• cümə, 29 Mart, 12:01
  • Baku Bakı 14°C

HİSSLƏR VƏ SÖZ - MASAOKA SİKİNİN HAYKU NƏZƏRİYYƏSİ

31.05.16 10:45 1962
HİSSLƏR  VƏ  SÖZ - MASAOKA SİKİNİN HAYKU NƏZƏRİYYƏSİ
Masaoka Sikinin önəm verdiyi hisslər, özü hesab etdiyi kimi məhz aydın, dəqiq təəssüratlardan doğulur. O, syasey (Çin sözü olan "seşen"dən götürülüb, rəssamlıqda metod adıdır) metodunun mütləq elementi olan təəssüratın aydınlığını, klassik yapon poeziyası yodzyo ilə qarşı-qarşıya qoyur. "Yodzyo - bol emosiyonal məzmun, başqa sözlə desək, şeirdə süjet və hadisələrin gedişi, poetik obrazlılıq simvolikası və leksik şərtlər altında yaranan assosiativ mətnaltıdır. Şeir sahəsinin məhdudlaşdırılması ilə şərtləndirilmiş bu suqqestiv (təqlid edilən) ifadə forması orta əsrlərdə mikraformanın (tanka, hayku) ayılmaz elementi oldu”. Masaoka Siki hayku poeziyasında başqa obrazlarda mətnaltının olmağından narazı idi. Bu mətnaltılar obrazlara o qədər bağlıdır ki, ayrılıqda yox, yalnız doğurduqları assosiasiyalarla birlikdə qəbul olunur, anlaşılırlar. Uenodakı çay məclisləri evində şagirdi Takaxama Kyosi ilə hayku haqqında söhbət edən şair, keçmiş assosiasiyaların müasir poeziyada (söhbət XIX əsrin sonuncu onilliyindən gedir) mexanizmi barəsində fikrini demişdi: yuqao gülləri (sarmaşıq, axşamçağı açılan güllər) oxucu şüurunda mütləq şəkildə X əsrə aid, müəllifi məşhur Murasaki Sikibu olan "Şahzadə Qendzi haqqında əhvalat" romanının xanım qəhrəmanı - Yuqaoun sevgilisi şahzadə Qendzi ilə bağlıdır. Masoka Sikinin fikrincə, hayku "mədəniyyəti", ilkin obrazlar üzərində - təbiət, dünya, insan obrazları üzərində ikinci dəfə yarımçıq qurulanları, yüziliklər boyu oturuşmuş "mədəni” assosiasiyalarla yox, müasir, yeni, lakin həm də sanki ənənələr axarında olanlarla əvəz etmək lazımdır. Belə poetik ənənələrə uyğun olaraq yağan qar kədərə bağlı idi, Yeni dövrün şairi Xagivara Sakutaro (müharibəyəqədərki Yaponiyanın ən yaxşı şairi) isə XX əsrin 20-ci illərində yazdığı şeirlərindən birində qarı, bütün evinə səpələdiyi tütün külü ilə əvəz etdi. Bu obraz Masaokanın ölümündən bir müddət sonra yarandı. Lakin onun üçün bu, yəqin ki, "müasir kədərin" ideal ifadəsi olardı.
Şair və oxucuların düşüncəsində artıq formalaşmış mədəni ortama sanki refleks yaranır. Və hayku şeiri təbiətlə əlaqənin nəticəsi yox, real dünyanın bütün xırdalıqlarınadək ifadə olunmuş poetik xatirələrin nəticəsinə çevrilir. Poeziyaya bu cür baxış artıq XII-XIII əsrin şeirlərində də öz əksini tapmışdır. Məşhur şair - poetik təxəllüsü Teysi Kikay olan Sayqyo Myoenin (1173-1232) şagirdi yazmışdı: "Mənim poeziyaya digərlərindən fərqlənən öz baxışım var. Bəzən gülləri, ququ quşunu, ayı - bir sözlə dünyanın bütün hallarını yazıram, lakin əslində, bu ancaq görünən - gözlərə asılan, qulaqlara dolan tərəfdir. Bizim yazdığımız şeirlər məgər əsl sözlərdir? Güllərdən yazanda əslində onların gül olduğunu heç düşünmürsən. Aydan yazanda ayı düşünmürsən. Biz ancaq istəyimizin, bizə maraqlı olanların oxşarını yaradırıq". Bir çox traktatlarında Masaoka Siki qədim yapon ədəbiyyatı üçün daha çox dünyanın subyektiv görüntüsünün səciyyəvi olduğunu yazırdı. Keçmiş zamanlarda insanlar öz hisslərini və gözəllik qarşısında keçirdikləri gizli düşüncələrini daha açıq şəkildə ifadə edirdilər. Hayku janrının inkişafı şairə subyektiv gözəllikdən - hiss, duyğu, xatirələrdən, bizi əhatə edən dünyanın obyektiv gözəlliyə keçməyi ilə müşahidə olunur.
GÖRÜNƏN NƏSNƏLƏR
Yeni dövrün hayku müəllifləri keçmiş dövr ustadlarından fərqli olaraq, emosiyalarını birbaşa yox, gördükləri nəsnələr ("görünən nəsnələr") vasitəsi ilə ifadə edirlər. Onlar nəsnələrin daha dərin məğzini ifadə etməyə can atır və buna mürəkkəb üsulla - dünya mənzərələrinin obyektiv yaradılması ilə müvəffəq olurlar. "Onlar gördükləri nəsnələri təsvir edir və bu təsvirlər hisslər oyadır... Obyektivlik məhz bu cür insan hisslərini idarə edir" (Masaoka Siki). Masaoka Siki üçün "həqiqi obyektivlik" dünyanın və insanın son dərəcə dəqiq, "detallı" təsviridir. Ancaq həqiqi, obyektiv ifadə olunanlar əsl, doğru hisslər oyada bilər; "görülmüş nəsnədən" hissə gedən yol çox mürəkkəbdir. Müəyyən kontekstdə verilmiş ancaq elə "görülmüş nəsnə" adı, onun "əsl" təsviri, əlaqələri oxucuda dəqiq proqramlaşdırılmış hisslər oyadır. Bununla yanaşı təsvir olunanlarla əlaqədar şairin özünün keçirdiyi hisslərsə, "kadr arxasında" qalır. Lakin buna baxmayaraq onlar oxucuya tamamilə aydın və şəffafdır. Şairin "obyektiv gözəllikdən” doğan hissləri hayku mətnində kiçik bir yer tutmaqla öz əksini tapa bilər. Masaoka Siki yazır ki, "ya", "kana" nida hissəciklərini hisslərin ifadəsi kimi qəbul etmək lazım deyil. Onlar adətən hecaların say hesabını (5-7-5) qaydaya salmaqdan ötrü istifadə olunur. Və heç bir emosional yük daşımır.
Masaoka Siki yazır ki, subyektiv şeirlərdə şair obyekti təsvir etmir, ancaq "gördüyü nəsnələrin təxəyyülünə” əsaslanır. O, Busonun şeirlərini çox yüksək dəyərləndirirdi və buna görə də fantaziyaları rədd edərək, obyektiv gözəlliyi "həqiqi mənzərələrdə” və "səmimi rəsmlərdə" təsvir etməyi bacarırdı. Masaoka Siki hesab edirdi ki, ənənəvi janr neqativlikdən pozitivliyə, subyektivlikdən obyektivliyə doğru hərəkət edir. Bununla yanaşı, özünəməxsus bir sintezi də ehtimal edirdi: neqativ gözəlliyin elementləri pozitiv gözəllik mühitinə keçir və ya əksinə.
Bi gözəlliyi "Xototoqisu” məktəbinin şairləri üçün iki kateqoriyaya – "insan gözəlliyi” və "təbiət gözəlliyi” - "səmavi və yer gözəlliyi” kateqoriyalarına bölünür. Şair insanı təbiətlə üzbəüz qoymaqla başqa kateqoriyaları da üz-üzə qoyur: aktivlik və sakitlik, çətinlik və sadəlik, hərəkətlilik və susqunluq. Və bu nəticəyə gəlir ki, haykuda sakitliyi (təbiət) təsvir etmək, dinamikliyi təsvir etməkdən (insan və onun işləri) daha asandır. Haykunun əsas mövzusu təsadüfdən təbiət deyil; mənzərə dağlara, meşələrə, sellərə "yazılan” insanı qucaqlayır. İnsan təbiətin orqanik hissəsidir.
"Qəliz” və "aktiv” nəsnə və hadisələr çox nadir hallarda hayku predmeti olmuşdur. "17 hecalıq kiçicik dünyaya hər hansı bir dağı, seli, çəməni, ağacı yerləşdirmək çox çətindir; bu hüdudlar daxilində kiçildilmiş ölçülərlə insanların (dünyanın) təsvir edilməsi, çətindən də çətin bir işdir”.
Rus dilindən tərcümə edən: Xanım AYDIN
banner

Oxşar Xəbərlər