Hollivudun “qızıl əsrinin sonuncu aktrisası”

Hollivudun “qızıl əsrinin sonuncu aktrisası”

Müsahibə
21 Sentyabr 2019, 10:30 2340
"Küləklə sovrulanlar” filminin ulduzu Oliviya de Hevillendin 103 yaşı tamam olub. "Forbes” yazıb ki, Oliviya de Hevillend 1939-cu ildə çəkilmiş əfsanəvi filmdə Skarlett O`Haranın sevdiyi insanın - Eşli Uilksin xanımını oynayıb və ikinci dərəcəli rolun ən yaxşı ifasına görə özünün ilk "Oskar” nominasiyasına namizəd olub. Oliviya de Hevillend Viktor Fleminqin "Küləklə sovrulanlar” filminin yaradıcı qrupundan həyatda olan son insandır. O, Britaniya İmperiyası Ordeninin "komandor qadın” adına layiq görülüb. Aktrisanın Jizel adlı qızı var. Oğlu 1991-ci ildə onkoloji xəstəlikdən dünyasını dəyişib. Aktrisa sonuncu dəfə 1988-ci ildə "Onun sevdiyi qadın” filmində Bessi xala rolunda çəkilib. Oliviya hərdən səs-küylü mərasimlərdə görünür və hamının diqqətini üzərində hiss etmək xoşuna gəlir. Onu Hollivudun "qızıl əsrinin sonuncu aktrisası” adlandırırlar. Və bu, həqiqətdir. Bu, görkəmli qadının 103 yaşı tamam olsa da, buna inanmaq çətindir. «Küləklə sovrulanlar»da Melani Uilks, «Varis»də Ketrin Snoper, «Hərənin öz taleyi»ndə Miss Jozefin rolları onu dünyada məşhurlaşdırıb. Aktrisanın son iki rolu isə "Oskar”a layiq görülüb. Oliviya onu dünyada tanıtdığına görə daha çox «Küləklə sovrulanlar»a minnətdardır. Aktrisanın bu filmdə oynadığı Melani rolu onu sevimli qadın və sadiq dost kimi tanıdıb. Aktrisa Tokioda dünyaya gəlib. İngilis ailəsində doğulsa da, ailəsi müvəqqəti olaraq burada yaşayırdı. Anası aktrisa idi. Səhnəyə Liliyan Fonteyn təxəllüsü ilə çıxırdı. Atası Uolter vəkilliklə məşğul olurdu və Tokioda çoxlu müştərilər qazanmışdı. Oliviyada da aktrisa olmaq arzusu uşaqlıqdan yaranıb. O, ilk rolunu 30-cu illərin ortalarında Kaliforniya teatrının səhnəsində oynayıb. «Yay gecəsində yuxu» tamaşasındakı gözəl Germiya rolu uğur qazanaraq Oliviyanın səhnədə debütü oldu. Oliviya çəkiliş meydanına isə 1935-ci ildə qədəm qoydu. Başlanğıc uğurlu oldu. Aktrisanın rolları bir-birinin dalıyca sıralandı. Rejissorlar istedadlı və cazibədar aktrisanı məmnuniyyətlə filmlərinə dəvət edirdilər, ancaq bu rolların heç biri ona məşhurluq gətirmədi. Ta 1939-cu ildə «Küləklə sovrulanlar»da çəkilənə qədər... Missis Uilks rolu Oliviyaya təkcə ilkin pərəstişkarlar qazandırmadı, adını "Oskar” mükafatına namizədlər sırasına yazdırdı. Ancaq mükafata layiq görülsə də, qızıl heykəlcik başqa namizədə qismət oldu.  Oliviya hazırda Parisdə yaşayır. 1953-cü ildə o, fransız Pyer Qalantiyə ərə gedəndən sonra daimi yaşamaq üçün bu ölkəni seçib. 
 
«Mən öz Melanimi tapdım»
 
- Siz erkən karyeranız dövründə bir çox məşhur filmlərə çəkilmisiniz. Sınaq çəkilişlərini necə xatırlayırsınız?
- Əlbəttə, ilk sınaq çəkilişləri mənim üçün unudulmazdır. Məni necə sınağa dəvət etdiklərini xatırlayıram. Bu, əvvəlcə sadəcə kostyumların sınağı idi. Orada hansısa ssenari və yaxud obrazı improvizə etməkdən söhbət gedə bilməzdi. Mən burada ilk dəfə olaraq aktyor Errol Flinnlə qarşılaşdım. Çəkiliş meydanına qalxanda, «siz mister Flinnlə eyni sırada qala bilməzsinizmi?» - deyə soruşdular. Buna qədər biz heç vaxt qarşılaşmamışdıq. Bir neçə həftə keçəndən sonra böyük bir mübahisə düşdü. Bir gün o məndən «həyatda nə istəyirsən?» deyə soruşdu. «Nə qəribə sualdır. Hələ heç kim məndən bu barədə soruşmayıb» - deyə özlüyümdə düşündüm. O vaxt mənim 18 yaşım vardı. «Mən gördüyüm işə hörmət istəyirəm» - deyə cavab verdim. Eynilə mən də ona bu sualı verdim. «Mən uğur qazanmaq istəyirəm» - dedi. Onda mən həyatımda bu uğurun çatışmadığını düşündüm. Mənə mürəkkəb rollar oynamaq, ciddi layihələrdə iştirak etmək lazım idi. Öz işlərimdə inkişaf hiss etmirdim, ona görə də dərin depressiyada idim. 

- «Küləkdən solrulanlar»da Melani rolunu oynamağa necə nail oldunuz?    
- Bir gün çəkilişlərdən evə gələrkən telefon zəng çaldı. 1938-ci il idi. «Siz məni tanımırsınız. İndiyə qədər biz heç vaxt görüşməmişik. Mənim adım Corc Kyukordur. Mən «Küləklə sovrulanlar» filminin hazırlıq çəkilişlərinə rəhbərlik edirəm və bilmək istərdim ki, siz Melani rolunu oynamağı arzulayardınızmı?» - deyə telefondakı səsi dinlədim. Mən düşünmədən «əlbəttə» cavabını verdim. Mənim "Varner qardaşları” studiyası ilə müqaviləm vardı. Ona görə də gizlicə, heç kimə heç nə demədən təklif olunan studiyaya getdim və bu rolu oynamağa razılıq verdim. Mən filmdə Skarlet rolunu oynayan aktyorla tanış oldum. Biz otaqda filmdən kiçik bir hissəni oynadıq. Mən kiçik otaqda pərdə arxasında «Skarlet! Skarlet!» - deyə yalvarırdım. Filmin rejissoru Devid Selznik «mən öz Melanimi tapdım» - deyə elan etdi. O mənimlə sınaq çəkilişi edə bilməzdi. "Varner qardaşları” buna razı olmazdılar. Buna görə birbaşa rola təsdiq olundum.

- Sizi Melani rolunda nə cəlb edirdi?
- Bir çox adamlar bu rola şübhə ilə yanaşırdılar. Cek Uorner «əl çək, sən axı bu rolu oynamaq istəmirsən, sən Skarleti oynamaq istəyirsən» - deyirdi. «Mən Skarleti oynamaq istəmirəm, mən Melanini istəyirəm» - deyə cavab verdim. Bu ona görə idi ki, gənc yaşıma baxmayaraq, mən artıq həyatda özüm qazanmağa başlamışdım. Qadınların karyeralarında qarşılaşdığı problemlərlə toqquşmuşdum. Bunlar mənə tanış idi və bunları asanlıqla Skarlet kimi keçə bilərdim. Melani isə başqa qəhrəman idi, o çox füsunkar idi. Məhz buna görə mən baş qəhrəmanı oynamaq istədim. O, daim başqalarının qayğısına qalırdı. Mənə ən çox maraqlı gələn onun həmişə xoşbəxt olması idi. Amma Skarlet xoşbəxt qadın deyildi. Melani hər şeyin gözəl olacağına inanırdı. Amma o, səhv edirdi. Çünki hər insanda qiymətli olan xüsusiyyətlərlə yanaşı, hansısa çatışmazlıqlar da var. Skarleti Viven Li oynadı.

- Melani roluna görə siz «İkinci dərəcəli aktrisa» kimi  «Oskar»a layiq görülmüşdünüz. Doğurdanmı bu, ikinci dərəcəli personaj idi?
- Yox, Melani filmin baş qəhrəmanlarından sayılırdı. Bu hadisə özlüyündə çox maraqlı olmuşdu. Film Atlantada ilk dəfə nümayiş olunarkən proqramda yalnız 3 ulduz hesablanmışdı. Proqramın şüarı belə idi: «Klark Qeybl, Lesli Qovard və Oliviya de Hevillend. «Küləklə sovrulanlar»dan miss Vivyen Li»ni təqdim etmək xoşbəxtliyi onlara nəsib olmuşdu. Daha sonra o, böyük və gözəl ulduza çevrilmişdi və Atlantada Cənub ilə birgə onu qucaqdolusu qarşıladılar. Həmin vaxt isə vəziyyət sual altında idi. İngilis aktrisasını cənublu qadın Skarlett O Xara, Marqaret Miçell sifətində Atlantanın və bütün Corciyanın sakinləri qəbul edərdilərmi? Əlbəttə, onu məhəbbətlə qarşıladılar və filmin əsas qəhrəmanı sayırdılar. İndi biz dörd nəfər idik: Qeybl, Li, Qovard və mən. "Oskar”a təqdim etmək məqamı gələndə, Devid eyni mükafata hər ikisini - Skarlet və Melanini irəli çəkməyə bilməzdi. Əks təqdirdə, mükafatı heç kim almazdı. Həmin il «Xudahafis, cənab Çibs» filmi ekranlara çıxdı. Bu filmdə Robert Donald və Qriq Qarson kimi tanınmış aktyorlar oynayırdı. Onların hər biri arzulanan heykəlciyi ala bilərdi. Gördüyünüz kimi, əgər biz bir-birimizin əleyhinə yarışsaydıq, bir-birimiz üçün səslərin sayını azalda bilərdik. Bir çox tamaşaçılar Melanini xoşladılar, bəziləri Skarletə üstünlük verdi. Nəticədə Cek Uornerin icazəsi ilə Melani rolunu mükafatlandırmaq qərara alındı. Ancaq indi mən Xippi Makdeyneylə mükafat uğrunda mübarizə aparırdım. O, ikinci dərəcəli personajı oynayırdı. Tamaşaçılar isə səslərini Xippiyə verdilər. Mərasim günü mən əmin idim ki, Allah yoxdur. Əgər belə bir ədalətsizlik varsa, o, mövcud deyil. Ancaq iki həftədən sonra mən yuxudan ayılanda ilk ağlıma gələn «bu dünya necə gözəldir» fikirləri oldu. Bütün hadisələr mənə başqa cür göründü və mən "bu çox gözəldir ki, tamaşaçılar məhz Xippiyə səs verdilər və "Oskar” ona verildi”, deyə düzgün olaraq düşündüm. 
 
Aktrisa üçün xoşbəxtlik
 
- Həmin hadisə tarixə düşdü. Axı ilk dəfə olaraq Afrika mənşəli amerikalı aktrisa kino mükafatını alırdı. 
- Həqiqətən həmin hadisə çox səs-küy doğurdu. Bu film mənim həyatımda böyük rol oynadı. Mən artıq başqa studiyalarla müqavilə bağlayıb yeni rollar oynamağa başladım. İki il sonra məni yenidən «Şəfəqi dayandırın” filminə görə "Oskar”a namizəd gördülər. Bu rollardan sonra bilirdim ki, mənim öz auditoriyam var. Mən böyük məsuliyyət hissi keçirirdim və əhəmiyyətsiz rollar oynamaq istəmirdim. Ancaq onu da bilirdim ki, Uorner qardaşlarının rəhbərliyi altında mənə maraqlı olan rolları oynaya bilməyəcəyəm. Ona görə də mən müqavilədən imtina etmək qərarına gəldim. Əvəzində məni işdən uzaqlaşdırdılar. Onların müqaviləsi buna imkan verirdi. Əgər «mən rolu oynamaq istəmirəm» deyirsənsə, onlar həmin müddət üçün sənin müqaviləni dondura bilirlər. Ona görə də 1943-cü ilin mayında mənim müqaviləm 6 aylığa donduruldu. Ancaq mən sonradan məhkəmə yolu ilə Uorner qardaşlarına qalib gəldim. Onlar ali məhkəməyə apelyasiya şikayəti etdilər və məsələyə təkrar baxılmasını istədilər. Nəhayət 1944-cü ilin dekabrında mən ştatlara - evimizə qayıda bildim. Artıq ürəyimcə olan rollara çəkilmək üçün mənə imkan yaranmışdı. 

- Sizin "Oskar” mükafatı aldığınız iki rol və digər nüfuzlu mükafatlarınız da həmin dövrə təsadüf etdi?
- Bəli... Mən 1947 və 1950-ci illərdə "Varis” və "Hərənin öz taleyi” filmlərindəki rollarıma görə, "Ən yaxşı qadın rolu” nominasiyasında "Oskar” qazandım. Bu artıq mənim kinoda uğurum idi. Sonrakı illərdə iki dəfə "Qızıl qlobus” və başqa nüfuzlu mükafatlara layiq görüldüm. Tamaşaçıların məhəbbətinə mənim layiq görüldüyüm mükafatlar da qarışdı. Bu, aktrisa üçün xoşbəxtlik idi. Kino ilə bağlı ömrümü xoşbəxt yaşadım. 103 yaşım var. Yaşadığım villanın pillələrini rahat, köməksiz qalxıb-düşürəm. Gözlərimdə problem olsa da, elektron poçtuma gələn sualları özüm cavablandırıram. Tez-tez uzunömürlülüyümün sirrini soruşurlar. «Bu, sevmək, gülmək, daim nəyisə öyrənmək və yaxşı genlərin nəticəsidir» - deyə cavab verirəm.  
 
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova