Hollivudda işləyən azərbaycanlı xanım - Örnək
Jurnalistikadan başlayan yol onu film sahəsində
çalışanların xəyalı olan, Hollivuda qədər aparıb çıxarıb. Deyir ki, yuxumda
görsəm belə, heyrətlənəcəyim insanlarla işləmək fərqli hissdir. SöhbətHollivudun çəkdiyi film setində təmsil olunan Rəna Allahverdiyevadan gedir.
Müsahibimiz Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsini bitirib. Daha sonra Türkiyənin İstanbul Universitetində
magistratura pilləsində təhsilini davam etdirib. Türkiyəyə getdiyi ildən iş
axtarmağa başlayıb. Bir gün rastlaşdığı elan bütün həyatını, arzularını dəyişib:
"Türkiyədə məşhur reklam şirkətlərindən birinə həm rus, həm ingilis dilini
yaxşı bilən işçi axtarılırdı. Müraciət etdim və məni müsahibə mərhələsinə dəvət
etdilər. Elə mən müsahibdə ikən şirkətə reklam təklifi gəldi. Avstriyalılar
Osmanlı imperiyası ilə bağlı sənədli film çəkmək istəyirdilər. Filmin rejissoru
əcnəbi idi və o işdə ona köməkçi lazım idi. Elə həmin gündən işə başladım. Bu
film bitdikdən sonra da, həmin şirkətdə işləməyə başladım. Artıq 5 ilə yaxındır
ki, Türkiyədə reklam sektorunda və uzunmetrajlı filmlərdə işləyirəm”.
- İlk işinizi
necə xatırlayırsınız? Əcnəbilərlə, fərqli sektorda təcrübəniz olmadığı halda
işləmək necə hissdir?
- İlk təcrübəm yuxarıda da qeyd etdiyim kimi, avstriyalıların
Türkiyədə çəkdiyi, Osmanlının Vyana savaşından bəhs edən sənədli filmi idi. Mənim
çalışdığım şirkət Türkiyə tərəfindən prodakşını aparırdı. Rejissor və heyətin əsas
hissəsi Avstriyadan gəlmişdi. Mən də rejissorun ikinci köməkçisi oldum. Birinci
köməkçi isə Türkiyənin ən yaxşısı sayılırdı. İlk iş təcrübəm mənim üçün məktəb
kimi idi. Düzdür, fərqli sahə və hər şey yeni idi. Bu vaxta qədər
jurnalistikada video-müxbirlik, reportaj, müsahibə etmişdim amma reklam təcrübəm
ilk idi. Qaydalar çox ciddi və sistematik idi. Hər şeyin saatı dəqiq idi. Adi
bir səhv, məsələn bir aktyorun hazırlıq müddətinin uzanması çəkiliş saatının
uzanması demək idi. Günün sonunda hansısa səhnə çəkilməsə, ciddi problem
yaranırdı. Çünki ciddi vəsaitdən söhbət gedirdi və bu da büdcəyə ziyan idi.
- Rəna xanım, jurnalistikadan
reklam sektoruna necə keçdiniz?
- Əslində, elə planım yox idi. Məqsədim jurnalist
olmaq idi. Amma həmişə qəzetdə yazmaqdan çox, insan həyatlarının hekayəsini çəkməyi
düşünürdüm. Maraqlı insanlar, maraqlı həyat hekayələrini yazmaqdansa, çəkməyi
daha üstün tuturdum. Əslində, az da olsa jurnalistikaya oxşayır. Burada da "necə
çəkək ki, insanlar üçün daha maraqlı olsun” fikirləri əsasdır. Amma
jurnalistikadan ayrılıb, bu sahədə işləmək planlarımda yox idi.
- Bəs Hollivud macərası necə başladı?
- Hollivud işi karyeramda çox böyük təcrübə oldu.
Çünki bizim üçün Türkiyə bazarı nə qədər peşəkar görünürsə, Türkiyədən baxanda
da Hollivud böyük bazar və daha professional sistemdir. "Çarlinin mələkləri” çəkiləndə
səs-sədası yayılmışdı. Filmin bir hissəsi Almaniyada, bir hissəsi də Türkiyədə
çəkilirdi. Mən də orada işləmək üçün CV göndərdim. Türkiyə tərəfi məni çağırıb
müsahibə apardı. Daha sonra Hollivud qrupu müsahibə etdi və seçildim. Məni baş
rol aktyorları ilə işləmək üçün təyin etdilər. Hamısı peşəkar və ekranlarda həvəslə
izlədiyim aktyorlar idi. Film 3 ay
Almaniyada, 10 gün Türkiyədə çəkildi. 2019-cu ilin noyabrından nümayiş
olunacaq.
- Adətən,
Türkiyədə aktyorlar iş saatının çoxluğundan şikayət edirdilər? İş saatı necədir?
- Əvvəllər bu, çox çətin və qalmaqallı məsələ idi.
Aktyorlar 30 saat işləmək məcburiyyətində qalırdılar. Son 10 ildə isə 12 saat və
əlavə 4 saat işləyirlər. Yəni bir çəkiliş günü maksimum 12 saat ola bilər. 12
saata iş bitməyəndə 4 saat əlavə olunur və bu 4 saata görə də, əlavə məvacib ödənilir.
Amma artıq pul ödənsə belə, əlavə vaxt 4 saatı keçə bilməz. Belə iş saatları
aktyorlarla yanaşı, texniki komandaya da aiddir. Mənim işimin də çətinliyi odur
ki, proqramı 16 saata bitirməliyəm. Hər gün sabahın proqramını çıxarır və işləməyənlərə
nəzarət edib, onları işləməyə məcbur edirəm ki, 16 saata iş bitsin. Bəzən
proqram çox qarışıq olur. Ön hazırlıq yaxşı aparılanda, çəkiliş günü də heç bir
problem olmadan keçir.
- Adətən, ailələr
qız uşaqlarını gözlərindən kənar qoymaq istəmirlər. Ailəniz xaricdə
yaşamağınıza necə reaksiya verdi?
- Mən məktəbdə oxuyandan valideynlərimə deyirdim
ki, xaricdə oxuyacağam. Hətta 4-cü kursda bir proqramla Amerikaya getdim. O
vaxt fikrim tam qətiləşdi. Artıq ailəm bu fikrə alışmış və qəbul etmişdi ki, Rəna
gedəcək. Bundan sonra universitetə qəbul olmağımda, orada işləməyimdə mənə dəstək
oldular. Mən şanslı qızlardanam ki, ailəm məni həmişə dəstəkləyib. Atam, anam, qardaşım
uğurlarıma sevinib və mənə hər zaman motivasiya veriblər.
- Köməkçilərin
işləri daha çox olur. Çətin deyil ki?
- Hər bir sahədə çətinlik var. Bu çətinlikləri
aşmaq üçün işini sevməlisən. Çalışdığın yerdə özünü xoşbəxt hiss etmək, işini
sevmək çox önəmlidir. İşini sevirsənsə, heç bir çətinlik gözünə görünmür. Mən
işimdən zövq alıram. Təsəvvür edin, işə qəbul olunursan, hazırlıq mərhələsindən
keçirsən və setə gedirsən. Reklamı efirdə görəndə, bütün əziyyətin yadından
çıxır. Prosedur əvvəlindən sonuna qədər çox maraqlıdır.
- Yəqin ki,
dünya şöhrətli insanlarla işləmək fərqli hissdir…
- Hər biri ayrı təcrübədir. Məsələn, biz Ceyda Düvənci
və Mərt Fıratla tez-tez reklamlar çəkirik. Bunların hər biri maraqlı xatirədir.
Kaprizli olmurlar və aktyorlar da iş sistemində bir reklamın yaxşı alınması
üçün əllərindən gələni edirlər. "Recep İvedik” və "Çarlinin mələkləri”ndə də
prosedur çox maraqlı idi. Məsələn, biz Kristen Stüartı məktəb vaxtlarından
"Alacaqaranlıq” kinosundan Bella olaraq tanıyırıq. Yatsam da yuxuma girməzdi
ki, mən Bella ilə bir yerdə işləyəcəyəm. Elizabet Banqs illərin aktrisasıdır. 10 gün səhərdən axşama qədər bu
insanlarla birlikdə olursan. Set bitəndə Kristenin təşəkkür etməsi, şəkil çəkdirməsi
belə, çox gözəldir. İllər keçsə də, yaddaşımda qalacaq xatirələrdəndir. Keçən
il qardaşımın qızı olanda mən işdə idim. Zəng gəldi, sevindim və çəkiliş
meydançasına gəldim. Ceyda Düvənci bibi olduğumu eşitdi və mənə gözaydınlığı
verdi. Bir il sonra yenə Ceyda Düvənci ilə işləyəndə onun, məndən qardaşım
qızını soruşması qəribə gəldi. Unutmamışdı. Adətən, deyirlər ki, məşhur
aktrisalar, aktyorlar çox kaprizli olurlar. Televiziyada mələk kimi görünsələr
də, həyatda fərqlidirlər. Mən hələ kaprizli aktyor görməmişəm. Mərt Fırat 13
saat bizlə işlədi və heç bir kaprizi olmadı. Əksinə, bizə kömək etməyə
çalışırdı. Məsələn, dedilər ki, Hülya Avşar çox karpizli olur. Burak Özçivit
haqqında "kobuddur” fikirləri var idi. Onlarla işlədikdən sonra bütün
stereotipləri qırdım. Elizabet Banqs mənim düşüncəmdə sadəcə, gözəl qadın idi.
Amma onunla həmsöhbət oldum. Məsələn, Elizabetin önəmli xüsusiyyəti, işlədiyi
insanların adını əzbərləmək və onlara adları ilə müraciət etməkdir.
- Maraqlıdır,
hansı aktyor və rejissorla işləmək sizi daha çox həyəcanlandırıb?
-"Çarlinin mələkləri”ndə olan hər kəs fərqli millətlərdən,
amma hər biri də işinin peşəkarı idi. Görüntü rejissoru Bill Pope idi. O, "Matrix”
filminin görüntü rejissoru idi. Təsəvvür edin, setdə əsas ulduzlardan biri də
Bill Popedir. Əsas aktyorları hazırlayıb setə təhvil verəndən sonra Bill Popu
izləmə şansım olurdu. Bu, böyük təcrübə idi. Hamı öz sahəsində çox peşəkar idi.
Onları müşahidə edib, hərəsindən bir şey götürmək çox yaxşı təcrübə idi. İşləmək,
hazırlıq prosesini görmək istədiyim çox rejissor və aktyorlar var. Patrik Stüartı
çəkiliş meydançasında qarşılayanda həyəcandan əlim əsirdi. Belə olacağını heç
bilməzdim.
- Gələcək
planlarınız nədir?
- Hələ öyrənəcək çox şey var. Türkiyə elə bir ölkədir
ki, dünyanın çox yerindən reklam və film çəkmək üçün gəlirlər. Reklam sektoru
orada inkişaf etdiyi üçün hələ ki, burada qalmaq istəyirəm. Gələcəkdə ölkəmizdə
çəkilən proyektlərdə yer almaq istəyərdim. Məsələn, Asif Kapadianın Azərbaycanda
"Əli və Nino”nu çəkdiyini eşidəndə həyəcanlandım. O an orada olmaq üçün hər şey
edərdim.
Aygün ƏZİZ