümayiş etdirdi. 2018-ci ilin mayında isə Naxçıvanda 11 min hektara yaxın ərazini və Şərur rayonunun Günnüt kəndini işğaldan azad edən ordumuz daha əlverişli mövqelərə yiyələndi. "Xunut” dağı və "Ağbulaq” yüksəkliyi, "Qızılqaya” dağı və "Mehridağ” işğaldan azad edildi.
1994-cü il Horadiz əməliyyatı, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfərindən sonra 2020-ci il sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatları Azərbaycanın hərbi qüdrətini bir daha göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı erməni ordusu haqqında uydurulan illüziyaları alt-üst etdi. Döyüş meydanında şanlı tarix yazan Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad edildi.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verilib. (Azərtac)
banner

Oxşar Xəbərlər