Hindistan səfiri ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşüb
Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Sanjay Rana Azərbaycan Dillər Universitetində (ADU) həyata keçirilən
yeni "Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb.
Öncə ADU-nun Tədris işləri üzrə
prorektoru, professor Əfqan Abdullayev səfiri universitetdə görməkdən məmnunluğunu
bildirib. Hindistan səfirliyi ilə ADU arasında çox sıx və faydalı əməkdaşlığın
mövcud olduğunu deyən professor tələbələrin bu görüşdən zövq alacaqlarına əminliyini
ifadə edib.
Səmimi qəbula və qonaqpərvərliyə
görə təşəkkürünü bildirən səfir S.Rana rəhbərliyin səfirliklə universitet
arasındakı əlaqələrin inkişafına dəstək və qayğısını yüksək qiymətləndirib. Səfir
"Mahatma Qandi: Həqiqət və qeyri-zorakılıq carçısı” mövzusunda məruzə ilə çıxış
edib. O, öz çıxışında M.Qandinin həyatının ilk illəri, Cənubi Afrikadakı fəaliyyəti,
onun Hindistanın müstəqillik mübarizəsində, "Duz yürüşü”ndə və "Hindistanı tərk
et” hərəkatındakı rolu, Hitlerə məktubu haqqında ətraflı məlumat verib.
M.Qandinin fəlsəfi düşüncələri, "Qandinin talismanı” haqqında danışan səfir
onun "Qeyri-zorakılıq-Ahimsa” və "İstədiyin dəyişiklik ol!”
ideyalarından bəhs edib. Səfir M.Qandinin mülki itaətkarlıq və bəşər
qarşısındakı xidmətlərindən də söz açaraq onun təhsil haqqında fikirlərini tələbələrin
diqqətinə çatdırıb.
Görüş tələbələri maraqlandıran
sualların cavablandırılması ilə davam edib. Fəallıq göstərən tələbələrə səfirlik
tərəfindən kitab hədiyyə olunub.
Sonda səfir S.Rana ADU-nun xatirə
dəftərinə ürək sözlərini yazıb.
Qeyd edək ki, universitetdə "Səfir
saatı” adlı yeni klub yaradılıb. Bu layihənin məqsədi ADU-ya gələn səfirlərin təkcə
müvafiq mərkəzlərlə deyil, digər strukturlar ilə də əlaqələrinin qurulması və
onların universitetdə mühazirələrlə çıxış etməsini təmin etməkdir. Hindistan səfirinin
mühazirəsi bu layihə çərçivəsində həyata keçirilən ilk tədbirdir.