• cümə, 29 Mart, 14:15
  • Baku Bakı 14°C

Hikmət Şikarov: 1969-cu il 14 iyul milli özünüdərkin və özünəqayıdışın başlanğıcıdır

12.07.19 14:45 8586
Hikmət Şikarov: 1969-cu il 14 iyul milli özünüdərkin və özünəqayıdışın başlanğıcıdır
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin mənafeyinə xidmət edib, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərib. Bu gün daha çox Ulu Öndərin müstəqillik dövründə Azərbaycana rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Lakin unutmaq olmaz ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də böyük dövlət xadimi milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb. Heydər Əliyev gələcək müstəqil dövlətin köklü əsaslarını hakimiyyətinin ilk dövründə yarada bilib. 1969-cu ildən başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək tərəqqisinin əsası olub. Bu baxımdan dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini təsvir etmək üçün mütləq mənada Onun hakimiyyətinin birinci dövrünə nəzər yetirmək lazımdır.
Bu sözləriAZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.
"1969-cu ildə Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsi ilə respublikanın tarixində böyük dönüş dövrünün əsası qoyuldu. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Ulu Öndər hələ o zaman qurmağa başlayıb. O dövrdə Azərbaycan Sovet müttəfiq respublikaları içərisində ən geridə qalmış respublikalardan biri idi. Sovet Azərbaycanında Heydər Əliyevin fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinə hesablanmışdı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı və bütün ömrünü doğma xalqına həsr etdi. Dahi dövlət xadimi kommunist rejiminin ağalığı dövründə xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni aparıb, Kreml rejiminin ağır təqibləri şəraitində xalqının çəkdiyi əzablara cavab olaraq Azərbaycanın gələcəyi naminə olduqca uzaqgörən və çox cəsarətli addımlar atıb. Məhz bu dövrdə - Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə xalq təsərrüfatının bütün sahələrində inkişaf başlandı. Sənayedə, kənd təsərrüfatında, mədəniyyət sahəsində, incəsənət, kino, teatr, rəssamlıq və digər sahələrdə də intibah dövrü başlandı. Bütün bunlar Heydər Əliyevin şəxsiyyəti, titanik fəaliyyəti, işgüzarlığı, dərin məntiqi, yüksək qabiliyyəti, intellektual səviyyəsi ilə bağlı idi”, - deyə H.Şikarov əlavə edib.
YAP Pirallahı rayon təşkilatının sədri deyib ki, 1970-1985-ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. Keçmiş SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərildi. Eyni zamanda, hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilirdi. Naxçıvanski adına hərbi məktəbin yaradılması buna sübutdur. Azərbaycanı özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək Heydər Əliyevin planlarının başında gəlirdi. Bütün bunlar göstərir ki, Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Ulu Öndər şəxsən özü başçılıq edirdi.
Azərbaycan qısa zaman ərzində ittifaq miqyasında iqtisadi-sosial baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu və 1969–1982-ci illərdə öz inkişafına görə sovet respublikaları içərisində birinci yerə keçdi. Bu isə sovet dövrü üçün çox böyük bir hadisə idi. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün əzəmətli quruculuq işlərinin böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX əsrin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə - yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.
"Bu gün ölkəmizdə qazanılan uğurların təməlində Heydər Əliyevin xilaskarlıq missiyası, ondan sonrakı dövrlərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyev Ulu Öndərin möhkəm təməl üzərində qurduğu həmin xətti uğurla davam etdirməklə Azərbaycanı ən uca zirvələrə yüksəldir. Uğurlarımızın bir-birini əvəzləməsinə baxmayaraq, dövlətimizin başçısı bildirir ki, biz daim irəliyə baxmalıyıq. Azərbaycanın artan iqtisad imkanları, siyasi mövqeyi, beynəlxalq aləmdə nüfuzu daha mühüm uğurlara yol açır. Beləliklə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji əhəmiyyətli milli siyasəti müasir dövrün tələblərinə və qanunauyğunluqlarına müvafiq qaydada davam etdirən Prezident İlham Əliyevin siyasi kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir”, - deyə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib.
banner

Oxşar Xəbərlər