• çərşənbə, 24 Aprel, 02:33
  • Baku Bakı 14°C

Hökumətə etimadsızlıq Moldovada gərginlik yaratdı

13.11.19 17:38 2200
Hökumətə etimadsızlıq Moldovada gərginlik yaratdı
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də Kişinyova gedib

Moldovada bir neçə ay sürən siyasi sabitlik yenidən pozulma təhlükəsi yaşayır. Yayda qurulan koalision hökumətin parlament tərəfindən istefaya göndərilməsi, vəziyyəti yenidən gərginləşdirib. Əvvəldən də proqnoz edilirdi ki, koalision hökumət uzunömürlü olmayacaq. Və heç 6 ay keçmədi ki, hökumət dağıldı. Beləliklə, ötən gün Moldova parlamenti Mayya Sandu hökumətini istefaya göndərib. Baş nazirin başçılıq etdiyi qərbpərəst hökumət etimad səsverməsindən çıxmayıb. 101 deputatdan 63-ü Sandu hökumətinin əleyhinə səs verib. OliqarxVlad Plaxotnyukun təsis etdiyi Moldova Demokratik Partiyasından (PDM) olan deputatlar Rusiyaya bağlı Moldova Sosialist Partiyasından (PSRM) olan həmkarları ilə birləşərək administrasiyanı "devirib”. Qanun, deputatlara 45 gün ərzində yeni hökumətin tərkibini formalaşdırmağa imkan verir. Əks təqdirdə növbədənkənar seçkilər keçiriləcək.
Qeyd edək ki, rusiyapərəst prezidentİqor Dodonun rəhbərlik etdiyi PSRM noyabrın 8-də hökumətə etimad səsverməsi keçirmək təklifini irəli sürüb. Səbəb də odur ki, Sandu hökuməti baş prokuroru təyinetmə prosedurunu dəyişib, bu vəzifəyə namizədlərin baş nazirin irəli sürməsinə nail olub. Fevral seçkisindən sonra avropayönümlü ACUM alyansının dəstəklədiyi Sandu, PSRM ilə koalisiyaya girib. Noyabrın 4-də PSRM-dəm namizəd Kişinyov meri seçiləndən sonra koalisiya daxilində münasibətlər gərginləşib. O, ACUM namizədiAndrey Nastaseni məğlub edib. Hazırda sosialistlər Kişinyov yerli şəhər şurasında ən güclü siyasi qüvvədirlər.
Moldova Qərbin istədiyi islahatları gerçəkləşdirməyə çalışır. Beş il qabaq dövlətə məxsus banklardan 1 milyard dollardan artıq vəsait yoxa çıxmışdı. Bu, ölkə iqtisadiyyatını daha da çətin durumu saldı, hökumətin istefası ilə sonuclandı.
Beləliklə, Sandu hökumətinin istefasından sonra Moldovada hakimiyyət Sosialistlər Partiyasına keçib. Onu isə qeyri-formal olaraq İqor Dodon, eləcə də, parlamentin spikeri Zinaida Qreçanaya təmsil edir. Sosialistlərin fraksiyası parlamentdə ən çoxsaylı deputatla təmsil olunsa da, bu amil təkbaşına hökuməti təmsil etməyə imkan vermir. Yayda hazırkı parlament seçildikdən sonra sol və sağyönümlü deputatlar yeni hökuməti təşkil etdilər. Onların da məqsədi 2009-cu ildən hakimiyyətdə olan oliqarxik rejimi dağıtmaq idi. Ölkənin sahibi Demokrat Partiyasının lideri Vladimir Plaxotnyuk idi. O, hakimiyyət dəyişikliyindən sonra ölkəni tərk etdi. Hakim koalisiyanı isə ABŞ, Avropa İttifaqı və Rusiya dəstəklədi. Öz məqsədinə çatandan sonra gözlənildiyi kimi, sosialistlər və ACUM blokunun (lideri Mayya Sandu) mövqelərində fikir ayrılıqları yaranmağa başladı. Koalisiya daxilində ziddiyyətlərin artdığını elə liderlərin fəaliyyətlərində də hiss etmək mümkün idi: Dodon Moskvada Avrasiya İqtisadi İttifaqının iclaslarına qatılır, Sandu isə vəd etdiyi kimi, Rusiyaya səfər etmədi, eləcə də, MDB dövlət başçılarının sammitinə qatılmadı. Bundan əlavə, Sandu Kiyevlə Dnestryanı bölgənin Moldova-Ukrayna sərhəd ərazilərində nəzarətin gücləndirilməsi barədə razılıq əldə etdi. Eləcə də, Mərkəzi Banka Dnestryanı bölgənin iqtisadi aktivlərinin dondurulması barədə tapşırıq verdi. Bununla da tanınmamış respublikanın ixracına ciddi zərbə vurmuş oldu. Bu məhsullar da əsas etibarilə Avropa İttifaqı və Birləşmiş Ştatlara ixrac olunurdu. Dodon isə əksinə, Tiraspolla münasibətləri bərpa etməyə çalışırdı. Sosialistlər bunu onunla əsaslandırırdılar ki, sonradan Moskvadan bu ərazilərin Moldovaya qaytarılmasına nail olacaqlar. Sandu hökuməti isə heç bir halda bu planı qəbul etmirdi və bu da gərginliyi artırırdı. Gərginlik həm də rumın vətəndaşı olan Sandunun ölkənin Rumıniya ilə birləşməsini ortaya atması ilə artmaqda idi. Rusiya nəşrləri və ekspertləri bildirir ki, Sandu hökumətinə heç bir halda Dnestryanı istiqamətdə uğur əldə olunması lazım deyildi. İndi isə vəziyyət dəyişdiyindən, artıq separatçılar Moldova banklarındakı hesablarının dondurulmasının aradan qalxdığına ümid edə bilərlər. Belə olan halda son günlərə qədər yerində addımlayan Dnestryanı münaqişənin nizamlanması ilə bağlı danışıqlar yenidən aktivləşə bilər. Buna 5+2 danışıqlar formatının iştirakçıları (Moldova, Dnestryanı bölgə, Rusiya, Ukrayna, ATƏT və müşahidəçilər, eləcə də ABŞ və Avropa İttifaqı) razıdır.
Artıq keçmiş baş nazirə çevrilmiş Sandu bəyan edib ki, ACUM blokunu yaradan partiyalar mübarizəni küçələrdə deyil, barrikadalarda davam etdirəcək: "İndi bizlər dövlət institutlarını ələ keçirməyə çalışan və onun başı üzərindən asılan növbəti təhlükədən yaxa qurtarmalıyıq”. O, səsvermənin nəticələrinə toxunaraq, demokratik Partiya ilə Sosialistlər Partiyası arasında işbirliyinin qurulduğunu bildirib. Sandu səsvermə ərəfəsində vətəndaşları xəbərdar edərək bildirmişdi ki, əgər hökumətin istefası yaşanarsa, onda Qərb tərəfdaşlarından yardım almağa ümid etməsinlər. Bəlli olur ki, onun ehtiyatlanmağı əsassız deyilmiş. Avropa İttifaqı da Moldovada hökumətin olmaması səbəbindən islahatların gələcəyindən narahatdır. Bu barədə Aİ-nin xarici siyasi xidmətinin rəsmi nümayəndəsi Mayya Kosyaniç bildirib.
Hazırda prezident Dodon üçün də mürəkkəb vəziyyət yaranıb. Belə ki, o, Aİ və ABŞ-ı Moldovanın Aİ-yə yönəlik siyasətdən əl çəkməyəcəyinə inandırmalı olacaq. Ən əsası, ədliyyə sahəsində islahatları davam etdirəcək.
Moldova KİV-ləri yazır ki, yeni hökumətə prezidentin müşaviri İon Kiku rəhbərlik edə bilər. İstənilən halda kimin namizəd olacağından asılı olmayaraq, bu şəxs İqor Dodon tərəfindən razılaşdırılacaq. Beləliklə, Kişinyov meri vəzifəsini ələ keçirən sosialistlər, hökumət başçısı postuna da nəzarəti ələ alacaqlar. 2014-cü ildən prezident olan Dodonu müdafiə edən Moskvaya hazırkı vəziyyət sərf edir. Lakin hakimiyyətin bir əldə cəm olunması iyun ayından formalaşan və onsuz da kövrək olan geosiyasi konsensusu dağıda bilər. Moldovaya maliyyə yardımını bərpa edən Aİ, artıq Sandu hökumətinin istefa qərarını ölkədəki islahatlar üçün həyəcanlı adlandırıb.
Son məlumatlara görə, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də Kişinyova gedib. Bunu jurnalistlərə açıqlamasında Moldova prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Ernest Vardanyan deyib. O, Saakaşvilinin ölkədəki böhran zamanı Kişinyova gəlməsinin təsadüf olmadığını bildirib. Saakaşvili Sandu hökumətinə dəstək verib və ona təcrübəsi ilə yardım etməyə hazır olduğunu söyləyib.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər